Bəhram Bağırzadə xalqı necə dolayır? - TƏHLİL
Bakıda “lyuboy” oğlan xətrim istəyir…
Eyyub Yaqubov
Bizim Bəhram Bağırzadə yenə bir kişini dirəyib divara ki, bu xalqa nə məsləhət vermək istəyirsən? Adamın videoya çəkilməyinə etiraz etməsi Bəhram bəyin heç Qız Qalasına da deyil. Yumoru şil-şikəst qoymuş Əməkdar artistimiz öz ampluasındadır. Harda yetim-yesir görsə kameranı dirəyir sifətinə ki, xalqa nə məsləhətin var. Əlbəttə, hamımız yaxşı bilirik ki, o həmin insanlara yuxarıdan aşağı baxır, ələ salır.
“Planet Parni iz Baku”nun tənəzzülündən sonra Bəhram müəllim həyatın bütün düymələrinə basıb ortaya bir şey çıxarmaq istəyir. Gah kitab yazır, gah yutuber, gah videobloqer, gah da tiktoker olur. Özü də yaxşı bilir ki, “Planet Parni iz Baku” yumoru köhnəlib və istifadəyə yararsızdır. Lap yaxşı, bunu düz bilir. Bəs niyə “Planet Parni iz Baku”dan xatirə qalmış yumorunu hər yerə dürtüşdürməyə çalışır? Bir vaxtlar İnstaqramın “kəşf et” bölməsi Bəhram Bağırzadənin videolarından ibarət idi. O dövr də keçdi, köhnəldi, indi üz tutub TikToka. Yəqin öz sevimli izləyicilərinə “ekrana tıklayın” da deyir.
Bəhram Bağırzadə bizə uyğunlaşa bilmir, çünki o rus elitasının aşiqidir. Bizim kimi “azik”lər onda ikrah doğurur. Əmin ola bilərsiniz ki, Bəhram bəy aşiq olduğu, qismən də mənsub olduğu elita ilə daha etik, təmiz davranır, naftalin iyi gələn yumorunu həmin masalara təqdim etmir.
İnsanların şüurunda bakılı kimi formalaşmış Bəhram Bağırzadə heç əslən bakılı da deyil. Elə bu söhbəti hər yerdə danışsa, yaxşı yumor çıxardı. O isə bu ironiyadan məharətlə istifadə edə bilmir, çünki yumoru kimi ciddi fikirləri də köhnəlib. Bəhram bəy əlinə mikrofon keçən kimi Bakının daşlaşmış adət-ənənələrini, mənasız böyük-kiçik, qədeş, təsbeh, tin söhbətlərini xatırlayır, onların aradan getməsinə görə guya kədərlənir.
O istəyir ki, biz hamımız aerodrom papaqla gəzək. Qadın görəndə papağı gözümüzə soxub gedib gizlənək. Belə olanda “ponyatkalı cayıl” olursan. Bəhram müəllim, deyin görüm, mənsub olduğunuz elitada da bu şeylərdən danışırsınız? Onlara da belə şeyləri məsləhət görürsünüz? Məntiqlə bu mümkün deyil. Əgər aid olduğunuz yerdə sizi özünüz kimi qəbul etmirlərsə, xahiş edirik, gəlib acığını bizdən çıxmayın. Bizi özümüz kimi qəbul edin. Biz daha taksidə oturanda güzgünü o biri tərəfə döndərməyəcəklər. Küçədə qızla gəzəndə gəlib, “ala, çujoy, bir də bu tərəfə fırlanma!” deməyəcəklər. Əl çəkin.
Bəhram müəllimin uşaqlar üçün yazdığı kitablar da aid olduğu elitanın dilindədir. O kitabları birinci rus dilində çıxarır, sonra yadına düşür ki, “ala, bakılılar azərbaycanlıdır axı”. Beləcə, həmin kitabı Azərbaycan dilində hazırlayır. Onu da başa düşmək olar, “для детей” ifadəsi “uşaqlar üçün” ifadəsindən daha mədəni görünür. Uşaqlar deyəndə Bəhram Bağırzadənin yadına Sovetskidəki tin uşaqları düşür, ona görə.
Prezidentin mədəniyyət xadimləri ilə görüşü zamanı Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevın heykəlinin ucaldılmasını xahiş etmişdi. Bəhram Bağırzadə üçün tək problem Hacı Zeynalabdin Tağıyevin heykəlinin olmaması imiş. Problem həll olundu Bəhram bəy, sizin ucbatınızdan Tağıyevin təsbehini də qırdılar.
Bir ara Bəhram bəy Bakının icra hakimi olmaq istəyirdi. Sonra nə oldu, nə olmadı, fikrini dəyişdi. Gördü ki, tiktoker, videobloqer, rusca kitab yazarı olmaq daha sərfəlidir. Deyəsən, ağlına batdı ki, Bakının meri olsa küçələri yenə su basacaq, onun ölənlərinin goruna rəhmət oxuyacaqlar. Ona görə də merliyi büküb qoydu bir qırağa.
Ümid edirik ki, o biri mənasız xəyallarını da bir kənara qoyar, yaxamızdan düşər. Bezdik, Bəhram bəy! Gülməli deyilsiniz! /kulis.az/