Xalq artisti 30 il sonra Ağdamda: “Məzarının üstündə diz çökdüm”
Xalq artisti, Dövlət Akademik Musiqili Teatrın aktrisası Fatma Mahmudova 30 il sonra işğaldan azad olunan Ağdama səfər edib. Aktrisa doğma torpağında Su çərşənbəsini qeyd edib. Bir zamanlar yaşadığı evini, böyüdüyü məhəllələrini darmadağın görən Fatma Mahmudova göz yaşlarını saxlaya bilməyib.
Aktrisa Qaynarinfo-ya müsahibəsində səfərdən qayıdandan sonra səhhətinin pis olduğunu deyib.
- Xəstələnmişəm, özümü yaxşı hiss etmirəm. Ürəyimdə problem vardı, Ağdama səfərdən sonra vəziyyətim daha da pisləşib. Mənim kəndim- kəsəyim Ağdamdır. Axır ki, 30 ildən sonra Ağdamı gördüm. Ora gedib ziyarət edib gəlmişəm, amma dözə bilmirəm. Torpaq insanın balasıdır. Elə bil ki, balanı qoyub getmisən və 30 ildən sonra gəlib balanı tanınmaz halda görürsən. Torpağımı gördüm, şəhidləri ziyarət etdim. Onların hamısının ruhu qarşısında baş əyirəm. Donmuşam. İnsan torpağı qarşısında donarmış.
- Məhlənizdə çəkiliş aparmızınız?
- Yox, çəkilişi televiziya aparıb. Məni vətənimə televiziya aparıb, özü də dövlət xətti ilə. Qanun hamı üçündür. Dövlətimə, Prezidentimə canım qurban. Dövlətdən icazəsiz torpağa ayaq basmaq olmaz. Ona görə ki, o torpaqlarda mina var, hələ tam təmizlənməyib. Hər an hər şey ola bilər. Yeridikcə ayağımı basmağa belə qorxurdum, adam bilmir ki, bu addımı atanda onu nə gözləyir. Əhvalım pis olduğundan, özümü pis hiss etdiyimdən qarış-qarış, istədiyim yerləri gəzə bilmədim. Harda ki, mənim xatirələrim vardı, oraları yaxşı görə bilmədim.
– Evinizi necə, tanıdınız?
- İki çinar ağacı vardı... Onu gördüm... Yaxşı ki, teatrın sütunları dururdu. Teatrın sütunlarından tanıdım ki, bu mənim evimdi. Daşa, qayaya dönmüşəm, qurumuşam, iştahım da qalmayıb. Nə deyim, nə danışım? Özümə görə yaşım var, cavan deyiləm, baxma ki, səhnəyə çıxıb oynayıram. Bəlkə də bu üzdən də özümü yaxşı hiss etmirəm. Allah Prezidentimizi qorusun, Allah ordumuzun canını sağ etsin. İstəyirdim ki, orada yatıb qalam. Ağdamın xarabalığına, dağılmış daşlarına, ot basmış, tanınmaz yollarına da qurban olum. Nə deyim, nə danışım. Bir adamı döyürlər, işgəncə verirlər, sifəti elə günə düşür ki... Onun ya əlindən, ya da hansısa nişanəsindən ata-anası güclə tanıyır. Mən də Ağdamımı, evimi belə tanıdım. Yaxşı ki, teatrın nişanəsi orada qalmışdı. Pəncərəmin ağzında bir çinar ağacı vardı, ondan tanıdım. Baxdım ki, bizsiz qalan çinar da qocalıb. Evim yerlə yeksan idi. Onun yaralı ruhuna canım qurban. Getdim, gördüm. Müharibə başlayanda hərbiçilərin qarşısında, səngərlərdə öz sənətimlə çıxışlar etmişəm. Nə qədər lazımdırsa, borcumu vermişəm. Bir-ikisi yazır ki, "siz döyüşdə olmusunuz ki”? Nə bilirsiniz olmamışam. Niyə ağzınıza gələni yazırsınız? Mənim həyat yoldaşım Tofiq Qarayev milli orduda vuruşub. Mən də 1989-cu ildən 1998-ci ilə kimi teatrda işləyə-işləyə səngərlərdə, haramı düzündə keçirilən tədbirlərdə döyüşçülərə öz xidmətlərimi etmişəm. Bir balaca da olsa, boş vaxtlarında fikirlərindən ayırmışam, onlara gülüş bəxş etmişəm. Qızım Nigarın mən əsgərlərin qarşısında səngərlərdə iştirak edəndə 6 yaşı vardı. 1991-ci ildə erməniləri mina qoyub partlatdığı aftobusda ağır yaralanmışam. Çox şey var, amma əsas odur ki, torpağımız alınıb və biz qalib gəlmişik. Bütün bunlar Ali Baş Komandanımızın, müzəffər ordumuzun və canların fəda edən şəhidlərimizin sayəsində olub. Mən şəhid analarının qarşısında baş əyirəm. Allah qazilərə can sağlığı versin, şəhidlərə də Allahdan rəhmət diləyirəm. Mənə yazırlar ki, ağdamlısan, niyə yerində oturmursan? Yerim var ki, oturam da? Allah onların da canını sağ eləsin. Amma bunu yazanda heç olmasa bir az vətən-torpaq dərdi çəksinlər.
- Milli qəhrəman Allahverdi Bağırovun qəbirini ziyarət etdiniz?
- Etdim. Onun məzarının üstünə xonça qoyub, diz çökdüm. Torpağını, elini, yurdunu sevən bir oğul itirmişik. Allahverdi Bağırovun qəbirini ziyarət etmək bir insan, bir sənətkar kimi mənim borcum idi. Doyunca ağladım, ürəyimi boşaltdım, sonra da onun qəbirinin üstünə bayraq asdım.