Şənbə-bazar və iş saatından kənar əmək fəaliyyətinə məcbur edilən vətəndaşların NƏZƏRİNƏ
Dövlət Əmək Müfəttişliyi Xidməti 2021-ci ildə vətəndaşlardan daxil olmuş 13 145 ərizəni, müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 7 604 məktubu araşdıraraq cavablandırıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məlumat verilib.
Ölkədə iş günlərindən və iş saatlarından kənar vaxtda əmək fəaliyyətinə məcbur edilən əməkdaşlar tərəfindən daxil olan müraciətlərlə bağlı Nazirlikdən bildirib ki, bu kimi halların qarşısının alınması üçün 4 269 vətəndaş fərdi qaydada qəbul edilib və müxtəlif mövzularla bağlı ərizə, şikayət və sorğular araşdırılıb:
“Bu tədbirlər çərçivəsində işəgötürənlərin və işçilərin müvafiq mövzuda maarifləndirilməsi işləri aparılıb. Həmçinin, iyul ayından etibarən Xidmət işəgötürənlərlə əlçatanlığı, açıqlığı təmin etmək, maarifləndirmək məqsədi ilə onlayn görüşlərə başlayıb. İlin sonunadək keçirilməsi nəzərdə tutulan 30 tədbirin hər biri uğurla baş tutub. Tədbirlərdə 2000-dən çox işəgötürən və onun nümayəndəsi iştirak edib”.
Qeyd edilib ki, hüquqları pozulan işçilər ilk instansiya olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilər.
“Qurum daim səlahiyyətləri daxilində işçilərin hüquqlarını qorumağa çalışır”.