“Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb
Sosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən “Nar”, "Radio Antenn" 101 FM-lə birgə “Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Azərbaycan ədəbiyyatının seçmə nümunələri tanınmış aktyorlar, qiraət ustaları tərəfindən səsləndirilib xüsusi elektron daşıyıcılara yazılacaq. Eyni zamanda, bu əsərlər “Radio Antenn” 101 FM-in canlı efirində səsləndirilir. Layihənin əsas məqsədi Azərbaycan və dünya ədəbiyyatının ən məşhur simalarının həyatı, əsərləri haqqında maraqlı məlumatlar, həmçinin əsərlərindən seçmələr verməklə bədii ədəbiyyatı hər kəs üçün əlçatan etməkdir.
Bu layihənin dəstəklənməsinin əsas səbəblərindən biri də görmə məhdudiyyətli insanların mütaliəsi üçün Azərbaycan dilində audio kontentin məhdud olmasıdır. Layihə başa çatdıqdan sonra bütün səsyazılarının flaşkardlar vasitəsilə kitab oxumaqda çətinlik çəkən şəxslərə paylanması nəzərdə tutulur. Bununla da, görmə məhdudiyyətli insanlar üçün audio kitabxananın əsası qoyulmuş olacaq.
Qeyd edək ki, proqramı həftəiçi beş gün saat 10:00-dan 12:00-dək "Radio Antenn" 101 FM-in yayımında dinləyə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.