Avropadakı “sapı özümüzdən olan baltalar”ın xəyanəti
Fəzail Ağamalı: “Onların bu hərəkətləri lənətlənməlidir”
Mayın 13-də Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitində iştirak etmək üçün Brüsselə səfər edən ölkə prezidenti İlham Əliyev orada yüksək səviyyədə qarşılanıb. Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız dövlət başçısına dəstək aksiyası keçiriblər.
Aksiyada “Cənab prezident, Avropaya xoş gəlmisiniz!”, “Cənab prezident, sizi salamlayırıq!” və sair şüarlar səsləndirən soydaşlarımız Azərbaycan dövlətinin başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər. Aksiya iştirakçıları bundan sonra da Prezident İlham Əliyevə daim dəstək olacaqlarını bildiriblər.
İ.Əliyevin uğurlu Brüssel səfəri Avropadakı anti-Azərbaycan dairələrin yuxusunu ərşə çəkib. Ənənəvi olaraq, bu dəfə də “sapı özümüzdən olan baltalar”dan istifadə olunub. Belə ki, Hollandiyada yaşayan siyasi mühacir Orduxan Teymurxan və özündən əlavə 2-3 nəfər sammitin keçirildiyi binanın qarşısında Azərbaycan prezidentinə etiraz əlaməti olaraq aksiya keçirməyə cəhd ediblər. Bu da bir daha milli hissləri olmayan, şəxsiyyətlərini hərraca çıxaran Orduxan tipli insanların Azərbaycan dövlətinə və millətinə düşmən münasibətini ortaya qoyub. Xaricdəki 3-5 nəfər bu cür “insancıqlar”ın erməni diasporundan və ermənilərin maliyyələşdirdiyi qurumlardan qrantlar aldıqları zaman-zaman sübut olunub. Aksiya kadrlarından göründüyü kimi, bu şəxslər milli hissləri ümumiyyətlə olmayan, savadsız, əxlaq normalarını itirən, ləyaqət anlayışını tamam unudan insanlardır. Bunlar anti-Azərbaycan dairələrindən aldıqları qrantların müqabilində xaricdə diasporamızın və ölkəmizə bağlı qurumların erməni işğalına son qoymaq üçün gördükləri işləri bu cür yollarla zəiflətməyə çalışırlar. Onlar Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsindən, dövlətimizin uğurlarından qıcıqlanan və narahat olan ermənilərin sifarişlərini yerinə yetirməklə özlərini sözün əsl mənasında milli xəyanətin zirvəsinə çıxarıblar. Əgər belə olmasaydı, xalqımız və dövlətimiz üçün böyük əhəmiyyət kəsb edən sammitdə Azərbaycanın mövqelərini zəiflətmək, eləcə də Avropa İttifaqı ilə bağlanacaq əməkdaşlıq sazişi öncəsi bu cür xəyanətkarlıq etməzdilər. Burada ən öndə dövlət maraqları gəlir ki, bundan da Orduxan kimilər xəbərsizdir.
3-4 nəfərin belə aksiya təşkil etməsi şübhəsiz ki, onların iddialarının kimlərsə tərəfindən dəstəklənmədiyi anlamına gəlmir. Bu adamlar hakimiyyətə deyil, Azərbaycan dövlətinə və xalqına qarşı düşmən münasibətini artıq gizlətmirlər və pərdələməyə çalışmırlar.
fÉzail aÄamalı ile ilgili görsel sonucu
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı öncəliklə sammitdən danışdı: “Cənab prezidentin Brüssel səfərini çox yüksək qiymətləndirirəm. Bu səfər bir daha sübut edir ki, Azərbaycan Avropa İttifaqı üçün çox önəmli bir tərəfdaşdır. İttifaqın Şura prezidentinin ölkəmiz barədə demiş olduğu xoş sözlər konyunktura deyil. Bu vəzifə kifayət qədər yüksək post sayılır və ittifaqı daxil olan ölkələrin prezidenti statusunu daşıyır. Uzun illərdir Azərbaycanın birliklə və birliyə daxil olan ölkələrlə qurduğu yüksək münasibətlər getdikcə öz bəhrəsini verməkdədir, bundan sonra da verəcək. Bəlli olduğu kimi, Azərbaycanla ittifaq arasında sazişin imzalanması gözlənilir. Ümidvaram ki, bu da yüksək səviyyədə öz həllini tapacaq. Digər tərəfdən, Avropa İttifaqına tərəfdaş olan ölkələrin və qurumun şura prezidentinin iştirakı ilə mətbuat, tarix üçün çəkilən şəkillərin sıralanmasına fikir versək, birmənalı şəkildə görmək olar ki, Azərbaycan Avropa İttifaqı Şurasının prezidentinin yanındadır. Bəzi ölkələrin rəhbərləri, o cümlədən Ermənistanın baş naziri arxa sırada idi və heç görünmürdü. Bunun özü də çox ciddi bir mesajdır. Hər bir atılmış addımın, deyilən sözün, qarşılanmanın, çəkilən birgə şəkillərin hər birinin detalı ciddi mahiyyət, mesaj daşıyır. Buradan çıxarılan nəticə birmənalı şəkildə sübut edir ki, ölkə prezidenti Avropa məkanında siyasi liderlər içərisində böyük nüfuza malikdir. Bu bizim üçün böyük bir şərəfdir. Azərbaycan prezidenti dövlətimizi təmsil edir. Deməli, Azərbaycanın özü ittifaq üçün önəmli dövlətlərdən biridir. Bu günə qədər Azərbaycan ittifaqa daxil olan, hətta daxil olmayan ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığı yüksək səviyyədə qurur, etibarlı bir tərəfdaş kimi özünü təsdiqləyir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynamış olduğu çox ciddi və əhəmiyyətli rol çox yüksək qiymətləndirilir. Bu da bizim üçün qürur mənbəyidir”.
Deputat ölkə rəhbərinə dəstək və etiraz aksiyasına da toxundu: “Ölkə prezidentinin Brüssel səfəri zamanı Avropanın müxtəlif ölkələrində yaşayan çoxsaylı soydaşlarımız Avropa İttifaqının iqamətgahı qarşısında vətənpərvərlik nümunəsi göstərərək, İlham Əliyevin səfərinə, ittifaqla aparılan danışıqlara dəstək mitinqi keçirdilər. Əllərində Azərbaycan bayraqları və ”Brüsselə xoş gəlmisiniz, cənab prezident" şüarları, plakatları ilə özlərinin vətənpərvərlik, vətəndaşlıq, dövlətimizə bağlılıq mövqelərini nümayiş etdirdilər. Onların hər biri böyük hörmətə layiqdir. Yeri gəlmişkən, onların hər birinə özümün çox dərin təşəkkürümü bildirirəm. İndi baxın, bunlarla müqayisədə 2-3 nəfər ortalığa çıxır. Azərbaycana heç bir dəxli olmayan, sadəcə olaraq, soyadı və adı, qohumları Azərbaycanda yaşayan, əməlləri, düşüncələri, davranışları, atmış olduqları addımlarla antimilli, anti-Azərbaycan mövqeyi nümayiş etdirən bu insanlar heç bir nüfuz sahibi deyillər. Onların heç biri siyasi mühacir də deyil. Bu insanlar Avropa məkanında lüks həyat yaşamaq eşqi ilə xaricə yollanan, ölkəmizi sevməyən anti-Azərbaycan qüvvələrinin çətiri altında yaşayan, onların diktəsi ilə hərəkət edən şəxslərdir. Onların ölkəmizə heç bir bağlılıqları yoxdur. Öz çirkin əməlləri ilə dövlətimizə, prezidentimizə hörmətsizlik etməyə çalışsalar da, buna nail ola bilməyəcəklər. Çünki onlar barmaqla sayıla biləcək insanlardır. İndi də bəlli olduğu kimi, etiraz aksiyasında 2-3 nəfər olub. Onlar ən azından xəcalət çəkməlidirlər ki, belə addımlar atırlar. Prezidentin siyasətindən narazı qalmaq olar, müxalifət olaraq prezidentin siyasətini qəbul etməmək də haradasa qəbul ediləndir. Amma Azərbaycanın bu gün və sabahı üçün ciddi əhəmiyyət kəsb edən prezidentimizin Brüssel səfəri, eləcə də Avropa İttifaqı ilə bağlanacağı gözlənilən saziş xalqımızın maraqlarına xidmət edən bir hadisədir. Bunu İlham Əliyev özü üçün deyil, xalqı üçün edir. Əgər doğrudan da onların qəlblərində zərrə qədər milli hiss olsaydı, xəcalət çəkib, görüntü naminə foto çəkdirib öz ağalarına nümayiş etdirməzdilər. Onların bu hərəkətləri lənətlənməlidir. Bu, Azərbaycanın mövqeyində durmaq deyil. Ermənilərin məqsədlərinə, maraqlarına, Azərbaycanı istəməyən qüvvələrə xidmət edən ucuz bir şoudur. Bu bizlərdə çox böyük təəssüf hissi doğurmaya bilməz. Belə hərəkətlər Azərbaycanı heç zaman məqsədlərindən geri döndərməyəcək. Dünyada ciddi nüfuz sahibi olan ölkəyik. Cənab prezident Azərbaycanın lideri kimi dünyada sözün həqiqi mənasında böyük iradəyə malik olan, yüksək intellekti özündə ifadə edən, sayılıb-seçilən, hörmətlə qəbul edilib yola salınan dünya liderlərindən biridir. Bu baxımdan Azərbaycanın hər bir vətəndaşı onun fəaliyyətini dəstəkləyərək, onunla fəxr edir. Allah dövlətimizi qorusun, prezidentimizi qorusun ki, bundan sonra da dövlətimizə, xalqımıza yeni-yeni uğurlar gətirsin. Allahın köməkliyi ilə biz bunların hamısının şahidi olacağıq".
Cavanşir ABBASLI,