Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)
Şamaxı şəhərində vətəndaşa məxsus avtomobil təmiri sexi onun razılığı və məhkəmə qərarı olmadan sökülüb.
Qaynarinfo xəbər verir ki, Xəzər Tv-yə danışan şikayətçinin sözlərinə görə, hadisə sentyabrın 20-dən 21-nə keçən gecə baş verib.
Obyekt sahibi Şakir Baxşiyev bildirib ki, təxminən 57-60 kvadratmetr sahəsi olan obyekti, tikinti işləri aparan "Turan Holdinq 2021" MMC tərəfindən sökülüb. Şikayətçi söküntü zamanı içəridə olan avadanlıqların da dağıdıldığını iddia edir:
Vətəndaş bildirir ki, ailəsini məhz bu obyekt hesabına dolandırıb və sexin sökülməsi nəticəsində gəlir mənbəyindən məhrum olub. Onun sözlərinə görə, mülkiyyət hüququnu təsdiq edən çıxarışı və digər sənədləri var.
Vətəndaşın qanuni obyektini özbaşına sökən şirkətin nümayəndəsi bildirib ki, söküntüdən iki-üç ay əvvəl vətəndaşa obyektin boşaldılması ilə bağlı məlumat verilib. Hazırda məsələ mülki mübahisə kimi məhkəmədə qiymətləndirilir. Amma şirkət nümayəndəsi yekun məhkəmə qərarı olmadan gecə ilə qanuni obyekti sökərkən nəyə arxayın olduqlarına aydınlıq gətirməyib.
Açıq mənbələrdə barəsində geniş məlumat olmayan “Turan Holdinq 2021” MMC 2021-ci ildə yaradılıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Katib Şamilov (Rəsulzadə Qəs.), nizamnamə kapitalı 10 manat və qanuni təmsilçisi Həsənov Nizami Firudin oğludur.