"Xəstə insan işə gəlməməlidir" — Adil Qeybulla
"Xəstə insan işə gəlməməlidir" — Adil Qeybulla
Havaların soyuması ilə birlikdə mövsümi xəstəliklərin yayılma riski də artır. Xüsusilə soyuq hava şəraitində immunitetin zəifləməsi və orqanizmin müxtəlif infeksiyalara qarşı həssaslığının artması halları baş verir.
Soyuq hava immunitetə necə təsir edir və insanlar özlərini xəstəliklərdən necə qoruya bilərlər?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında deyib ki, əgər insanlar soyuq havaya uyğun hərəkət etsələr, problem yaşanmaz:

"Amma soyuq havada geyim forması düzgün seçilmədikdə, həddən artıq kondisionerin altında oturduqda və ya yelçəkən yerdə qaldıqda orqanizmin soyuqlaması baş verə bilir. Təəssüflər olsun ki, bu cür hallarla çox rastlaşırıq. Nəticədə virusların fəallaşması, hər hansı soyuqdəymə xəstəlikləri adı altında ümumiləşdirilən yuxarı tənəffüs yollarının xəstəlikləri inkişaf edir. Bu da, gördüyünüz kimi, xeyli sayda insan arasında qripəbənzər əlamətlərlə müşahidə olunur. Həmişə payız vaxtı biz bunu müşahidə edirik".
Onun sözlərinə görə, insanlar xəstə-xəstə işə gəlir, digərlərini yoluxdururlar:
"Nəticədə bir şəhərdə, bir bölgədə hər yerdə bu situasiya özünü göstərir. Demək olar ki, hər il bununla qarşılaşırıq. Amma maska taxmaq, xəstə insanın işə gəlməməsi və ya işə gəlirsə, maska taxması kimi tədbirlərə əməl olunmasını müşahidə etmirik. Nəticədə də bu xəstəliklərin yayılması üçün şərait yaranır. Hesab edirəm ki, insanlar bütün bunlara düzgün yanaşsalar və məsələyə düzgün münasibət göstərsələr, bu cür problemlər mümkün qədər azalar".