azia.az
azia.az

Azərbaycandan Avropanın paytaxtında prinsipial mövqe

15-05-2019, 09:12

Ərazi bütövlüyü məsələsinin əksini tapmadığı yekun bəyannaməyə veto qoyuldu; Azərbaycan Avropada cəsarət nümayiş etdirərək bütün “Şərq Tərəfdaşlığı” ölkələrinin maraqlarından çıxış etdi...
Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Belçika Krallığına işgüzar səfər edib. Həmin gün Azərbaycan dövlətinin başçısının Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşü olub. Prezident Belçikalıların Kralına Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırıb.
Azərbaycandan Avropanın paytaxtında prinsipial mövqe
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub və prezident İlham Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirilib.

Prezident İlham Əliyev Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşüb (ONA). Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutan görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Brüssel səfəri çərçivəsində həmçinin Azərbaycanın Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışı olub. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva twitter səhifəsində məlumat yayıb. Məlumatda bildirilir ki, açılış mərasimində Azərbaycan prezidenti iştirak edib.

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən və Brüsseldə keçirilən yubiley toplantısı zamanı isə diplomatik qalmaqal yaşanıb. Azərbaycan Aİ tərəfindən hazırlanmış bəyannamə layihəsinə etiraz edib. Rəsmi Bakı sənədə Azərbaycanın ərazi bütövlüyünün bütün ölkələr tərəfindən tanınmasına dair bənd əlavə olunmasını istəyib.

AzadlıqRadiosunun Avropa xidməti xəbər verir ki, toplantıda Avropa İttifaqı ölkələrinin və “Şərq Tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamə imzalamalı idilər. Lakin sənəddə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunmayıb və nəticədə Azərbaycan nümayəndə heyəti sənədi imzalamaqdan imtina edib. Mənbələr bildiriblər ki, Azərbaycan nümayəndə heyəti yubiley bəyannaməsinin mətnindən narazılıq ifadə edib və onun dəyişdirilməsini istəyib. Çünki sənəddə ərazi bütövlüyü prinsipi əks olunmayıb. Lakin bəyannamənin mətnini dəyişdirməyiblər və əvəzində statusunu aşağı salmağa qərar veriblər. Belə ki, bəyannaməni nazirlər yox, təkcə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federiko Mogerini imzalayıb. Bundan əlavə, bəyannamənin mətninin müzakirələri zamanı Gürcüstan və Ukrayna nümayəndə heyətləri də narazılıq ifadə ediblər. Çünki sənəddə Brüssel tərəfindən “Şərq Tərəfdaşlığı”ına daxil olan “ayrı-ayrı ölkələrin” Avropa İttifaqına üzvlük səyləri tanınmır. Bununla belə, Tiflis və Kiyev bəyannamədə “Şərq Tərəfdaşlığı”nın əvvəlki sənədlərinə istinad göndərilməsini kafi hesab ediblər.

“Azərbaycanın “Şərq Tərəfdaşlığı”nın 10 illiyinə həsr olunmuş görüşün yekununda imzalanması planlaşdırılan bəyannaməyə etiraz etməsi ilə bağlı sual Aİ rəhbərliyinə və bu quruma sədrlik edən Rumıniyaya ünvanlanmalıdır”.

ONA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda çıxışı zamanı deyib. Nazir bildirib ki, bəyannamənin layihəsi Azərbaycan üçün yetərli deyildi: “Əminəm ki, tək Azərbaycan deyil, digər üzv ölkələr üçün də belə idi. Geniş müzakirələrdən sonra, xüsusilə bəyannamədə əvvəlki sammitlərdə qəbul olunmuş bəyannamələrə sadiqliyin ifadə olunmasının vurğulanmasının vacibliyinə dair müzakirələrdən sonra qərara aldıq ki, bu bəyannamə bizim üçün yetərli deyil. Xüsusilə söhbət Helsinki Yekun Aktında və BMT nizamnaməsində göstərilən prinsiplərdən gedirsə... Qərara alındı ki, “Şərq Tərəfdaşlığı” ölkələrinə istinad edilmədən sonda Ali Komissarın bəyanatı yayılsın”.

Ərazi bütövlüyü məsələsi, şübhəsiz ki, Azərbaycan üçün önəmli məsələdir. Prezident İlham Əliyev Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüşündə də birmənalı şəkildə bildirmişdi ki, bu qurumla əməkdaşlıq məsələsində ana xətt Azərbaycanın ərazi bütövlüyünün tanınması, işğalçı Ermənistana layiq olduğu münasibətin sərgilənməsindən keçir. Bu mənada rəsmi Bakının ərazi bütövlüyümüzün əks olunmadığı hər hansı sənədə imza atması mümkün deyil. Mayın 14-də qəbul olunan bəyannamədə ərazi bütövlüyünün əks olunmaması qeyd olunduğu kimi, yalnız Azərbaycanın etirazına səbəb olmayıb, eyni zamanda əraziləri ilhaq edilmiş Gürcüstan və Ukraynadan da təpkilər gəlib. Düzdür, yekun bəyannamədə ərazi bütövlüyü məsələsinin qeyd olunmaması normal görünmür. Ancaq belə bir bəndin olmaması əslində bütün tərəfdaş ölkələrin, o cümlədən Ermənistanın maraqlarına ziddir. Faktiki olaraq ölkəmiz bəyannaməyə veto qoymaqla cəsarət nümayiş etdirib və bütün “Şərq Tərəfdaşlığı” ölkələrinin maraqlarından çıxış edib.

Ancaq bunu xüsusi vurğulamaq lazımdır ki, əsas gözlənti Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq strateji sazişlə bağlıdır. Ermənistan və onu himayə edən qüvvələr çox cəhd göstərirlər ki, ərazi bütövlüyü məsələsi Bakı ilə Brüssel arasında imzalanacaq həmin sazişdə əksini tapmasın, lakin bir müddət öncə ölkəmizin rəsmilərinin də qeyd etdiyi kimi, bu, mümkün deyil. Ən azı ona görə ki, AB ilə “Şərq Tərəfdaşlığı”nın üzvü olan digər ölkələr, həmçinin Ermənistanin ərazi bütövlüyü tanınıbsa, Azərbaycanla bağlı istisnaya yol verilməsi absurd və məntiqdən kənar olardı.

Mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Komissiyasının mənzil qərargahında “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi şərəfinə Yüksək Səviyyəli Konfrans keçirilib. Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerin sədrliyi ilə keçirilən konfransda “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçıları, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri, 34 ölkədən olan vətəndaş cəmiyyəti, biznes nümayəndələri, gənclər və jurnalistlər iştirak ediblər. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov çıxışında Bakının Aİ ilə əməkdaşlığa üstünlük verdiyini vurğulayıb. “Aİ ilə sıx əməkdaşlıq “Şərq Tərəfdaşlığı” ölkələrinin milli kimlik və milli maraqlarının tərkib hissəsidirsə, onda proqrama üzv ölkələr aralarında olan münaqişələrin həllinə nail olmalıdır” - nazir deyib. O bildirib ki, Azərbaycanın ixracının 42 faizi Aİ bazarına gedir: “Aİ Azərbaycan iqtisadiyyatında ən böyük investordur. İqtisadi tərəfdən əlaqələr inkişaf edir. Biz hərtərəfli strateji razılaşma üzrə danışıqlar aparırıq. Bu ikitərəfli sənəddir. Səmimi şəkildə deməliyəm ki, bu heç də asan deyil. Biz mümkün qədər sürətlə iqtisadi və ticarət məsələlərinə aid məsələlər üzrə müzakirələr aparırıq. Bu çox vacib sənəddir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, yekun bəyannamədə tərəfdaş ölkələrin ərazi bütövlüklərinin vurğulanmaması Azərbaycanın maraqlarına uyğun deyil: “Birincisi, ərazi bütövlüyü prinsipi Avropa dövlətləri üçün başlıca prinsiplərdən sayılır. Məsələn, Avropa Parlamenti bu illər ərzində tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü vurğulayan qətnamələr qəbul edib. Demək, Avropa Komissarlığı ən azı Avropa Parlamentinin qətnamələrinə uyğun bəyannamə hazırlamalı idi. Əlbəttə, ərazi bütövlüyü ilə bağlı bəyannamələrin, bəndlərin qəbulu bizim üçün vacibdir, ancaq həmin bəndi vurğulayan qətnamələr belə Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmir. Yəni bu məsələni faciəyə də çevirməyə ehtiyac yoxdur”.

Politoloq hesab edir ki, Brüsseldəki xoşagılməz hadisəyə baxmayaraq, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdə gərginlik gözlənilmir: “Azərbaycan rəsmilərinin də söylədikləri kimi, Avropa İttifaqı ölkələri Azərbaycanın əsas tərəfdaşları arasında yer alıb. Azərbaycanın ticarət apardığı ölkələr sırasında da Avropa dövlətləri ilk sıralarda qərar tutublar. Tikintisi başa çatmaqda olan TAP boru xətti ilə daşınacaq qazımızın da son ünvanı Avropadır. Brüssel görüşü ilə bağlı ərazi bütövlüyü bəndi müzakirə predmetinə çevrilsə də, aylardır əsas mövzu Avropa İttifaqı ilə Azərbaycan arasında strateji sazişin imzalanmasıdır. İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov eyni gündə Brüsseldə olsalar da, saziş hələ imzalanmayıb. Ancaq narahat olmağa dəyməz. Saziş üzərində son tamamlama çalışmaları gedir və “Şərq Tərəfdaşlığı" proqramının bəyannaməsindən fərqli olaraq sazişdə Azərbaycanın ərazi bütövlüyü vurğulanacaq".

Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov ile ilgili görsel sonucu

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov isə Brüssel bəyannaməsi barədə açıqlamasında bildirib: “Öz tərəfimdən bildirmək istərdim ki, bu məlumatlar tamamilə təxribat xarakteri daşıyır. Belə ki, “Şərq Tərəfdaşlığı”nın 10 illiyinə həsr olunmuş xarici işlər nazirlərinin görüşü ilə bağlı yekun sənədin qəbul edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdı. Habelə “Şərq Tərəfdaşlığı”nın və Avropa İttifaqının bütün üzv dövlətləri, eləcə də Avropa institutlarının vahid sənədinin qəbul edilməsi ilə bağlı təklif irəli sürüldüyü zaman aparılmış müzakirələr prosedur xarakteri daşıyıb. Qəbul edliləcək sənədin yığcam, yoxsa əvvəlki sammitlərdə olduğu kimi geniş, əhatəli və bütün məqamlara diqqət yetirən bir sənəd olması ətrafında müzakirələr aparılıb. Azərbaycan yekun sənəd qəbul ediləcəyi təqdirdə, sözügedən bəyannamədə Avropa İttifaqının bütün üzv dövlətlərinin və “Şərq Tərəfdaşlığı” ölkələrinin prinsipial məsələlərinin tam şəkildə əks etdirilməsinin tərəfdarı olub. Bu xüsusda, bütün “Şərq Tərəfdaşlığı" ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü məsələsi Azərbaycan, eləcə də Gürcüstan və Moldova tərəfindən birlikdə təklif edilib. Sadəcə, sənədi müəyyən qədər qısaltmaq məqsədilə “Şərq Tərəfdaşlığı" dövlətlərinin Avropa İttifaqının institutları, eləcə də Avropa İttifaqının üzv dövlətləri ilə müzakirələri zamanı əvvəlki sammitlərin sənədlərinə istinadlar olunması və bununla da sözügedən prinsiplərin sənəddə öz əksini tapması barədə razılıq əldə edilib".

F.İsgəndərov qeyd edib ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Moqerini tərəfindən imzalanmış “sədrin yekun qeydləri” adlı sənəddə bütün əvvəlki sammitlərə istinadlar yer alır: “Bir daha qeyd etmək istərdim ki, bütün “Şərq Tərəfdaşlığı” sammitlərində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi birmənalı şəkildə tanınır. Sözügedən sənədlə bağlı Azərbaycan tərəfindən Gürcüstan və ya Ukrayna tərəfi ilə xüsusi müzakirələr aparılmayıb. Yekunda bəyannamə olmayan bu qısa sənədin ”sədrin yekun qeydləri" kimi öz əksini tapması ilə bağlı razılıq əldə edilib. Yuxarıda sadalanan faktlara rəğmən, Azərbaycanın “ərazi bütövlüyünün tanınmamasının” erməni mətbuatında canfəşanlıqla bayram edilməsi tamamilə gülünc bir məsələdir. Qarşı tərəf sənədi diqqətlə oxuyarsa, aydın şəkildə əvvəlki sammitlərdə qəbul edilmiş sənədlərə istinadları birmənalı şəkildə görə bilər".

Azərbaycan XİN-in əvvəlcədən bəyan etdiyi kimi, Bakı ilə Brüssel arasında ikitərəfli saziş bu dəfə imzalanmadı. Ancaq artıq 90 faizi razılaşdırılmış, ərazi bütövlüyümüzün də heç bir mübahisə doğurmadığı sənədin cari ildə imzalanacağı şübhə doğurmur. Baş nazirin müavini Əli Əhmədov da vurğulayıb ki, Avropa İttifaqı ilə imzalanması gözlənilən sazişlə bağlı danışıqlar aparılır: “Müzakirələr davam edir. Hər iki tərəfi qane edən saziş ortaya qoyulanda imzalanacaq”.

Gözləyək...

E.PAŞASOY,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi