azia.az
azia.az

Qərb müharibəni Xəzərə keçirir - üç paytaxt hədəfdə

Bu gün, 10:47

Xəzəryanı dövlətlər ciddi risk altında; STM-in icraçı direktoru: “Təxribatlar ola və digər Xəzərətrafı dövlətlərin gəmiçiliyi və neft hasılatı infrastrukturu təhlükə altına düşə bilər”

Son həftələr Ukrayna müharibəsinin geosiyasi miqyasının böyüməsi nəticəsində daha mürəkkəb təhlükəsizlik situasiyası yaranıb. Yeni potensial münaqişə Qara dəniz və Xəzərə proyeksiya olunur. Belə ki, Ukrayna Rusiyanın Xəzər və Qara dənizlərdəki obyektlərini hədəfə alır.

Müharibənin su sərhədlərinə keçirilməsi Rusiyanı Ukraynaya ağır şərtlərindən çəkindirmək məqsədi daşıyır. Amma bu, Rusiya və İranla bərabər Xəzər dənizinin sərhədlərini bölüşən Azərbaycan, Qazaxıstan və Türkmənistan üçün yeni situasiyadır və ciddi müzakirələr tələb edir.

Gərginlik artdıqca Rusiya İranın Xəzər dənizindəki hərbi əməliyyatlara qarşı birgə hərbi mövqe sərgiləməsini istəyə bilər. 

Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, müharibələrin xarakterinin dəyişməsi döyüş əməliyyatı zonası anlayışını da əhəmiyyətli şəkildə dəyişib: “Əvvəllər uzaq əraziləri yalnız uzaqmənzilli raketlərlə atəşə tutmaq olurdusa və bu, çox baha başa gəlirdisə, indi müharibə tərəfləri qarşı tərəfin ən uzaq ərazilərini hədəf ala bilir. Rusiya ilə Ukrayna arasında gedən döyüşlərin də coğrafiyası bu baxımdan genişlənməkdədir. Qara dəniz və Xəzər dənizi hövzələrində gəmilərin, neft platformalarının və digər neft infrastrukturlarının hədəf alınması bir xeyli əvvəl başlanmışdı, lakin son dövrlərdə genişlənməkdədir. Türkiyə ərazisində PUA-ların görünməsi, Xəzər dənizində "LUKoil"ə məxsus neft platformalarının vurulması hövzəətrafı dövlətləri də narahat etməyə başlayıb. Bununla belə, Ukrayna tərəfi hələlik yalnız Rusiyaya məxsus neft platformalarını hədəf alır, lakin hər hansı provokasiyalar ola və digər Xəzərətrafı dövlətlərin gəmiçiliyi və neft hasilatı infrastrukturu da təhlükə altına düşə bilər". 

İctimai nəqliyyatın təşkilində ciddi problemlər var -

Sahib Məmmədov

S.Məmmədov əlavə etdi ki, bütün bunlara baxmayaraq, hələlik Qara dəniz və Xəzər dənizi ətrafı dövlətlərin hər hansı birinin, o cümlədən İranın münaqişəyə cəlb olunması gözlənilmir: “Əvvəla, "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiya İran tərəfindən hələ də ratifikasiya olunmayıb və İran heç bir halda Xəzər dənizində onun maraqlarının pozulmasını iddia edə bilməz. Digər tərəfdən, İran  Rusiyanı silahla təchiz etməkdədir, amma Rusiya ilə birgə Ukraynaya qarşı müharibədə iştirakı üçün ciddi əsaslar yoxdur. Onsuz da sanksiya altında olan İranın belə bir avantüraya gedəcəyi bu baxımdan inandırıcı deyil. Bununla belə, İranın passiv şəkildə iştirakı mümkün ola bilər. Yəni Ukraynanın hücumlarının dəf olunması üçün İran hərbi hava və dəniz qüvvələrinin cəlb olunması mümkündür. 

Həmçinin yaxın dövrlərdə Rusiya və Ukrayna arasında razılaşmalar baş tutmazsa, müharibənin daha da şiddətlənməsi qaçılmaz olacaq. Bu isə əlbəttə, bütünlükdə region üçün, o cümlədən Qara dəniz və Xəzər dənizi regionuna daxil olan dövlətlər üçün təhdidləri artırır".

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

 Tural İsmayılov

Siyasi şərhçi Tural İsmayılovun fikrincə, Kreml öz hərəkətləri ilə regional əməkdaşlıq mexanizmlərinin möhkəmlənməsinə səbəb olur və bu, paradoksal şəkildə Rusiyanın nüfuzunun azalmasına gətirib çıxarır: “Moskvanın təhlükə yaratdığı situasiyada sahil dövlətləri arasında koordinasiyanın artması təbii prosesdir və Kremlin istəmədiyi nəticələrə səbəb olur. Regional platformaların güclənməsi, birgə təhlükəsizlik mexanizmlərinin işlənməsi və sahil ölkələrinin birgə iradəsinin formalaşması Rusiyanın hegemon ambisiyalarına qarşı təbii reaksiyadır. Moskvanın imperativ yanaşması öz əksini tapır və regional dövlətlər arasında alternativ əməkdaşlıq modelləri yaranır”. T.İsmayılov qeyd etdi ki, Xəzər dənizinin hüquqi statusu məsələsində Rusiyanın ikili standartları xüsusilə aydın görünür: “Kreml bir tərəfdən qeyri-sahil dövlətlərinin hərbi gəmilərinin Xəzərə daxil olmasının qarşısını almaq üçün 2018-ci il Aktau Konvensiyasını dəstəkləyir, digər tərəfdən isə özü bu akvatoriyanı beynəlxalq münaqişələrdə hərbi vasitə kimi istifadə edir. Bu ikili yanaşma Moskvanın beynəlxalq hüquqa münasibətini və tərəfdaşlarına etibarsızlığını göstərir. Rusiya yalnız öz maraqlarına uyğun gələn normaları qəbul edir və bu da onun regional liderlik iddialarının boşluğunu aşkara çıxarır”.

Moskvanın İranla hərbi yaxınlaşmasına gəldikdə, siyasi ekspert hesab edir ki, bu da risklər vəd edir və həm də Kremlin diplomatik bacarıqsızlığının göstəricisidir: “Tehran Rusiya ilə birgə Xəzərdə hərbi əməliyyatlara qoşularsa, bu, İranın regional dövlətlərlə münasibətlərini gərginləşdirər və onu Qərblə münasibətlərində daha da təcrid edər. Moskva faktiki olaraq İranı öz geosiyasi tələsinə qurban verməyə çalışır və bu, etibarlı tərəfdaş yanaşması deyil. Kremlin bu strategiyası uzun müddət həm Rusiyanın, həm də İranın regional mövqelərini zəiflədər və sahil dövlətləri arasında əks-blok formalaşmasına gətirib çıxara bilər”.

T.İsmayılov vurğuladı ki, Rusiya Xəzər dənizində strateji perspektivsizliyin əsiri olub və bu, Moskvanın ümumi xarici siyasət böhranının mikrokosmosu kimi görünür: “Kreml taktiki zərbələrlə uzunmüddətli sabitliyi, qısamüddətli nəticələrlə strateji mövqeləri dəyişməyə çalışır və bu, məğlubiyyət strategiyasıdır. Xəzərdə Rusiyanın artan təcridinin əsas səbəbi Moskvanın özünün düşünülməmiş hərəkətləridir. Regional dövlətlər artıq Kremlin imperativ yanaşmasına qarşı alternativ axtarır və bu proses geri dönməzdir”.

Siyasi şərhçi digər məqamlara da diqqət çəkdi: “Qərbin strategiyası isə aydındır - Rusiyanı müharibənin ağırlığı altında maksimum dərəcədə zəiflətmək və Moskvanın layihələndirmə qabiliyyətini bütün coğrafi istiqamətlərdə məhdudlaşdırmaq. Xəzər dənizi bu strategiyanın məntiqi davamı kimi Kremlin enerji və hərbi infrastrukturuna təzyiq vasitəsinə çevrilir. "LUKoil" platformalarına hücumlar Rusiyanın daxili neft istehsalının 8 faizinin itkisi deməkdir və bu, uzunmüddətli iqtisadi taqətsizliyin başlanğıcıdır. Moskva öz hərbi avantürizmi ilə iqtisadi təhlükəsizliyini riskə atır və bu, məsuliyyətsiz dövlət idarəçiliyinin nümunəsidir".

T.İsmayılovin fikrincə, regional təhlükəsizlik arxitekturasının gələcəyi Xəzərdə Rusiyanın hegemon iddialarının nə dərəcədə məhdudlaşdırılacağından asılıdır: “Kremlin militarist yanaşmasına qarşı sahil dövlətlərinin birgə mövqeyi, hüquqi mexanizmlərin gücləndirilməsi və beynəlxalq ictimaiyyətin dəstəyi vacib elementlərdir. Moskvanın Xəzəri öz geosiyasi laboratoriyasına çevirmək cəhdi uğursuzluğa məhkumdur. Regional konsensusun formalaşması, təhlükəsizlik mexanizmlərinin işlənməsi və müstəqil siyasi iradəyə malik dövlətlərin artan rolu Kremlin hegemon iddialarına real alternativdir və Xəzərin gələcəyi məhz bu amillərdən asılıdır”.

E.PAŞASOY


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi