Deputat Əli Hüseynli: “Azərbaycanın KTMT-də iştirakına baxılması məqsədəuyğun olardı”
Haqqin.az və virtualaz.org Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına mümkün üzvlüyü haqqında ictimai müzakirələrin təşəbbüskarı kimi çıxış edib. Son illərdə Azərbaycanla Rusiyanın münasibətləri yeni hərbi-siyasi müttəfiqlik səviyyəsinə yüksəlib. Bir neçə həftə öncə Rusiya elitasının məşhur nümayəndələri, Ermənistanın işğalı altında olan Cəbrayıl rayonunun aprel müharibəsində azad edilmiş Cocuq Mərcanlı kəndini ziyarət edərək, ön cəbhədə hərbçilərlə görüş zamanı etiraf etmişdilər ki, Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir.
Bu mənada Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri, Azərbaycan Milli Məclisinin hüquqi məsələlər və dövlət quruculuğu üzrə komitəsinin sədri Əli Hüseynlini dinləmək maraqlı olardı.
Azərbaycanın hakim elitasının nümayəndələri Azərbaycanın milli-dövlətçilik maraqları nöqteyi-nəzərindən ölkəmizin KTMT-yə daxil olması ideyasına necə yanaşırlar? Haqqin.az və virtualaz.org-un suallarına Əli Hüseynli cavab verir.
- Bu günlərdə Qazaxıstanın Aktau şəhərində hazırlıq işlərinin aparıldığı uzun illərdən sonra Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Hüquqi baxımdan bu sənədi necə qiymətləndirərdiniz?
- Əlbəttə, bütün Xəzəryanı dövlətlər üçün bu sənəd tarixi əhəmiyyət daşıyır. Konkret olaraq Azərbaycan üçün Xəzərin hüquqi statusu haqqında Konvensiya həm siyasi-iqtisadi, həm də hüquqi planda, şübhəsiz ki, vacib rol oynayacaq. Təsadüfi deyil ki, müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyasının 11-ci maddəsində deyilir ki, “Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus sektoru, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikasının ərazisinin tərkib hissələridir”. Artıq bir il sonra Azərbaycan məqsədi Xəzərin hüquqi statusu haqqında Konvensiyanın layihəsini hazırlamaq olan xüsusi işçi qrupunda təmsil olunmuşdu.
Beş Xəzəryanı dövlətin başçıları tərəfindən imzalanmış Konvensiya birmənalı olaraq hərtərəfli şəkildə Azərbaycanın milli maraqlarına cavab verir. Bu sənəd Xəzər dənizinin dibi ilə boru kəmərlərinin çəkilməsinə şərait yaradır. Aktaudakı çıxışında Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Xəzərə vacib nəqliyyat arteriyası kimi baxır və Konvensiyanın imzalanması iqtisadi və nəqliyyat xarakterli məsələlərin həlli üçün geniş perspektivlər açır.
Xəzər üzrə işçi qrupunun fəaliyyəti uzun illər davam edib və bəziləri artıq son qərarın nəhayət qəbul ediləcəyinə və Konvensiyanın reallıq olacağına şübhə ilə yanaşmağa başlamışdılar.
Bu doğrudan da ümumi razılığa gəlməyin uzun və çətin yolu idi. Və indi, tarixi sənəd təsdiq edildikdən sonra əminliklə demək olar ki, bu ilk növbədə Xəzəryanı dövlətlərin prezidentlərinin müdrikliyi hesabına baş verib. Ümumi məqsəd naminə qarşılıqlı anlaşma və güzəştlər uğurun rəhni oldu. Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionda sülh və təhlükəsizlik, ərazilərində yaşayan xalqların iqtisadi rifahı naminə qonşu dövlətlərin əməkdaşlığının parlaq nümunəsidir.
Aktaudakı zirvə görüşündə çıxış edərkən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın bütün Xəzəryanı ölkələrlə çox sıx, etimada söykənən münasibətləri var və bu münasibətlər qarşılıqlı maraqlara, bərabərhüquqluluğa, bütün ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətə əsaslanır.
Dövlətimizin başçısının dediklərinə tam şərik olaraq hesab edirəm ki, biz qonşu dövlətlərlə əlaqələrimizi daha da dərinləşdirməliyik – həm müxtəlif birgə layihələrdə iştirak vasitəsilə, həm də regional xarakterli beynəlxalq təşkilatlar çərçivəsində.
- Məhz hansı təşkilatları nəzərdə tutursunuz?
- Məlumdur ki, son bir neçə il ərzində Azərbaycan Beynəlxalq Ordu Oyunlarında iştirak edir. Bu yarışlarda bir çox ölkələr, o cümlədən işğalçı ölkə olan Ermənistan öz komandaları ilə təmsil olunurlar. Buna baxmayaraq, əminəm ki, hərbçilərimizin bu layihədə iştirakı düzgün qərar idi. Ordu Oyunları sayəsində region dövlətləri, ələlxüsus Ermənistan Azərbaycan ordusunun yalnız döyüşlərdə deyil, burada da gücünə və döyüş qabiliyyətinə əmin oldular.
Düşünürəm ki, yeni geosiyasi şərtlər daxilində Azərbaycanın hətta KTMT-də iştirakını da nəzərdən keçirmək olar. Xatırlatmaq istəyirəm ki, bu strukturun yarandığı ərəfədə - ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmuşdu.
- Lakin indi bu təşkilat Rusiyanın nüfuzu altında hərbi blok olduğu üçün bəzi ekspertlər burada müstəqil ölkələrin suverenliyi üçün təhlükə görürlər.
- Hesab edirəm ki, bugünkü Rusiyanın belə qiymətləndirilməsi həddən artıq populist və yanlış yanaşmadır. Azərbaycanla Rusiyanın sülh şəraitində uzunmüddətli yanaşı yaşama tarixi var, uzun illər ərzində aralarında hətta dil səddinin də olmadığı iki xalq arasında sıx siyasi, iqtisadi və humanitar əlaqələr formalaşıb. İki ölkənin prezidentlərini qarşılıq etimad əsasında şəxsi dostluq münasibətləri birləşdirir ki, bu da Azərbaycanla Rusiyanın daha da yaxınlaşmasına təkan verir.
Dövlətlərimizin başçılarının təşəbbüsü ilə iri beynəlxalq iqtisadi layihələr, məsələn “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi layihələr həyata keçirilir, energetika və digər sahələrdə əməkdaşlıq möhkəmlənir. Əməkdaşlıq münasibətləri yalnız dövlətlərarası səviyyədə deyil, Rusiya Federasiyasının subyektləri səviyyəsində də həyata keçirilir. İqtisadi qarşılıqlı fəaliyyət ölkələr arasında turizmin inkişafına güclü impuls verdi ki, bu da xalqlarımızı daha çox yaxınlaşdırır.
Hələlik Azərbaycanla Rusiya arasında münasibətlər daha çox strateji tərəfdaşlıq xarakteri daşısa da, bir çox istiqamətlərdə onlar müttəfiq xarakterlidir. Bundan savayı, hazırda Cənubi Qafqaz regionunda bərqərar olan geosiyasi vəziyyət baxımından Azərbaycan əslində Rusiyanın yeganə müttəfiqi qalıb. Bu o qədər aşkar faktdır ki, onu Ermənistan işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində bu yaxınlarda keçirilmiş Azərbaycan-Rusiya konfransının praktiki olaraq bütün iştirakçıları qeyd ediblər. Rusiyanın həmin konfransda öz ölkəsinin həqiqi vətənpərvərləri ilə təmsil olunduğunu nəzərə alsaq, bu fikirlər xüsusilə qiymətlidir.
- Bununla bərabər, Cənubi Qafqazda Rusiyanın tarixi müttəfiqləri hər zaman daha çox Ermənistan və Gürcüstan olub...
- Gəlin tarixin dərinliklərinə varmayaq. Hər şey axır, hər şey dəyişir. Misal üçün, Türkiyə ilə Rusiya əsrlər boyu düşmən olublar, bu gün isə strateji tərəfdaşdırlar. Cənubi Qafqazda da hər şey dəyişib. Mixail Saakaşvilinin Gürcüstana rəhbərlik etdiyi dövrdə bu ölkə ilə Rusiya arasında münasibətlər mürəkkəb, bəzən isə çox gərgin xarakter aldı. Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra isə Serj Sarkisyan dövründə də Qərblə isti münasibətlər saxlayan bu ölkə xarici siyasət vektorunu 180 dərəcə dəyişib və özünün yeni – anti-Rusiya kursunu nümayiş etdirir. Yeni Ermənistan hökumətinin əksər üzvləri bir vaxtlar müxtəlif Qərb strukturlarında çalışıblar və istisna deyil ki, bəziləri ümumiyyətlə Qərb xüsusi xidmət orqanlarına işləyir. İndiki yüksək rütbəli hökumət məmurlarının çoxu Rusiya əleyhinə müxtəlif aksiyaların iştirakçısı olublar və Rusiya rəhbərliyinə qarşı təhqiramiz ifadələrə yol veriblər. Başqa sözlə, Ermənistan tərəfindən, yeri gəlmişkən, iqtisadi cəhətdən asılı olduğu və rəsmən müttəfiqi sayıldığı Rusiyanın maraqlarının satılması açıq formaya keçib.
Eyni zamanda, çoxvektorlu xarici siyasət yürüdən Azərbaycan, əksinə, özünün böyük qonşusu Rusiyanın maraqlarına böyük hörmətlə yanaşır. Azərbaycanla Rusiyanın həm ümumi iqtisadi maraqları, həm də milli və regional təhlükəsizliyin təmin edilməsi, beynəlxalq terrorçuluqla mübarizə kimi ümumi maraqları mövcuddur.
- Lakin Azərbaycan 1999-cu ildə Kollektiv Təhlükəsizlik haqqında Müqavilənin uzadılmasına imza atmayıb. Hesab edirsiniz, vəziyyət o qədər dəyişib ki, indi biz KTMT-yə daxil ola bilərik?
- Şübhəsiz, ötən əsrin 90-cı illərində mövcud olan vəziyyət hazırda müşahidə etdiyimiz vəziyyətdən köklü şəkildə fərqlənir. 2002-ci ildə KTM-nin tam dəyərli beynəlxalq təşkilata çevrilməsi barədə qərar qəbul olunub. İndi də KTMT-ni sırf hərbi blok kimi nəzərdən keçirməyə dəyməz. Bu daha çox hərbi təhlükələrdən savayı, təhlükəsizlik problemləri, beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, kibercinayətkarlığa qarşı fəaliyyətlə məşğul olan regional beynəlxalq təşkilatdır.
Son illər Azərbaycan və Rusiya hərbi-texniki sahədə effektiv əməkdaşlığa nail olublar. Ölkəmiz müasir Rusiya silahının iri idxalçısıdır, özü də Ermənistandan fərqli olaraq, buna görə “diri” pul ödəyir. Bu əməkdaşlıq uzunmüddətli xarakter daşıyır, belə ki, silahların yeni partiyalarının alınması ilə yanaşı, bu həm də onların ehtiyat hissələrinin alınmasını, texnikaya texniki xidməti, yerli mütəxəssislərin hazırlanmasını özündə ehtiva edir. Ən müasir hərbi texnikanın alınması üzrə yeni çoxmilyardlıq müqavilələrin imzalanması imkanlarına baxılır.
Bununla birlikdə, həll edilməmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizlik üçün təhlükə olaraq qalır və Cənubi Qafqaz regionunun sonrakı inkişafını ləngidən amil olmaqla yanaşı, regionlararası, o cümlədən Azərbaycan-Rusiya əlaqələrinin də inkişafına təsir edir. Paradoksal vəziyyət yaranır: Ermənistan rəsmən KTMT üzrə Rusiyanın müttəfiqidir və bu müttəfiqlik münasibətləri Rusiyanın üzərinə müəyyən öhdəliklər qoyur. Lakin onun “müttəfiqi” getdikcə daha açıq şəkildə özünün qərbyönümlülüyünü və NATO xətti ilə qarşılıqlı fəaliyyətin möhkəmlənməsində maraqlı olduğunu nümayiş etdirir.
Azərbaycan isə, mahiyyətcə Rusiyanın müttəfiqi olsa da, formal olaraq bu statusa malik deyil və bu onu Ermənistanla fərqli vəziyyətə qoyur. Azərbaycanın KTMT-yə qoşulacağı halda isə Dağlıq Qarabağ münaqişəsi Rusiya üçün bu təşkilat üzrə iki tərəfdaş arasında münaqişəyə çevriləcək və bu ona əsas verəcək ki, münaqişənin həlli istiqamətində özünün vasitəçilik səylərini fəallaşdırsın. Həmçinin bu təşkilatın üzvü olan ölkələr Azərbaycanın ərazi bütövlüyü prinsipini sözsüz dəstəkləyirlər və torpaqlarımızın işğaldan azad olunmasını tələb edirlər.
Daha bir vacib amili nəzərə almaq lazımdır. Zəngilanı, Cəbrayılı, Füzulini işğal edərək, erməni rejimi bu istiqamətdə İranla sərhədə çıxıb və de-fakto Azərbaycan-İran sərhədinin bu hissəsinə anti-Rusiya qərbyönümlü Ermənistan tərəfindən nəzarət olunur. KTMT çərçivəsində isə İranla sərhədlərimizin bu hissələrində Azərbaycanın nəzarətini bərpa etmək üçün daha çox imkanlar yaranacaq.
Şübhəsiz ki, bu cür əsaslı amillərlə yanaşı, KTMT-də iştirak həmin təşkilatın üzvü olan ölkələrdə istehsal edilən silahların alınmasında güzəştli qiymətlər kimi iqtisadi üstünlüklərə də malikdir. Eyni zamanda, KTMT üzrə tərəfdaşların aparıcı profil təhsil müəssisələrində hərbi mütəxəssislərin təhsil alması imkanı yaranır. Bu səbəbdən, Azərbaycanın KTMT-yə mümkün üzvlüyü ideyasına tam diqqətlə yanaşmağa dəyər.
- Bəs Azərbaycanın işğalçı ölkə olan Ermənistanla eyni təşkilatın iştirakçısı ola biləcəyinə necə yanaşırsınız?
- Azərbaycan artıq Ermənistanın da təmsil olunduğu bir neçə beynəlxalq təşkilatda iştirak edir. Bu işğalçı ölkənin mövqeyini bütün dünya tribunalarından ifşa etmək imkanı qazanmaq üçün biz onun təmsil olunduğu yerlərdə olmağa borcluyuq. Bundan savayı, hərbi əməliyyatların bərpa ediləcəyi təqdirdə KTMT-nin onlara dəstək verəcəyi ilə bağlı ermənilərin geniş yayılmış arqumentini də neytrallaşdıra biləcəyik.
- Hər bir halda, KTMT-də əməkdaşlıq özündə suverenliyimiz üçün təhlükə ehtiva etmirmi?
- Məgər Qazaxıstan, Tacikistan, Belarus kimi bizə dost ölkələr bu təşkilatda olduqları uzun illər ərzində suverenliklərini itiriblər? Əksinə, onlar öz müstəqilliklərini yalnız möhkəmləndiriblər. Buna görə də, həmin arqumentin heç bir ciddi əsası yoxdur.
Bax, buna görə mən hesab edirəm ki, müasir reallıqları, yeni geosiyasi vəziyyəti, Cənubi Qafqazda Azərbaycanın lider rolunu və ölkəmizin artan hərbi gücünü nəzərə almaqla KTMT-də iştirakımız haqqında məsələni nəzərdən keçirmək məqsədəuyğun olardı.
Axı biz onsuz da hərbi sahədə Rusiya ilə sıx əməkdaşlıq edirik. Əlbəttə, Ermənistan istisna olmaqla, KTMT-nin digər ölkələri ilə də bizim dostluq münasibətlərimiz mövcuddur və təhlükəsizlik sahəsində əməkdaşlıq edilir. Bu mənada da həmin təşkilatda üzvlük bizə KTMT-dəki prosesləri yalnız müşahidə etmək deyil, həm də onlara təsir etmək imkanı yaradacaq. Bunu da nəzərə almaq gərəkdir ki, istənilən ölkə istənilən vaxt bu təşkilatı tərk edə bilər və burada qərarlar konsensus əsasında qəbul edilir. Buna görə də, mən ölkəmizin KTMT-də iştirakında hər hansı ciddi təhlükə görmürəm. Həm də bu təşkilatda müşahidəçi ölkə statusundan da başlamaq olar.
Elnur Məmmədov