azia.az
azia.az

Xəzərlə bağlı yeni saziş - iki ölkənin qorxusu

Bu gün, 10:59

2018-ci ilin avqustunda imzalanmış konvensiyada nəzərdə tutulmuş razılaşmalar niyə yeniləndi?
Azərbaycan, İran, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə strateji əməkdaşlıq sazişi imzalayıb.

İRNA xəbər verir ki, sənəd Sankt-Peterburqda Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandirlərinin görüşü zamanı imzalanıb.

Bu müqavilənin müddəalarına görə, heç bir xarici dövlətin və ya qeyri-regional dövlətin Xəzər dənizinin daxili işlərinə qarışmaq hüququ olmayacaq. Vurğulanır ki, Xəzər dənizinin təhlükəsizliyini yalnız Xəzəryanı dövlətlər özləri təmin etməlidir.

2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlətin-Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın iştirakı ilə Xəzər dənizinin statusu haqqında konvensiya imzalandı. Konvensiyada təhlükəsizlik məsələlərinə də toxunularaq Xəzər dənizində tərəflərə məxsus olmayan silahlı qüvvələrin mövcud olmaması, tərəflərdən hər hansının əleyhinə təcavüz və digər hərbi fəaliyyətin həyata keçirilməsi üçün hər hansı bir tərəfin öz ərazisini digər dövlətlərə verməməsi kimi prinsiplər, həmçinin tərəflərə məxsus gəmilərin (mülki və hərbi) ərazi sularından keçidi, daxili sulara daxil olması və tərk etməsi şərtləri də göstərilib. İndi yenidən tərəflərin belə bir sənəd imzalaması haqlı suallar doğurur. Niyə belə bir sənəd imzalanmasına ehtiyac yaranıb və s. Aydındır ki, Rusiya və İran indi dünya ilə qarşıdurma həddindədir. Yəni öz kölgələrindən belə ehtiyat edirlər. Mümkündür ki, bu saziş də həmin qorxudan doğub. Yeri gəlmişkən, İran parlamenti Xəzərlə bağlı 2019-cu il konvensiyasını hələ də ratifikasiya etməyib.


Referans.az  xəbər verir ki , Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Xəzər sülh və əməkdaşlıq dənizidir: “Xəzəryanı ölkələr arasında dənizin səthinin bölünməsi ilə bağlı razılaşma imzalanıb. Yəni xəzəryanı ölkələrin özünə məxsus akvatoriyaları məlumdur və hər bir ölkə öz akvatoryasından səmərəli istifadə edir. Həm də Xəzər dənizindən Transxəzər beynəlxalq nəqliyyat marşurutu keçir. Bu baxmdan Xəzər dənizində dayanıqlı təhlükəsizlik təmin edilməlidir. Azərbaycan, İran, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri arasında Xəzər dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə strateji əməkdaşlıq sazişinin imzalanması Xəzərdə təhlükəsizliyin təmin edilməsində dəniz qüvvələrinin professionallaşmasının artırılmasına xidmət edir. Təbii ki, Xəzərə kənar qüvvələrin gətirilməsinin yolverilməz olduğu müvafiq konvensiyada öz əksini tapıb. Amma Xəzərdə mövcud hərbi donanmaların koordinasiya olunmuş şəkildə fəaliyyəti vacibdir. Bu baxımdan imzalanmış müvafiq sazişin əhəmiyyətli sənəd olduğunu hesab edirəm. Düzdür, bu sazişin indiki məqamda imzalanmasına görə fərqli yanaşmalar olacaq. Yəni xəzəryanı ölkələrin hamısında sabitlik yoxdur. Çünki Rusiya Ukrayna ilə 4 ilə yaxındır ki, müharibə şəraitindədir. İranla bağlı gərginlik yenidən dərinləşir. Amma müvafiq sazişin imzalanmasında əsas məqsədin Xəzərdə təhlükəsizliyin və əməkdaşlığın inkişaf etdirilməsi olduğunu diqqətdən kənarda saxlamalı deyilik”.



Siyasi təhlilçi Sona Əliyeva bütün bunların şimal və cənub qonşularımızın beyinlərinin məhsulu olduğunu söylədi: “Azərbaycan, İran, Rusiya və Qazaxıstanın Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə strateji əməkdaşlıq sazişi imzalaması çox güman ki, Rusiya və İranın "müəyyən narahatlıqlarından" qaynaqlanan nüanslarla birbaşa əlaqəlidir. Kreml və Tehran bu yolla Türk Dövlətləri Təşkilatı ölkələri arasında nifaq salmağa çalışır. Yəni Türkmənistan da buraya daxil edilə bilərdi. Amma Aşqabadı bu cür sazişlərdən kənarda saxlamaq birbaşa Tehran və Moskvanın beyninin məhsuludur.

Sənəd Sankt-Peterburqda Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandirlərinin görüşü zamanı imzalanması onu göstərir ki, rutin sazişlərdən deyil. Rusiya və İranı yaxın gələcəkdə ciddi münaqişə və böhranlar gözləyir. Bu baxımdan, düşünürəm ki, Moskva və Tehran Xəzər dənizində təhlükəsizlik məsələlərindən tam əmin olmaq istəyir. Digər tərəfdən, Rusiyanın digər narahatlığı Türkiyə ilə bağlıdır. Türkiyə NATO ölkəsidir və Xəzərdə hər hansı şəkildə boy göstərməsi İran və Rusiyanın maraqlarına uyğun deyil. Bu müqavilənin müddəalarına görə, heç bir xarici dövlətin və ya qeyri-regional dövlətin Xəzər dənizinin daxili işlərinə qarışmaq hüququ olmayacaq.

Buradan da aydın görünür ki, Türkiyə və Azərbaycanın müttəfiqliyi şimal və cənub qonşularımızı narahat edir. Özü də bu narahatlıq təkcə Türkiyə amili ilə yekunlaşmır. Türkiyənin Xəzər dənizində boy göstərməsi həm də NATO təhlükəsi kimi görülür. Sənəddə göstərilir ki, Xəzər dənizinin təhlükəsizliyini yalnız Xəzəryanı dövlətlər özləri təmin etməlidir. Bu müddəa həm də Qazaxıstan-Çin münasibətlərinə işarədir. Yəni Türkiyə narahatlığı ilə yanaşı, Tehran və Moskvanı Çin amili də “incidir”. Qazaxıstanla Çin arasındakı münasibətlər son dövrlərdə strateji tərəfdaşlıq səviyyəsinə qalxmaqdadır. Bu tendensiyadan ən çox narahat olan ölkə məhz Rusiyadır. Əslində son sazişə ehtiyac yox idi. Çünki 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlətin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın iştirakı ilə Xəzər dənizinin statusu haqqında konvensiya imzalandı. Həmin konvensiyada təhlükəsizlik məsələləri aydın şəkildə göstərilib. “Tərəflərdən hər hansının əleyhinə təcavüz və digər hərbi fəaliyyətin həyata keçirilməsi üçün hər hansı bir tərəfin öz ərazisini digər dövlətlərə verməməsi” kimi prinsiplər də Türkiyə və Çin amilini neytrallaşdırmaq, İran və Rusiyanı ön planda tutmaq üçündür. İran və Rusiya yeni dünya düzənində ağır sınaqlarla üzələşəcək. Bunu həmin ölkələrin beyin mərkəzləri yaxşı başa düşür. Ona görə də Xəzəri özləri üçün “təhlükəsiz zolağa” çevirmək istəyirlər. İstənilən halda, Moskva və Tehran onu da yaxşı anlayır ki, “Xəzər sazişi” Bakı və Astana üçün ciddi əhəmiyyət daşımayan və parlamentlərin uzun müddət yubadacağı, ratifikasiya etməyə tələsməyəcəyi sazişlərdəndir". 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi