azia.az
azia.az

"Xəzərin səviyyəsinin azalması balıqçılığın azalmasına səbəb ola bilər"

3-08-2022, 08:29


Xidmət rəisi: "Xəzərin səviyyəsinin azalması balıqçılığın azalmasına səbəb ola bilər"
Xəzər dənizinin səviyyə tərəddüdləri davam edir. 2005-ci ildən Xəzərin səviyyəsində davamlı enmə müşahidə olunur. Məlumatlara görə, ən çox enmə (30 santimetr) 2021-ci ildə qeydə alınıb.
"Xəzərin səviyyəsinin azalması balıqçılığın azalmasına səbəb ola bilər"
Xəzər qapalı su hövzəsi olduğundan dənizin səviyyəsinin daxil olan və gedən sularla əlaqədar dəyişməsi təbiidir. O üzdən iqlim dəyişmələri ilə əlaqədar Xəzəri qidalandıran əsas çaylarda suyun aşağı enməsi dənizin səviyyəsinə təsir edir. Eyni zamanda bura son illər yağıntıların az olması da daxildir. Çoxsaylı coğrafi, arxeoloji, tarixi və müşahidə məlumatları göstərir ki, son 4 min ildə Xəzər dənizinin səviyyə dəyişmələrində illik müddətlik var. Sonuncu belə düşmə 1862-ci ildən başlayıb və proses təxminən 2050-60-cı illərə qədər 1-2 metr düşmə ilə davam edəcək. Mütəxəssislər qeyd edirlər ki, 2050-ci ildən sonra Xəzərdə suyun səviyyəsinin artması proqnozlaşdırılır. Bu dövr də təxminən 200-250 il davam edəcək.

İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!

Qeyd edək ki, dənizin səviyyəsinin azalması müəyyən problemlərlə müşahidə olunduğu kimi, suyun artması da çətinliklərə gətirib çıxarır. Ona görə də dəniz sahilində görülən bütün işlər zamanı Xəzərin səviyyəsinin dəyişməsi nəzərə alınmalıdır.

Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti narahatlıq doğurur


Xəzəryanı ölkələr daim dəniz problemlərini diqqətdə saxlayır. Bu istiqamətdə mütəmadi olaraq konfranslar keçirilir, alimlər tərəfindən dənizin biomüxtəlifliyi öyrənilir, çirklilik səviyyəsi müəyyənləşdirilir. Sonuncu belə beynəlxalq tədbir iyulun 5-də "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda Bakıda keçirilib.


Xəzəryanı ölkələrin mütəxəssislərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və xarici ekspertlərin iştirakı ilə keçirilən konfransda Xəzər dənizinin hazırkı və gözlənilən səviyyə tərəddüdləri, həmçinin iqlim və səviyyə proqnozlarını nəzərə alaraq milli və regional uyğunlaşma tədbirlərinin müəyyən edilməsi üçün əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev konfrans iştirakçılarına müraciətində deyib ki, Azərbaycanda Xəzər dənizinin ətraf mühitə mənfi təsirlərini minimuma endirmək üçün ardıcıl tədbirlər görülür. Nazir Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işlərin davam etdirildiyini, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və ətraf mühitə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirildiyini vurğulayıb. Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlarından səmərəli istifadə məsələlərinin birinci növbədə Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyən Muxtar Babayev həmçinin Xəzər dənizində birgə ekoloji monitorinqlərin planlaşdırılması, həyata keçirilməsini təklif edib və regional əməkdaşlığın, xüsusilə ekoloji problemlərin həllində Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsinin vacib olduğunu diqqətə çatdırıb.


Prezident İlham Əliyev də Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Toplantısında Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyətinin və dəniz səviyyəsinin aşağı düşmə dinamikasının narahatlıq doğurduğunu, bu problemlərin həlli ilə əlaqədar əməkdaşlığın genişləndirilməsində ölkəmizin maraqlı olduğunu vurğulayıb. Dövlət başçısı Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı ölkələrin uğurlu qarşılıqlı fəaliyyətinin davam etdiyini, bu ilin sonunda Bakıda "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsinin nəzərdə tutulduğunu bildirib: "Bu gün məhdud tərkibdə görüşdə biz xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarımızla fikir mübadiləsi apardıq. Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər".


Xəzərin səviyyəsinin enməsi ciddi problemlərə yol aça bilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəisi Mehman Axundov deyir ki, proqnoza görə, 2022-ci ildə Volqa çayının sululuğunun proqnozlaşdırılandan aşağı olması ilə əlaqədar Xəzər dənizinin orta illik səviyyəsi əvvəlki 2021-ci ildəkindən 20-23 sm aşağı olacaq. Bu da öz növbəsində Xəzər dənizi regionunda sosial-iqtisadi fəlakətə, o cümlədən dənizin səviyyəsinin azalmasına səbəb ola bilər. Sözügedən fəsadlar sırasında biomüxtəliflik və balıqçılığın azalmasını da qeyd etmək olar.

Üstəlik, Xəzərin səviyyəsinin dəyişməsi fonunda onun canlı aləmi də dəyişikliyə məruz qalır. Belə ki, səviyyənin enməsi balıqların yerlərini itirməsinə, ümumiyyətlə, balıq ehtiyatının azalmasına gətirib çıxarır. Balıqların sayının azalmasının əsas səbəbləri sırasında brokonyerlik və suyun çirkli olması göstərilsə də, son illər çirklənmənin rolu olmadığı deyilir. Qeyd edilir ki, iqlim dəyişmələri ilə əlaqədar dənizdə suyun temperaturunun artması onların populyasiyasına təsir göstərir və onlar digər areallara doğru miqrasiya edirlər. Bunlar isə sırf iqlim faktorlarıdır.

Mehman Axundov qeyd edir ki, Xəzərdəki balıq populyasiyasının azalması birbaşa iqlim dəyişikliyi və temperaturla əlaqədardır. Anomal istilik Xəzər regionunda biomüxtəlifliyin azalmasına səbəb olur: "Bununla əlaqədar olaraq, balıqların təbii çoxalmasına şərait yaratmaq və biomüxtəlifliyə mənfi təzyiqi azaltmaq məqsədilə Xəzər dənizinə axan çaylarda suyun alınmasını optimallaşdırmağa və su-elektrik stansiyaları üçün bəndlərin tikintisini dayandırmağa çağırırıq. Əks halda, Xəzərdə Aral dənizinin yoxa çıxmasına bənzər ssenari baş verə bilər".



Xəzər suitisinin itmə təhlükəsi varmı?

Müxtəlif zamanlarda Xəzər suitisinin də nəslinin kəsilmə təhlükəsi barədə məlumatlar eşitmişik. Belə ki, Xəzər suitisinin sayının XX əsrin əvvəllərində 1 milyon təşkil etdiyi, son zamanlar isə çox az qaldığı vurğulanır. Xəzər suitisi (Pusa caspica Gmelin) dənizin yeganə məməlisidir və dünyada ən kiçik qulaqsız suiti növlərindən sayılır. Təbii ki, bu məməlilərin sayının azalmasına iqlim dəyişmələrindən əlavə təsir göstərən əsas faktorlardan biri də antropagen amillərdir.

Qeyd edək ki, Xəzər suitilərinin tələfatı, həmçinin dənizin ümumi ekosisteminin vəziyyəti barədə ilk beynəlxalq narahatlıq 1997-ci ildə qalxıb. O zaman Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) ətraf mühit üzrə meneceri Liz Rogers Dünya Bankına Bakı yaxınlığında xeyli suiti cəsədi gördüyünü deyib. Dərhal ABƏŞ ilə birgə tədqiqatlara başlanılıb və cəsədlərdən götürülmüş nümunələrdə xlor üzvi birləşmələrinin miqdarının yüksək olduğu müəyyən olunub.

"Şahdəniz Mərhələ 2" qaz layihəsinin 2013-cü ildə təqdim olunmuş Xəzər suitiləri üzrə tədqiqat hesabatında deyilir ki, o vaxt təkcə Abşeronun 100 kilometrlik şimal sahilində 2210 ölü suiti tapılıb. İlk dəfə ingilis professor Seamus Kenedi tələfatın əsas səbəbini "CDV" kimi tanınan it taunu xəstəliyi ilə əlaqələndirib. Bu istiqamətdə müxtəlif layihələr çərçivəsində Xəzər suitiləri daim öyrənilib, zamanla onların müxtəlif səbəblərdən sayının kəskin azaldığı mənbələrdə qeyd olunub.

Uzun illərdir Xəzər suitisinin öyrənilməsi layihəsi ilə məşğul olan rusiyalı alim Vasili Boqoslovoski qeyd edir ki, Xəzər suitisinin populyasiyasının məhvolma təhlükəsi yoxdur. O, Xəzər suitisinin nəhayət ki "Qırmızı kitab"a salındığını vurğulayıb. Alim onun populyasiyasına zəhərləyici maddələr, iqlim dəyişikliyi, balıq ehtiyatının azalması və brakonyerliyin səbəb olduğunu qeyd edir. O, həmçinin Xəzər suitilərinin vəziyyətinə təsir edən səbəbləri öyrənmək üçün Xəzərin bütün akvatoriyasında araşdırma aparılmasının lazım olduğunu deyir.

Dənizin çirklənməsi azalıb

Xəzər dənizinin öyrənilməsi istiqamətində müxtəlif ölkələrin alimləri tərəfindən araşdırmalar bu günümüzə qədər davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə ildə 4 dəfə Xəzər dənizində şimaldan cənuba doğru monitorinqlər aparılır. Sahil zolağını da əhatə edən monitorinqlər zamanı götürülən su nümunələri üzərində fiziki-kimyəvi, mikrobioloji, toksikoloji təhlillər edilir. Bununla çirklənmə dərəcəsi müəyyən olunur. Monitorinqlər və kompleks tədqiqatlar xüsusən neft-qaz hasilatı ilə məşğul olan yerli və xarici şirkətlərin platformaları arasında - Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən "Bahar", "8 mart", "Ələt-dəniz", "Bulla-dəniz", "Ümid", "Şahdəniz", "Abşeron", "Çıraq", "Mərkəzi Azəri", "Günəşli", "Neft Daşları", "Palçıq pilpiləsi", "Çilov", "Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə", "28 may" NQÇİ, JOCAP yataqlarında keçirilir. Monitorinqlər zamanı müxtəlif koordinatlar üzrə su, qrunt, zooplankton, bentos və hava nümunələri götürülür, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilir, hidrometeoroloji ölçmələr, biomüxtəliflik tədqiq edilir. Eləcə də həm şimalda, həm də cənubda Xəzər dənizinin fon müşahidələri aparılır. Neft-qaz hasilatı həyata keçirilməsinə baxmayaraq, son zamanlar müasir texnologiya və avadanlıqlardan istifadə nəticəsində dənizin çirklənmə səviyyəsinin azaldığı deyilir.

Dənizin çirklənmə səviyyəsindən danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov qeyd edir ki, nazirlik bu sahədə sırf nəzarət funksiyasını həyata keçirir. Məqsəd hansısa sahibkarlıq subyekti, dövlət müəssisəsini müəyyənləşdirib cərimə tətbiq etmək deyil. O qeyd edir ki, fəaliyyət nəticəsində ətraf mühitə ziyan vuran sahibkarlar bunun qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirməli olduqlarını bilməlidirlər. Hər hansı sahibkarlıq subyekti çirkli suyu dənizə axıdırsa, məsuliyyəti özü daşıyır. Obyekt sahibləri təmizləyici qurğu quraşdırmalı və ya bir neçə sahibkar birləşib bu istiqamətdə iş görməlidir.

Bəs Xəzər geri qayıdarsa...

Gəlinən nəticə onu göstərir ki, Xəzərin səviyyəsi hələ enməkdə davam edəcək. Təbii ki, bu da onun biomüxtəlifliyinə, bəlkə də bir çox canlıların məhvinə gətirib çıxaracaq.

Bununla yanaşı, dənizin geri çəkilməsi ilə sahilboyu ərazilərdə ictimai iaşə obyektlərinin artdığını görürük. Hətta bəzi ərazilərdə yaşayış evləri tikilir, əhali məskunlaşır. Amma unutmamalıyıq ki, Xəzərin səviyyəsi müddətli olaraq dəyişir. Yəni yenidən qayıtması ilə həmin obyektlər su altında qala, eyni zamanda əhaliyə külli miqdarda ziyan vura bilər. Bu baxımdan iqlim faktorları, həmçinin müddətlik nəzərə alınaraq zərəri qabaqcadan hesablamaq lazımdır.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Mehman Axundov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi