Çeçenistanda qeyri-ənənəvi oriyentasiyanın nümayəndələri ilə bağlı vəziyyət yoxlanacaq
Rusiya prezidenti Vladimir Putin baş prokurora və Daxili İşlər Nazirliyinin başçısına Çeçenistanda qeyri-ənənəvi oriyentasiyanın nümayəndələri ilə vəziyyəti yoxlamağı xahiş edəcək. İstiPress-in RİA-ya istinadən verdiyi xəbərə görə, prezident bu haqda Rusiyanın insan hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkova ilə görüşündə deyib.
Moskalkova xatırladıb ki, o həmçinin qeyri-ənənəvi oriyentasiyanın nümayəndələrinin hüquqları ilə bağlı ortaya çıxan problemlərlə məşğul olur. O prezidentdən sözügedən problemin həlli ilə bağlı idarələrarası işçi qrupun yaradılması haqqında tapşırıq verməyi xahiş edib.
Çeçenistan Respublikasında homoseksualların təqibi haqqında “Novaya Gazetı” (“Yeni qəzet”) nəşrinin araşdırmasının dərcindən sonra – aprelin əvvəlində məlum olub. Nəşr 3 qurban və 100 nəfər zərərçəkən haqqında yazıb. Zərərçəkənlər jurnalistlərə Çeçenistanda homoseksuallar üçün məxfi həbsxananın mövcudluğundan danışdılar.
Çeçenistan başçısının mətbuat katibi Alvi Kərimov deyib ki, Çeçenistanda homoseksualların təqibi mümkün deyil, çünki Çeçenistanda sadəcə olaraq homoseksuallar yoxdur. Çeçenistanın İnsan hüquqları Şurasının üzvü Xeda Saratova isə bildirib ki, onlar homoseksualların saxlanılması və öldürülməsi ilə bağlı şikayətlərə görə cavabdeh deyillər.
Rusiya prezidenti yanında İnsan hüquqları Şurasının üzvü İqor Kalyapin deyib ki, ona bir neçə dəfə qeyri-ənənəvi seksual oriyentasiyalı şəxslər müraciət edərək sığınacaq almaq üçün kömək istəyiblər: "Çünki Çeçenistanda onları ölümcül təhlükə gözləyir".
Onun sözlərinə görə, Çeçenistanda LQBT hüququ barədə danışmaq qəbuledilməzdir: "Əgər sən homoseksual olduğunu etiraf edirsənsə, bu, ölümcül təhlükəli ola bilər. Bunu, istənilən çeçen təsdiqləyə bilər. Onlar ümumiyyətlə belə adamlara son dərəcə dözümsüz yanaşırlar və hesab edirlər ki, homoseksualları öldürmək lazımdır, çünki onlar ənənəvi cinsləri rüsvay edirlər".
Aprelin 2-də isə Soçidə Vladimir Putinlə görüşən Almaniya kansleri Rusiya prezidentindən Çeçenistan Respublikasında homoseksualların təqibi ilə bağlı vəziyyətə qarışmağı xahiş edib.
“Mən Putinlə həmçinin Çeçenistan Respublikasında homoseksuallarla bağlı hazırlanan çox mənfi məruzədən danışdım. Cənab prezidentdən xahiş etdim ki, o, azlıqların hüquqlarının təmin edilməsi üçün öz təsirini göstərsin”, - Merkel deyib.