“Bloger Azərbaycana ekstradisiya olunmasın” – İsrail XİN-dən xahiş
İsrail Xarici İşlər Nazirliyi 40 yaşlı rusiyalı-israilli blogger, Hayfa sakini Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyasının qarşısını almağa çalışır
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, İsrail XİN-in rəsmi nümayəndələri Belarus hökumətindən daha əvvəl Minskdə saxlanılan A.Lapşini ekstradisiya etməməyi və onunla görüşə icazə verilməsini xahiş edib.
İsrailin “Ynet” nəşrinin məlumatına görə, İsrail XİN nümayəndələri belaruslu həmkarlarından əvvəlcə vəziyyəti İsrail ilə müzakirə etməyi xahiş edib. Bundan əlavə, İsrail XİN Bakıdakı səfirliyi vasitəsilə bu məsələni həll etməyə çalışır.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı qüvvələri tərəfındən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
A.Lapşının hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.
Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Lapşin saxlanılıb. Hazırda A.Lapşinin Azərbaycan Respublikasına ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər aparılır.
Xatlırladaq ki, bundan əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını arzuolunmaz şəxslər siyahısına daxil edib.