Putin və Obama arasında telefon danışığı olub
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, Putin Obamanı Rusiyanın aviasiya qrupunun xeyli hissəsinin Suriyadan çıxarılmasına dair qəbul olunan qərar barədə məlumatlandırıb. Putin bu qərarın beynəlxalq terrorçuluqla mübarizədə Rusiya ordusunun qarşısında qoyulan vəzifələrin icra olunmasından sonra verildiyini qeyd edib.
Tərəflər qeyd edib ki, BMT TŞ-nin 2268 saylı qətnaməsi ilə dəstəklənən Rusiya-ABŞ təşəbbüsü Suriyada münaqişənin miqyasının kəskin azaldılmasına imkan verib.
Atəşkəsin qorunması və terror qruplaşmaları ilə effektiv mübarizə üçün Rusiya və ABŞ nümayəndələrinin səylərinin razılaşdırılmasının vacib olduğu qeyd olunub.
Qeyd edək ki, Vladimir Putin Rusiya ordu birləşmələrinin martın 15-dən etibarən Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib.