
Kiberdələduzluğun qurbanı olan tanınmış jurnalist Ləman Ələşrəfqızının pulu kartına geri qaytarılıb.
AZXEBER.COM xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, 2 İyul - Polis Günündə Daxili İşlər Nazirliyinin əməkdaşları kiberdələduzu saxlayıb.
"DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən İsfəndiyar Abbasov zəng etdi, kiberdələduzun saxlanıldığını bildirdi. Pulum karta qaytarıldı. Təbii, cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq.
Hələliksə, cənab nazir Vilayət Eyvazova, DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyevə və DİN-in bu işdə əməyi keçən bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. 2 iyul - Polis Günündə belə Azərbaycan polisi işinin başında olduğunu göstərdi və məni sevindirə bildi. Allah da onları sevindirsin”, - jurnalist əlavə edib.
Qeyd edək ki, iyulun 1-də kibercinayətkar "Telegram” üzərindən Ümid Partiyasının sədri İqbal Ağazadənin adından istifadə edərək Ləman Ələşrəfqızıdan 600 manat məbləğində pulun kartına köçürülməsinə nail olub. Jurnalist pulu köçürdükdən sonra aldandığını başa düşüb və aidiyyəti üzrə müraciət edib.