Yol kənarlarındakı dəmir məhəccərlər təhlükəlidir? - AÇIQLAMA
Bir çox yol nəqliyyat hadisələri zamanı avtomobillərin məhəccərlərə çırpılaraq ölüm faktlarının qeydə alınması hadisələri baş verir. Belə hadisələrdən biri də Bakının Sabunçu rayonu ərazisində qeydə alınıb. Bakıda "Toyota Prius" markalı avtomobil məhəccərə çırpılıb və ölüm faktı qeydə alınıb. Bu isə məhəccərlərin təhlükəsizliyi məsələsini gündəmə gətirib.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat üzrə texniki ekspert Razil Nağıyevin sözlərinə görə, polad məhəccərlər ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya kimi inkişaf etmiş ölkələrdə xüsusilə körpülərdə, yüksək sürətli magistrallarda və ağır yük avtomobillərinin intensiv hərəkət etdiyi yollarda geniş istifadə olunur.
O qeyd edib ki, ancaq bu tip məhəccərlər tam təhlükəsiz hesab edilmir: “Çox yüksək sürətlə və əlverişsiz bucaq altında baş verən qəzalarda onlar da ciddi xəsarətlərə səbəb ola bilər. Lakin beynəlxalq araşdırmalar göstərir ki, düzgün layihələndirilmiş və beynəlxalq standartlara uyğun quraşdırılmış polad məhəccərlər avtomobilin qarşı zolağa çıxmasının, körpüdən aşmasının və ya yol kənarındakı təhlükəli maneələrə çırpılmasının qarşısını alaraq ümumi ölüm riskini azaldır”.
R.Nağıyev bildirib ki, inkişaf etmiş ölkələrdə əsas problem məhəccərin özündən çox, onun başlanğıc (uc) hissəsi hesab olunur: “Köhnə tip məhəccərlərin açıq metal ucu qəza zamanı avtomobilə nizə kimi daxil olaraq kuzovu və salonu deşə, nəticədə sürücü və sərnişinlər üçün ölümcül xəsarət yetirə bilər. Məhz buna görə də inkişaf etmiş ölkələrdə bu cür açıq metal uclar “zərbə udan” xüsusi təhlükəsizlik başlıqları ilə əvəz edilir. Alternativ olaraq isə yolun xüsusiyyətindən asılı olaraq müxtəlif sistemlər tətbiq olunur. Qarşı zolağa keçmə riskinin yüksək olduğu magistrallarda beton baryerlər, bəzi magistrallarda polad troslu məhəccərlər, körpülərdə və ağır nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə isə adı polad məhəccərlər daha çox istifadə edilir. Dünya təcrübəsi göstərir ki, məqsəd polad məhəccərləri tamamilə ləğv etmək deyil. Əsas məqsəd yolun xüsusiyyətinə uyğun ən təhlükəsiz qoruyucu sistemi seçmək, onu beynəlxalq standartlara uyğun quraşdırmaq və köhnə sistemləri müasir təhlükəsizlik həlləri ilə əvəz etməkdir. Məhz bu yanaşma yol-nəqliyyat hadisələri zamanı ölüm və ağır xəsarət riskinin azaldılmasında ən effektiv üsul hesab olunur”.
Şəhanə Qədirli