Zəngəzurun statusu - SSRİ-nin bağışlanılmaz səhvi düzəldilə bilər
Zəngəzurun statusu - SSRİ-nin bağışlanılmaz səhvi düzəldilə bilər
Ekspert: “Zəngəzur dəhlizinin statusu mütləq gündəliyə gələcək və Ermənistanı qane etməyən qərarlar veriləcək”
“Ermənistan Rusiyanı şantaj etməyə davam edəcəksə, arzuladıqları kimi, Qarabağın yox, Zəngəzurun statusu ilə danışıqlara hazırlaşsın”. Bu fikirləri rusiyalı jurnalist, politoloq Maksim Şevçenko bildirib. O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlamasını Rusiyanı şantaj etmək cəhdi kimi qiymətləndirərək belə deyib. “Ermənilərə açıq şəkildə göstərildi ki, Rusiyanı şantaja davam edərsə, onlar tezliklə Qarabağın statusu (arzuladıqları kimi) deyil, Zəngəzurun statusu ilə bağlı danışıqlara başlaya bilərlər”, - deyə Şevçenko vurğulayıb.
“Rusiya heç kimə heç nə borclu deyil”. Bu barədə isə Ermənistanın “Joxovurd” qəzetinə rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib. “Rusiya Ermənistan üçün Ermənistanın özünün etdiyindən daha çox niyə etməlidir? Rusiya heç kimə heç nə borclu deyil. Heç kim kimisə müdafiə etməyəcək, çünki bu, heç kimə lazım deyil... Belə davam etsə, Azərbaycan sakit və dinc yolla istədiyi dəhlizi təmin edəcək, eyni zamanda sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərini də həll edəcək”, - deyə Xramçix də Zəngəzur dəhlizinə vurğu edib.
Ermənistanın baş naziri Nikol Paşinyan da artıq etiraf edib ki, beynəlxalq aləmdən və beynəlxalq təşkilatlardan dəstək ala bilmirlər. Noyabrın 18-də sərhəddəki son olaylarla bağlı parlamentdə çıxış edərək deputatların suallarına cavabında N.Paşinyan deyib ki, uzun illər Ermənistanla Azərbaycan arasında sərhəd olmayıb, çünki Ermənistan Azərbaycan ərazilərinə nəzarət (oxu: işğal ) edib. Ona görə də hazırkı toqquşmalar qeydə alınır. Sonra Paşinyan etiraf edib ki, beynəlxalq aləmdən və beynəlxalq təşkilatlardan dəstək ala bilmirlər və bu proses o, hakimiyyətə gəlmədən öncə formalaşmağa başlayıb: “Böyük dövlətlər Ermənistanın şikayətlərindən beziblər. Böyük dövlətlər və beynəlxalq təşkilatlar Ermənistana və Azərbaycana məsləhət görürlər ki, problemlərinizi öz aranızda həll edin”. Bununla əslində Paşinyan Qarabağ klanının simasında radikal müxalifətə işarə edib ki, Rusiyaya olan ümidlər də özünü doğrultmur, Ermənistan Azərbaycanla qarşıdurmada təklənib. Elə bunun nəticəsidir ki, Ermənistan hakimiyyəti sərhəd məsələsində Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dəstək məqsədilə yazılı müraciət etməyi lazım bilmir. Görünür, anlayırlar ki, müraciət nəticəsiz qalacaq.
Qeyd edək ki, Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk, 91 kürd və 81 erməni kəndi var idi. 1905-1907 və 1914-1920-ci illərdə erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində Zəngəzurda 115 kənd yer üzündən silinib. Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli əhali həlak olub. 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. 1920-ci il 10 avqustda Rusiya Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan Kommunist Partiyasının MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Nəticədə Zəngəzur qəzasının 6.742 kv.vestlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR-nin tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.
Zəngəzur dəhlizinin və ya Zəngəzurun statusu müzakirələri Şevçenkonun dediyi kimi, gündəmə gələ bilərmi? Rusiya varisi olduqları SSRİ-nin və kommunistlərin bu bağışlanılmaz səhvini düzəltməyə qərar versə, Ermənistanı nə gözləyir?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın əlinə düşən hər imkandan yararlanıb Rusiyanı şantaj etməsi, Qərb ölkələrinə, beynəlxalq qurumlara müraciət edərək yardım istəyəcəyi barədə iddialar irəli sürməsi son günlər daha da artıb: “Rusiya bu iddiaların nə qədər mənasız olduğunu anladığından Ermənistan rəhbərliyinin bəyanatlarına, hərbi yardım barədə müraciətlərinə gözlənilən münasibəti bildirmir, əksər hallarda susmağa üstünlük verir. Çünki bu cür bəyanatlar son dövrlər dəfələrlə səslənib və Qərbdən arzuladığını ala bilməyən ermənilər yenə Rusiyaya ”pənah aparmaq "məcburiyyətində qalıblar. Yəqin xatırlayırsınız, bir il əvvəl, oktyabrın son günlərində Nikol Paşinyan Rusiya prezidentinə məktubla müraciət edərək, 1997-ci il müqaviləsinə görə “yardım barədə təxirəsalınmaz danışıqlara” başlamağı xahiş etdi. Bu xahişə Vladimir Putin heç cavab verməyə də lüzum görmədi və Rusiya XİN onu aşağılayan rədd cavabı verdi. Həmin günlərdə Qərb ölkələrindən də istənilən yardım gəlmədi və Ermənistan meydanda Azərbaycanla təkbətək qaldı. Nəticə hamıya məlumdur.
Ermənistanın Rusiyaya yönəlik şantaj bəyanatları vəziyyəti dəyişə və Qarabağın yerinə Zəngəzurun statusunu gündəmə gətirə bilərmi? Son dövrlər bölgədə vəziyyət elə sürətlə dəyişir ki, bu məsələnin nə vaxtsa danışıqlar mövzusu olacağı istisna edilə bilməz. Bu barədə indi qəti fikir söyləmək mümkün deyil. Ancaq bir şeyi qəti demək olar ki, Zəngəzur dəhlizinin statusu mütləq gündəliyə gələcək və bu istiqamətdə Ermənistanın gözləmədiyi, onu qane etməyən qərarlar qəbul olunacaq".
A.Səmədov xatırlatdı ki, Laçından keçən humanitar dəhliz Rusiya sülhməramlılarının nəzarətindədir, nəqliyyatın və insanların hərəkətinin təhlükəsizliyini isə Azərbaycan təmin edir. 4 ildən sonra sülhməramlılar regionu tərk edəcəklər və Laçın dəhlizinin statusunu yenidən müzakirə etmək zərurəti yaranacaq: “Zəngəzur dəhlizindən keçən dəmir yolu xətti də həmin vaxtlarda hazır olacaq və hər iki dəhlizin statusu eyni vaxtda gündəliyə gələcək. Düşünürəm ki, Azərbaycan Zəngəzur və Laçın dəhlizlərinə eyni statusun verilməsini tələb etməli və buna nail olmalıdır. Yaxın vaxtlarda ilk növbədə sərhədlərin delimitasiyasını nəzərdə tutan üçtərəfli görüş yəqin ki, keçiriləcək və bu görüşün nəticəsində Ermənistan cəmiyyətində növbəti ”şok" yaradan hadisələr baş verəcək. Bu hadisələr içərisində Zəngəzurun Azərbaycana qaytarılması ola bilərmi? “Kommunistlərin səhvi” düzəlmədən də son dövrlər kifayət qədər ağır günlər yaşayan Ermənistanda sarsıntıların davam edəcəyi şübhə doğurmur. Düşmənin son dərəcə ağır duruma düşdüyü və vəziyyətdən çıxmaq üçün çabaladığı bugünlərdə biz xüsusilə diqqətli və ehtiyatlı olmalıyıq. Arxayınlaşmaq qətiyyən olmaz".
Etibar SEYİDAĞA,