azia.az
azia.az

Rusiyadan Qarabağda ÇİRKİN PLAN - Moskva bəyanatı kobud pozdu - FOTO

15-11-2021, 13:46

Rusiyadan Qarabağda ÇİRKİN PLAN - Moskva bəyanatı kobud pozdu - FOTO
Keçən ilin bu günləri sona çatan Vətən müharibəsində ağ bayraq qaldıraraq kapitulyasiya aktına imza atıb, məğlub olduğunu rəsmən elan edən Ermənistan yenə əsl simasının dəyişməyəcəyini təsdiqlədi.

Belə ki, noyabrın 13-də səhər saatlarında Xankəndi-Laçın şosse yolu ilə Laçın şəhəri istiqamətində hərəkətdə olan "Mercedes Benz" markalı avtomobillə Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan adlı erməni Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları istiqamətində əl qumbarası ataraq üç nəfər hərbi qulluqçumuzun müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olub. Hadisəni törədən Norayr Mirzoyanın Rusiya sülhməramlı kontingentinin mənsubları tərəfindən saxlanılaraq elə həmin gün İrəvana təhvil verilməsi ortaya bir çox şübhələr çıxardı.

Rusiyadan Qarabağda ÇİRKİN PLAN - Moskva bəyanatı kobud pozdu - FOTO
Beynəlxalq hüququn norma və prinsiplərinə əsasən terrorçu ən ağır şəkildə cəzalandırılmalı idi. Xüsusən də ötən ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərini nəzərə alsaq, Şuşa yaxınlığında azərbaycanlı hərbçilərə əl qumbarası atan adam yerindəcə zərərsizləşdirilməli, güllələnməli olduğu halda rus sülhməramlılarının atdığı bu addım heç bir normaya uyğun hərəkət deyildi.

Belə məlum olur ki, Rusiya sülhməramlılarının terrorçunu həbs edib apardıqları görüntüsü yaratması isə tamamilə aldadıcı, saxta, öncədən planlaşdırılmış oyunun tərkib hissəsidir. Belə olmasaydı, normalda digər ölkənin sərhədləri daxilində terror törədən istənilən şəxs məhz həmin dövlətin qanunları çərçivəsində cəzalandırılması üçün tərəfimizə təvil verilməli idi. Lakin rus sülhməramlılarının bu addımına "terrorçunu xilas etmək"dən başqa ad vermək mümkün deyil. Və bu cür addımlar heç şübhəsiz ki, revanşist qüvvələrin və bölgədə sülhə, sabitliyə qarşı olan, işğalçılıq ritorikasından əl çəkməyən qüvvələrin əlinə fürsət verir ki, bundan sonra da Azərbaycana qarşı Qarabağda, Zəngəzurda terror əməlləri törətməkdə davam etsinlər. Bu hadisələrdən sonra belə terror aktlarının qarşıdakı günlərdə artacağı da istisna edilmir. Çünki Rusiya sülhməramlı kontingentinin terrorçunu "xilas edib", Ermənistana təhvil verməsi onların təhlükəsizliyinə öncədən verilmiş bir zəmanət iddialarını ortaya atır.

Rusiyadan Qarabağda ÇİRKİN PLAN - Moskva bəyanatı kobud pozdu - FOTO
Bütün bunlar bir məsələni önə çıxardır: Ermənistan tərəfindən Azərbaycan hərbçilərinə qarşı terror aktı rəsmi İrəvanın 10 noyabr üçtərəfli bəyanatından açıq-aydın imtinası deməkdir. Əgər Rusiya həqiqətən də bundan narahatdırsa, çox güman ki, bu cür təxrbatların qarşısını almaq üçün rəsmi Bakı ilə birgə fəaliyyət göstərməli idi. Terror aktına cəhd edən şəxsləri Azərbaycanın güc strukturlarına təhvil verməklə cinayət məcəlləmizə uyğun şəkildə cəzalandırılmalı idi ki, digər bu cür addımları fikrindən keçirən terrorçulara görk olsun, onlara göz dağı olsun. Amma əfsuslar olsun ki, Rusiya bu gözlənilənin əksini edərək terror aktlarının çoxalmasına xidmət edəcək "jesti" ilə sülhməramlıların fəaliyyətinə növbəti dəfə kölgə saldı.

Təəssüf ki, Rusiya tək bu addımı ilə Kreml rəhbərinin də imzası olan bəyanata qarşı çıxmadı. Sülhməramlılar artıq səlahiyyətlərini daha da aşmağa başlayıblar. Buna misal kimi sosial şəbəkələrin erməni seqmentində Rusiya sülhməramlılarının Xocalı hava limanında iki "Mi-17" hücum helikopteri yerləşdirməsi kadrlarının yayılması faktıdır.

Rusiyadan Qarabağda ÇİRKİN PLAN - Moskva bəyanatı kobud pozdu - FOTO
Üçtərəfli razılaşmaya əsasən, Rusiya tərəfindən Qarabağa 90-a qədər zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilə biləcəyi halda artıq sülhməramlıların hərbi təchizatına döyüş və hücum aviasiyasının da əlavə edilməsi Moskvanın bəyanatın şərtlərini kobud şəkildə pozması deməkdir. Beləliklə, faktiki olaraq sülhməramlılar artıq Qarabağda hücum silahlarına malikdir. Terrorçunu, hərbiçilərimizə qarşı sui-qəsd cəhdi edən şəxsi zərərsizləşdirməyi ağlının ucundan da keçirmədiyini göstərən sülhməramlılar bəs bu hücum silahlarını kimə qarşı nəzərdə tutur? Təbii ki, sual ritorikdir. Qarabağda əgər sülhməramlı terrorçuya qarşı o silahlardan istifadə etməyi, onu zərərsizləşdirmək üçün hər hansı bir addım atmağı rəva bilmirsə, Rusiyanın baza yaratmaq kimi planlarının Bakıya qarşı güc nümayişi üçün hazırlıq planına da daxil edilə bilər. Təbii ki, hazırki reallıq Moskvanın buna cəhd edəcəyinin reallıqdan çox uzaq bir məsələ olduğunu deməyə əsas verir. Amma bunun üçün Rusiyanın artıq ilk addımlar atması, nə vaxtsa belə bir planın işə düşəcəyini də istisna etmir. Belə davranışlar Moskvanın sülhməramlılarının Qarabağda müvəqqəti yerləşdiyi əraziləri öz forpostu elan etmək üçün ciddi şəkildə fəaliyyət göstərəcəyi iddialarını artırır. İş orasındadır ki, Rusiya Qarabağda tam zirehli döyüş helikopterlərinə malik olmasını heç gizlətmir də. Heç şübhəsiz ki, bu məsələlər Bakının Moskvaya qarşı etimadını ciddi şəkildə sarsıdacaq.

Söhbət ondadır ki, revanşist ruhlu haylar sözügedən faktdan məhz Rusiya "sülhməramlı"ları tərəfindən separatçı-terrorçu rejimə təhvil verilmiş terrorçu Norayr Mirzoyanın Şuşada Azərbaycan hərbi postuna qarşı keçirdiyi son terror aktından sonra Qarabağ və Ermənistandakı erməniləri Azərbaycana qarşı mübarizəyə ruhlandırmağa çalışır. Demək istəyirlər ki, narahat olmayın Moskva arxamızdadır. Elə bu səbəbdən də Ermənistanda artıq bəzi revanşist qüvvələr yeni terror aktları üçün Norayr Mirzoyanın törətdiyi əməldən sonra teraktlarını intensivləşdirmək məqsədilə müxtəlif addımlar atmağa başlayıblar. Rusiyanın terrorçuları qoruduğu bu cür davranışından sonra əl-qolu açılan ermənilər yeni terror aktları üçün artıq fəaliyyətlərini gücləndiriblər.

13 noyabrda üç hərbiçimizin xəsarət aldığı terror aktını törədən Norayr Mirzoyan adlı erməninin İrəvana təhvil verilməsindən sonra Ermənistan indi də terror törədən vətəndaşını qəhrəmanlaşdırmağa başlayıb. Erməni rejissor, hansısa "Ermənistan Milli Qvardiyası" adlı təşkilatın sədri Arşak Zakaryanın Şuşada Azərbaycanlı hərbçilərə qumbara ataraq terror törədən cinayətkara pul mükafatı (1000 dollar - red.) verəcək.

Rusiyadan Qarabağda ÇİRKİN PLAN - Moskva bəyanatı kobud pozdu - FOTO
Terrorçulara dəstək olmaq üçün yaradılan qurumun rəhbəri Norayr Mirzoyanı mübarizə lideri adlandıraraq "Onu tək qoymamaq hamımızın borcudur" deyə, Ermənistana çağırış edib. Arşak Zakaryanın QHT kimi fəaliyyət göstərən "Ermənistan Milli Qvardiyası" təşkilatının əslində Ermənistan təhlükəsizlik xidmətinə bağlı olduğuna dair məlumatlar var. Belə aydın olur ki, terrorçu Mirzoyana yardım edən və onun timsalında terroru qəhrəmanlaşdıran bu qurum öz çağırışı ilə digər erməniləri Azərbaycana qarşı terrora təşviq etməsi böyük bir təxribat hazırlığının bir hissəsidir.

Bu, bir daha göstərir ki, Ermənistan terror dövlətidir və onlar öz revanşist əməllərindən əl çəkməyəcəklər. Ermənistan Silahlıq Qüvvələrinin ötən gün Kəlbəcər və Laçın istiqamətində növbəti təxribatlar bunun təsdiqidir. Lakin Azərbaycan da bütün bunlara görə istər rəsmi İrəvana, istər də ona havadarlıq edən dövlətlərə, qüvvələrə sakit mövqe sərgiləmək fikrində deyil. Ermənilərin növbəti təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri təxirəsalınmaz tədbirlər həyata keçirərək erməni postunu nəzarətə götürməsi rəsmi Bakının qarşı tərəfin təxribatlarına qarşı adekvat cavab veriləcəyini və hətta bunun lokal əməliyyatlarla da nəticələnəciyi reallığından xəbər verir. 44 günlük Vətən müharibəsi zamanı düşmən ordusunun böyük bir hissəsini məhv edərək Qarabağda, bölgədə reallığı tamamilə xeyirinə dəyişən Azərbaycan bundan sonra təxribatlarla, terror aktları ilə hansısa üstünlük qazanmaq cəhdinə çalışan erməni revanşistlərinə aman verməyəcək. Bu təxribatların növbətisi bəlkə də çox yaxın zamanda Azərbaycan Ordusunun səbrini daşıran son damla olacaq. Bunu isə zaman göstərəcək...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi