Ruslar Qarabağa niyə girdi və biz Xankəndiyə nədən girmədik? - Politoloq izah etdi
"44 günlük müharibə ilə bağlı Azərbaycanda ən çox səslənən suallardan biri budur: Azərbaycan ordusu Şuşanı azad edəndən sonra Xankəndiyə niyə daxil olmadı və rəsmi Bakı rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsinə niyə razılaşdı?”.
Azia.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Azərbaycan ordusu Şuşanı azad etdikdən sonra Xankəndiyə daxil olsaydı, beynəlxalq birlik Azərbaycanı etnik təmizləmədə ittiham edə bilərdi: "Ölkəmizə qarşı təzyiqlər artacaqdı. Digər tərəfdən qış ayları yaxınlaşdığına görə, işğaldakı rayonları ordumuzda itki vermədən danışıqlar yolu ilə azad edilməsi vacib idi və buna nail olundu. Bunun qarşılığında mümkün variant kimi ermənilər yaşayan bölgələrdə rusiyalı hərbçilərin müvəqqəti yerləşidirilməsinə razılıq verildi. Azərbaycan ordusu yalnız Dağlıq Qarabağın ətrafını – 7 rayonu deyil, Hadrut və Şuşanı azad edib və bu daha böyük uğurdur. Ordumuz həm Dağlıq Qarabağın ətrafını azad etdi, həm də Dağlıq Qarabağın içərisinə daxil oldu”.
E.Şahinoğlu Qarabağla bağlı görüləcək işlərin qaldığını da əlavə edib: "Rusiyalı hərbçilərin 4 ildən sonra Qarabağı tərk etməsi, yerdə qalan separatçıların tərksilah olunması, Qarabağdakı ermənilərin Azərbaycan qanunlarına tabe olması və Laçın dəhlizinin nəzarətə götürülməsi kimi hədəflərimiz var”.