Yeni yaradılan komandolar XTQ-dən nə ilə fərqlənəcək? – Polkovnik AÇIQLADI
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Ordusunun yeni yaradılan komando hərbi hissəsi istifadəyə verilib.
Komandolar 44 günlük Vətən müharibəsində xüsusi rəşadət göstərərək dünya hərb tarixində qızıl səhifə açan xüsusi təyinatlı qüvvələrimizdən nə ilə fərqlənəcək? Ümumiyyətlə, komandolar XTQ-ni əvəzləyəcək? Onların fəaliyyəti nədən ibarət olacaq?
Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki, iki dəfə “Azərbaycan Bayrağı” ordenli Şair Ramaldanov Publika.az-a açıqlamasında söyləyib ki, 44 günlük Vətən müharibəsindən sonra müəyyən təhlillər aparılıb, bunun da nəticəsi olaraq bir sıra islahatlar həyata keçirilir:
“Müharibədə qazanılmış təcrübələr əsasında Azərbaycan Silahlı Qüvvələrinin bundan sonra hansı formada fəaliyyəti, hansı birliklərin, hansı ixtisasların, döyüş hazırlığının hansı formalarının daha uyğun olması təhlillər əsasında müəyyənləşdirilir. Bütün bunlar gələcəkdə qarşıya qoyula biləcək tapşırıqların vətənin təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Bütün bu məsələlər diqqətlə öyrənilir. Azərbaycan ərazi baxımından dağlıq-meşəlik areala sahibdir. Yeni komandolardakı hərbi tapşırıqlarda hansısa iri qrupların deyil, daha kiçik qrupların fəaliyyəti məqsədəuyğun ola bilər. Komando o qədər də böyük olmayan qruplardır. Komandolar hansısa xüsusi tapşırığı müstəqil şəkildə yerinə yetirən bir bölməyə deyilir. Onlar hansı tapşırıqları yerinə yetirəcəklərsə, komandoların döyüş planı və hazırlığı həmin plana uyğun şəkildə aparılacaq. Məşğələlər, təlimlər də buna uyğun şəkildə gerçəkləşdiriləcək. Prinsipcə xüsusi təyinatlı qüvvələrlə komandolar arasında elə də böyük fərq yoxdur”.
Polkovnik bildirib ki, biz 44 günlük Vətən müharibəsində dəniz piyadalarının, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin tərkibindəki xüsusi təyinatlıları da gördük:
“Onlar sonuncu müharibədə qarşıya qoyulan tapşırıqların hamısını yerinə yetirdilər. Nəticədə biz qələbə qazandıq. Düşünürəm ki, bundan sonra yaranacaq hər bir qurum müharibədəki təcrübələri nəzərə alaraq həmin təcrübədən irəli gələn yanaşmaları diqqətdə saxlayacaq. Bu, hər hansı bir qurumun tərkibində yeni yaradılacaq birləşmələrə də şamil ediləcək. Mən məsələləri qabaqlamaq istəmirəm. Hər halda, komando sözü bizə türklərdən gəlir. Türkiyə Silahlı Qüvvələrində xüsusi təyinatlı birləşmələr komandolar adlandırılır. Biz isə onlara xüsusi təyinatlı adını vermişik. Xüsusi təyinatlılar bütün qurumlarda var. Ona görə ki, onlar xüsusi təyin olunmuş tapşırıqları yerinə yetirirlər. Həmin xüsusi tapşırıqlar dəniz piyadalarında, DTX-də, eləcə də sadaladığım bütün qurumlarda ola bilər. Qarşıya qoyulan tapşırıqlardan irəli gələrək qurumlar yaradılır. Həmin tapşırıqlara uyğun olaraq qurumlar qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün plan üzrə döyüş hazırlığı keçirlər. Təbii ki, burada silah-sursatla təminatı da nəzərdə tuturam”.