BMT-nin Komitəsinə ilk dəfə azərbaycanlı vitse-sədr seçilib
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinə (CEDAW) ilk dəfə olaraq azərbaycanlı vitse-sədr seçilib.
"Report" xəbər verir ki, vitse-sədr vəzifəsini Azərbaycanın beynəlxalq hüquq üzrə eksperti, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov icra edəcək.
Beləliklə, fevralın 15-də E.Səfərov BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin 78-ci sessiyasında sədr müavini vəzifəsinə seçilib.
Qeyd edək ki, E.Səfərov 1982-ci ildə anadan olub. O, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiridir. E.Səfərov uzun müddətdir Dövlət Komitəsində çalışır.
O, 18 ilə yaxın insan hüquq və azadlıqlarının təmin edilməsi, beynəlxalq hüquq, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, beynəlxalq humanitar hüquq, qadın və uşaq hüquqlarının müdafiəsi və digər sahələr üzrə BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edir.
Ekspert uzun illər ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Avropa Şurasının Gender bərabərliyi Komissiyasının (2007-2018-ci illər) fəaliyyətində iştirak edib. E.Səfərov Bakı Dövlət Universitetində və Dövlət Gömrük Akademiyasında beynəlxalq hüquq, ailə hüququ, beynəlxalq humanitar huquq və digər fənnləri tədris edib. Ekspertin ingilis, rus və azərbaycan dilində 50-dən çox elmi araşdırma və tədqiqatları çap edilib.