azia.az
azia.az

FETÖ Milli Məclisdəki mandatını qorumağa çalışır - İDDİA

28-01-2020, 03:53


FETÖ Milli Məclisdəki mandatını qorumağa çalışır
Beyləqanda hakim partiyanı Milli Məclisdə layiqlə təmsil edə biləcək minlərlə YAP üzvü və təəssübkeşi vardır. Onların kənarda saxlanılaraq əslən Bakının Suraxanı rayonundan olan 33 yaşlı Şahin İsmayılovun 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində 81 saylı Beyləqan Seçki Dairəsindən YAP tərəfindən deputatlığa namizədliyinin irəli sürülməsi rayonda birmənalı qarşılanmayıb. Haqlı sual ortaya qoyulur: Əgər YAP-ın məqsədi Milli Məclisin tərkibində partiyanı təmsil edəcək deputatları məhz gənclər arasından seçməkdirsə, belə namizədi məhz beyləqanlı gənclər arasından da axtarmaq olardı. Belə çıxır ki, Şahin İsmayılov əvvəlki çağırışda olduğu kimi bu dəfə də “seçilməyə” göndərilib.
FETÖ Milli Məclisdəki mandatını qorumağa çalışır - İDDİA
İngilis, Rus, Fransız, Alman dillərini bilən Şahin İsmayılov bircə Beyləqan seçicilərinin dilini bilmir. Yalnız seçki vaxtı onlara işi düşən Şahin İsmayılov 2015-ci ildə Milli Məclisdə mandat alandan sonrakı dönəmdə verdiyi vədləri unudub. Rayona gələndə də İcra Hakimiyyətinin qonağı olub, sıravi seçicilərlə deyil, yerli məmurlarla görüşüb. Onun köməyinə əsl ehtiyacı olan sadə, problemli vətəndaşlardan uzaq gəzib. Rayonun vəzifəli şəxsləri ilə – icra nümayəndələri, bələdiyyə sədrləri, təhsil başqanları ilə oturub-durub. Bu da anlaşılandır, məhz adları çəkilən vəzifələrin icraçıları seçkiyə müdaxilə etmək imkanına malik olan inzibati resursları təşkil edirlər.

Şahin İsmayılovun tərcümeyi-halında “seçilmişdir” sözü az qala hər cümlənin sonunda yer alır: 2008-ci ildə ADU-nun Tələbə Gənclər Təşkilatının sədri seçilmişdir. 2009-cu ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təsis qurultayında İttifaqın sədri seçilmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv seçilmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü seçilib…və s. Erkən gəncliyindən ictimai fəallığı danılmaz olan Şahin İsmayılovun fəaliyyət göstərdiyi hər meydanda aktivliyi və təşkilatçılığı ilə diqqəti çəkməsi inandırıcıdır. Ancaq bu o demək deyildir ki, “seçilmişlərin rekordsmeni” kimi təqdim olunması onun əyalətdə də kifayət qədər səs toplayacağına zəmanətdir. Azı o, daha çox dövlət tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatına hər il ayrılan külli miqdarda vəsaitləri mənimsəyən bir şəxs kimi tanınmaqdadır. Məlumata görə, YAP-ın vahid namizədi heç həqiqi hərbi xidmət də keçməyib.

Bu günlərdə RealMedia.az-ın redaksiyasına Şahin İsmayılovun ödülləndiyi anı əks etdirən fotosu daxil olub. Təltif olunduğu fəxri fərmanı ona nurçularla işbirliyində olmuş Elnur Aslanov təqdim edir. FETÖ-nün pozucu fəaliyətinin qardaş Türkiyədə ifşa olunmasından sonra hörgütün Azərbaycan cəmiyətinə, hətta yüksək dövlət qurumlarına da nüfuz etdiyi üzə çıxdı və onun Azərbaycandakı dayaqlarının təqibi çərçivəsində bir çox məmur, o cümlədən Elnur Aslanov Prezident Administrasiyasında tutduğu vəzifədən kənarlaşdırıldı. Bununla belə, Şahin İsmayılovun məsuliyyətə cəlb olunmadan kənarda qalması, karyerada yüksəlişinin təmin olunması onu deməyə əsas verir ki, həyata keçirilən işlərin qeyri-ardıcıllığı və “gizli əllər”in müdaxiləsi sayəsində ölkədəki gülənçilərin tam şəkildə zərərsizləşdirilməsi təəssüf ki, mümkün olmayıb və o, yeni formalaşacaq parlamentimizdə də mandat qazanmağa çalışır.

RealMedia.az olaraq şəkillər bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi