İlham Əliyevin fikirləri ədalət anlayışına xüsusi münasibət ifadəsidir - Əflatun Amaşov
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli jurnalistlərə müsahibəsində ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatının ən müxtəlif tərəflərinə dair fikirlərini səsləndirdi. Bu, cəmiyyətdə, vətəndaşlarda əminlik yaradır.
Bunu Publika.az-a ölkə rəhbərinin yerli jurnalistlərə verdiyi müsahibəyə münasibət bildirərkən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
Millət vəkili vurğulayıb ki, Prezident gələcəkdə də vətəndaşları narahat edən tendensiyalara münasibətdə barışmaz olacaq: "Biz görürük ki, barışmır da. Onun apardığı struktur və kadr islahatları bunu təsdiqləyir. Heç şübhəsiz ki, islahatlar davamlıdır. Bu isə Azərbaycan xalqının rifahına, daha yaxşı yaşamasına olan ali təminatdır. İlham Əliyev həmçinin Azərbaycanın beynəlxalq arenadakı mövqeyini də izah etdi. Xarici siyasətimizdəki 2 əsas xətti gördüm. Bunlardan birincisi, bütövlükdə beynəlxalq siyasi proseslərin kontekstində Azərbaycanın mövqeyi, xüsusən də enerji siyasəti, Avropaya inteqrasiya məsələləridir. Digər məqam isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi-diplomatik fəaliyyətdir. Cənab Prezident müsahibəsində hər iki məsələyə yetərincə əhatəli yanaşdı. Ölkəmizin xarici siyasətdəki dayanıqlılıq faktorlarını açıqladı. Təbii, Dağlıq Qarabağ münaqişəsi başlıca hədəfdir. Ümumən ölkəmiz enerji sahəsindəki üstünlüyünü münaqişənin ədalətli həlli yolundakı diplomatik fəaliyyətə kifayət qədər bacarıqla tətbiq edir. Bu, xarici siyasətimizin mühüm təsir qüvvəsi, prinsipiallıq dayağıdır.
İlham Əliyevin düşüncələri, açıqladığı fikirlər də bundan xəbər verir. İstənilən cəmiyyət ədalət axtarışındadır. Fərqi yoxdur, inkişaf etmiş olsun, ya inkişaf etməkdə olan. Əlbəttə, müəyyən mənada bu anlayışın özü də nisbidir. Ancaq nəzərə alaq ki, geniş ictimaiyyətin, toplumun baxışlarındakı ədalətin kökü həmin cəmiyyətin milli-mənəvi dəyərlər sisteminə, ənənələrinə söykənir. Cənab Prezident müsahibəsində bu cəhətlərə kifayət qədər incəliklə toxundu. Onun fikirləri ədalət anlayışına xüsusi münasibət ifadəsidir. Dövlət başçısı bəyan edir ki, bu münasibət dövlət idarəçiliyinin qayəsini təşkil etməlidir. Hesab edirəm ki, hər bir məmur, vəzifəli şəxs gələcək fəaliyyətini ölkə başçısının müsahibədə səsləndirdiyi fikir və düşüncələrdən ciddi nəticə çıxararaq qurmalıdır.
Tağı Həsənov