Bu iynə sizi öldürə bilər - Həkimdən xəbərdarlıq
Azia.az- xəbər verir ki, İnsan orqanizmində antibiotiklərə qarşı həssaslıq, allergik reaksiya ola bilər.
Bu sözləri tibb elmləri doktoru Adil Qeybulla Şabranda 8 yaşlı uşağın antibiotik vurulduqdan sonra dünyasını dəyişməsi ilə bağlı danışarkən deyib. O, antibiotiklərin insan həyatı üçün təhlükəli olduğunu bildirib:
“Belə dərmanlar anafilatik şok yarada və ölümlə nəticələnə bilər. Bundan əvvəl arı sancması nəticəsində insan ölümü halları ilə qarşılaşmışıq. Çünki arı zəhərinin də insan bədəninə daxil olanda anafilatik şok yaratması mümkündür. Ən çox pensilin qrupuna daxil olan antibiotiklər allergik reaksiya ilə nəticələnir. Bununla yanaşı, xəstəyə antibiotiklər, ağrıkəsicilər, novokain və s. yeridiləndə əvvəlcə soruşulmalıdır ki, bu dərman əvvəldən ona vurulub, ya yox. Allergik reaksiyası olan və ya həssas orqanizmə sahib insanlara profilaktik olaraq antistamin dərmanlar (dimedrol, suprastin və s.) vurmaq lazımdır ki, heç olmasa, reaksiyası güclü olmasın.
Ümumiyyətlə, “sınaq” (“prob”) dünyanın heç yerində qəbul olunmur. Sınaqdan da insan anifilaktik şoka düşə bilər.
Antibiotik allergik reaksiyası olmayan insanlar üçün də problem yarada bilər. O zaman dərhal reanimasiya tədbirləri görülməlidir. Ona görə də ev şəraitində iynə vurmaq məsləhət deyil. Bizdə insanlarımız xəstələnəndə yoldan keçən birini çağırıb sistem qoşdurur, iynə vurdurur və s. Həmin xəstənin başına bir iş gəlsə, ev şəraitində ona hansısa formada kömək göstərmək də olmur”.
Həkimin sözlərinə görə, həb formasında olan antibiotiklər də insan səhhətinə mənfi təsir göstərə bilər:
“Düzdür, həb formasında olan antibiotiklərə qarşı allergik reaksiya iynədə olduğu kimi güclü deyil, amma bütün hallarda ehtiyatlı olmaq lazımdır. Həb formasında olan antibiotiklər əks təsir göstərən zaman mədə yuyulur, xəstəyə sidikqovucu dərmanlar verilir və s.
Antibiotiklərin xəstəyə zərərli olub-olmamasını yoxlamağın yeganə yolu insan bədənidir. Xəstə dərmanı qəbul etməsə, orqanizminin antibiotikə qarşı nə reaksiya verəcəyini bilmək olmaz. Müəyyən yaşa çatmış insanlar bir qədər təcrübəli olur və təxmini bilir ki, hansı dərman preparatları onlarda həssaslıq yarada bilər”.
Qeyd edək ki, ötən gün Şabran rayonunda 8 yaşlı uşağın antibiotik iynə vurulandan sonra vəziyyəti ağırlaşıb, daha sonra yerləşdirildiyi xəstəxanada ölüb. Yaxınlarının bildirdiyinə görə, Gülnur Dadaşovanın ölümünə səbəb həkimin antibiotiki “sınaq” (“prob”) qoymadan vurması olub.
Aybəniz Abdulova