Ölkə xaricinə köçən şəxslər niyə xəstəlik tapırlar?
Son illərdə təhsil və ya iş üçün xaricə köçən insanların sayı artır. Bununla yanaşı, bəzi şəxslər yeni ölkəyə köçdükdən sonra müxtəlif sağlamlıq problemləri ilə üzləşdiklərini bildirirlər. Bəs həqiqətən də ölkə dəyişikliyi sağlamlığa təsir edə bilərmi? Xaricə işləməyə gedən şəxslər bu riskləri azaltmaq üçün əvvəlcədən hansı tədbirləri görməlidirlər?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev Valyuta.az-a bildirir ki, yeni ölkəyə uyğunlaşmaq təkcə sosial və mədəni dəyişikliklərlə məhdudlaşmır, eyni zamanda insanın sağlamlığına da müəyyən təsirlər göstərə bilər:
“Ölkə dəyişikliyi zamanı iqlim, qidalanma vərdişləri, suyun mineral tərkibi, ətraf mühitdəki allergenlər, gündəlik həyat tərzi və psixoloji stress kimi amillər orqanizmin uyğunlaşma prosesinə təsir edir. İqlim dəyişikliyi xüsusilə tənəffüs sistemi və dəri problemlərinin yaranmasına səbəb ola bilər. Soyuq və ya rütubətli hava şəraiti bəzi insanlarda allergik reaksiyaları və ya xroniki xəstəliklərin əlamətlərini gücləndirə bilər. Eyni zamanda, fərqli qidalanma vərdişləri həzm sistemində narahatlıqlara, vitamin və mineral balansında dəyişikliklərə səbəb ola bilər. Bəzi ölkələrdə suyun tərkibinin fərqli olması da ilk vaxtlarda mədə-bağırsaq problemləri yarada bilər”.
O deyir ki, bununla yanaşı, yeni mühitə uyğunlaşma prosesi psixoloji baxımdan da müəyyən çətinliklər yarada bilər: “Dil baryeri, ailədən uzaq qalmaq, yeni iş mühitinə uyğunlaşmaq və sosial dəstəyin azalması stress səviyyəsini artıraraq yuxu pozğunluqları, yorğunluq və immun sisteminin zəifləməsinə təsir göstərə bilər”.
“Xaricə işləməyə və ya təhsil almağa gedən şəxslər sağlamlıq risklərini azaltmaq üçün əvvəlcədən hazırlıq görməlidirlər. Səfərdən öncə ümumi tibbi müayinədən keçmək, yaşayacağınız ölkə ilə bağlı zəruri peyvəndləri etdirmək, xroniki xəstəliklər varsa həkimlə məsləhətləşmək və istifadə olunan dərmanların kifayət qədər ehtiyatını götürmək tövsiyə olunur. Bundan əlavə, gediləcək ölkənin iqlimi, qida xüsusiyyətləri və səhiyyə sistemi barədə məlumatlı olmaq, sağlam qidalanmağa diqqət yetirmək, kifayət qədər su qəbul etmək və fiziki aktivliyi qorumaq orqanizmin yeni mühitə daha rahat uyğunlaşmasına kömək edir” – deyə terapevt əlavə edib.
Şəbnəm İbrahimxəlilova