Xəstəlik riski arta bilər - Həkimdən XƏBƏRDARLIQ
Havaların son dövrlərdə qeyri-sabit keçməsi, temperaturun gün ərzində belə kəskin dəyişməsi və mövsümlərin əvvəlki ritmini itirməsi insanların sağlamlığına birbaşa təsir göstərir. Mütəxəssislər bildirirlər ki, belə hava şəraiti həm psixoloji vəziyyətə müsbət təsir edə, həm də müxtəlif virus infeksiyalarının yayılmasına şərait yarada bilər.
Bəs dəyişkən hava şəraiti sağlamlıq üçün hansı riskləri yaradır və onlardan necə qorunmaq olar?
Azia.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, havaların isinməsi insanların psixoloji durumuna müsbət təsir göstərir:

“Günəşli və isti hava insanların əhval-ruhiyyəsinin yüksəlməsinə, daha pozitiv və enerjili hiss etməsinə səbəb olur. Bu baxımdan havaların istiləşməsinin insan sağlamlığına müsbət təsirləri var”.
Təəssüf ki, temperaturun tez-tez dəyişməsi qrip və digər respirator virusların yayılmasına əlverişli şərait yaradır. İnsanlar isti havaya aldanaraq yay geyimləri ilə çölə çıxırlar. Lakin havanın qəfil soyuması orqanizmin bu dəyişikliklərə uyğunlaşmasını çətinləşdirir və nəticədə xəstələnmə halları artır”.
G.Lətifova qeyd edib ki, yay mövsümünün başlanması ilə kondisionerlərdən istifadənin artması da sağlamlıq üçün əlavə risk yaradır:
“Kondisionerlərin yaratdığı soyuq hava axını bəzi hallarda orqanizmin müqavimətini zəiflədə və soyuqdəyməyə səbəb ola bilər. Buna görə də temperatur fərqinin kəskin olmamasına diqqət yetirilməlidir.
İnsanlar hava şəraitinə uyğun, balanslı geyinməyə çalışmalı, bol maye qəbul etməli, gündəlik qidalanmada meyvə və tərəvəzlərə üstünlük verməlidirlər. Güclü immun sistemi orqanizmi virus və bakteriyalara qarşı daha davamlı edir”.
Həkim özbaşına müalicənin təhlükəli olduğunu vurğulayaraq bildirib ki, xəstəlik əlamətləri yarandıqda mütləq ailə həkiminə və ya mütəxəssisə müraciət etmək lazımdır:
“Qeyri-elmi və ya təsdiqlənməmiş üsullarla müalicəyə cəhd göstərmək düzgün deyil. Həkim nəzarəti altında düzgün preparatlar qəbul edildikdə sağalma prosesi daha sürətli və təhlükəsiz olur”.
Aynurə İsmayıl