Lüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan direktorun 89 min AZN-lik əməliyyatı
"Nərimanov Tibb Mərkəzi" publik hüquqi şəxs tibbi avadanlıqların təmiri xidmətlərinin satın alınması məqsədilə vəsait ayırmağı planlaşdırır.
32gun.az xəbər verir ki, müqavilənin dəyəri 89.638,70 manat məbləğindədir.
Satınalma tibb müəssisəsində mövcud avadanlıqların texniki sazlığının bərpası və fasiləsiz tibbi xidmətin təmin olunması məqsədini daşıyır.
Qeyd edək ki, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovdur.
Xatırladaq ki, 2023-cü ildə yayılan məlumata əsasən, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun yaxın qohumlarını mərkəzdə müxtəlif vəzifələrə yerləşdirdiyi, hətta təcrübəsiz və tibbi təhsili olmayan şəxslərin belə işə götürüldüyü iddia olunurdu. Həmçinin, onun dəbdəbəli həyat tərzi sürməsi, bahalı avtomobil və mənzil alması, ailə üzvlərinin adına obyektlər açması kimi faktlar gündəmə gəlmişdi.
Məsələ ilə bağlı açıqlama almaq istəyən jurnalistlər isə Mərkəzin ictimaiyyətlə əlaqələr bölməsindən məhkəmə ilə hədələnmişdi.
Fotoda: Adil Məmmədzadə
Həmçinin, mediada gedən məlumatlara görə, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov ötən il Adil Vilayət oğlu Məmmədzadə tərəfindən 400 min manatlıq borc qalmaqalı ilə bağlı məhkəməyə verilmişdi. Məsələ sonradan "başqa müstəvidə" həll olunub və Adil Məmmədzadə 2025-ci ildə Fazil Alməmmədovun müavini təyin edilib. Qeyd edək ki, Fazil Alməmmədovun ailə üzvlərinin də Tibb Mərkəzində vəzifə tutması ilə bağlı araşdırmalar yayılmışdı.
Ayaz