azia.az
azia.az

Özəl xəstəxanalar bunları niyə BAHALAŞDIRIB — ARAŞDIRMA

13-12-2024, 09:43

Son aylarda özəl xəstəxanalarda göstərilən xidmətlərin qiymətlərində artım müşahidə edilir. Xüsusilə paytaxt Bakıda fəaliyyət göstərən özəl xəstəxanalarda əməliyyatlar bahalaşıb.

Azia.az bloqu xəbər verir ki, Modern.az-ın apardığı araşdırmaya görə, bahalaşma daha çox qeysəriyyə və yırtıq əməliyyatlarında qeydə alınıb. Digər əməliyyatlarda da ciddi qiymət artımı olduğu qeyd olunur.

Qiymət artımı bütün xəstəxanalarda olmasa da, məşhur tibb müəssisələrində aparılan əməliyyatlarda 10-30 faiz arasında qiymət artımı olduğu görünür.

Bahalaşma sadəcə əməliyyatlarda deyil, digər xidmətlərdə də müşahidə edilir. Qiymət artımını rəsmi rəqəmlərdə də görmək mümkündür. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk 10 ayında əhaliyə göstərilən tibb xidmətlərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 2, 2022-ci illə müqayisədə isə 4 faiz artıb.

Qeyd edək ki, Azərbaycanda dövlət qurumları özəl xəstəxanalarda qiymətlərə müdaxilə edə bilmir.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəl tibb müəssisələrində xəstələrə göstərilən tibb xidmətlərinin tarifləri və şərtləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə müəyyənləşdirilir. Tibbi yardımın göstərilməsi tərəflər arasında bağlanan müqavilənin şərtləri ilə tənzimlənir.

Qiymət dəyişikliyini həmsöhbət olduğumuz deputat və ekspertlər də təsdiqləyib.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli məsələyə geniş spektrdan baxmaq lazım olduğunu deyir:

“Dünya standartları ilə baxdıqda elə qiymətlər var ki, bizdə kifayət qədər ucuzdur. Amma elə qiymətlər də var ki, qonşu ölkələrlə müqayisədə bir qədər yüksək ola bilir. Burada bir çox amillər var. Misal olaraq, həkim faktorunu göstərə bilərik ki, yüksək ixtisaslı həkimin müayinə məsələləri fərqli olur. Bununla yanaşı göstərilən xidmətin maya dəyəri məsələsini qeyd edə bilərik. Qanunvericilikdə dəyişikliklər o istiqamətdə gedir ki, İcbari Tibbi Sığorta çərçivəsində əhaliyə istər dövlət,istərsə də özəl sektorda tibb xərcləri xeyli azaldılsın”.

Deputatın sözlərinə görə, elə xidmətlər var ki, dövlət tibb müəssisələrində göstərmək olmur, yaxud vətəndaş özəl xəstəxanalara müraciət edir:

“Burada qanunvericiliyin normaları gözlənilməklə yönləndirmələr olunur. Digər məsələ də var ki, vətəndaşa dövlət sektorunda bütün xidmətlər təqdim olunursa, o özü könüllü imtina edirsə, artıq onun seçimidir. Qiymət məsələsinə gəldikdə isə, burada qiymətlər konkret olaraq dövlət tərəfindən tənzimlənmir. Özəl sektorda qiymət bazar iqtisadiyyatının qanunlarına uyğun şəkildə tənzimlənir. Hazırda özəl sektora axın azalıb,insanlar dövlət tibb müəssisələrinə daha çox müraciət edir. Çünki orada İcbari Tibbi Sığorta var. Üstəgəl etiraf etmək lazımdır ki, tibbi xidmətin keyfiyyəti də son illər xeyli yüksəlib”.

Komitənin digər üzvü Müşfiq Cəfərovun sözlərinə görə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, öz məhsulları, işləri və xidmətlər üçün qiymət və tariflər müəyyənləşdirmək sahibkarın hüquqlarından biri kimi müəyyən edilib:

“Ölkədə özəl xəstəxanalarda həkimlərin göstərdikləri xidmətlərə görə məbləği bazar və iqtisadi münasibətlər əsasında həkimlər fərdi olaraq müəyyənləşdirirlər. Yəni buna kimsə müdaxilə edə bilmir Digər tərəfdən Azərbaycanda tibbi ləvazimatlar istehsal olunmur, əksəriyyəti xarici ölkələrdən gəlir. Bu da əməliyyat qiymətlərinin artmasına təsir edir”.

M.Cəfərov bildirib ki, özəl xəstəxanalarda adətən bazarın tələbatına uyğun olaraq, qiymət müəyyənləşir:

“Bəzi özəl xəstəxanalarda 1500 manat, bəzilərində isə 1200 manat olaraq qiymət dəyişir. Elə əməliyyatlar var ki, 300 manatdır, eləsi var, 1000 mantdır. Bu qiymətlər əməliyyatların ağırlıq riskinə, istifadə olunan ləvazimatlara görə qiymətlər dəyişir. Ancaq bütün qiymətləri sahibkar özü təyin edir və bazar müəyyənləşdirir. Klinikalar istifadə etdiyi məhsullara, çalışdığı personala, verdiyi servisin keyfiyyətinə görə qiymət tərtib edir.Dünyada və Azərbaycanda ən bahalı əməliyyatlar orqan transplantasiyasıdır. Çünki bu əməliyyatda istifadə olunan ləvazimatlar və əməliyyatın ağırlığı çox yüksəkdir. Doğrudur, hazırda ölkədə İcbari tibbi sığorta tətbiq olunur, bu  vəziyyəti müəyyən mənada  yaxşılaşdırıb. Çünki bəzi əməliyyatlar sığorta sisteminə aid edilməyib. Əgər vətəndaşa zəruri olan tibbi xidmət dövlət xəstəxanasında reallaşdırıla bilmirsə, bu zaman dövlət sığorta sistemiylə əməkdaşlıq edən özəl tibbi müəsisələrdən hər hansı birinə ödəniş edərək, vətəndaş lazım olan xidmətdən yararlana bilir”.

Mövzu ilə bağlı danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla isə bildirib ki, özəl klinikalardakı qiymət tənzimləmələri bir sıra faktorlara bağlıdır: “Buraya vergi, ləvazimatların ölkəyə daxil olması və digər xarclər aiddir. Klinikalar da təbii ki, özlərinin mənfəətini düşünərək qiymətləri artıra bilərlər. Özəl klinikalarda qiymətlərin tənzimlənməsi ancaq rəqabət nəticəsində mümkündür. Düşünürəm ki, bu təsadüfi deyil. Kimsə buna müdaxilə edə bilməz”.

O bildirib ki, özəl klinikalara ödəniş etmək istəməyən vətəndaşlar dövlət xəstəxanalarına müraciət edə bilərlər: “Bu gün İcbari Tibbi Sığorta vasitəsilə dövlət mülkiyyətində olan xəstəxanalara müraciət edərək müalicə ala bilərlər. Amma özəl klinikalarda ola qiymətlərə dövlət müdaxilə edə, tənzimləyə bilməz”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi