Mingəçevir şəhər xəstəxanasında özbaşınalıq
"Mingeçəvir şəhər Mərkəzi Xəstəxanası" PHŞ-nin bir qrup əməkdaşı redaksiyamıza müraciət edib.
Xalqxeber.az xəbər verir ki, xəstəxana əməkdaşları işlədikləri yerdə özbaşınalıq hallarının çoxluğunu, xəstəxananın direktoru Faiq Abdullayevin yol verdiyi qeyri-qanuni əməllərin olduğunu iddia edirlər.
Hər ay aylıq maaşlarını gecikmə ilə aldıqlarını bildirən əməkdaşlar qeyd ediblər ki, bir neçə gündür ki, F.Abdullayevin başqa şəhərdə vəzifəyə keçirilməsi barədə məlumat var:
"Bu məlumat gələn kimi direktor Faiq Abdullayev xəstəxanaya çoxsaylı işçilər götürməyə və onlarla əmək müqaviləsi bağlayaraq ştata cəlb etməyə başladı. Bütün bunların da nə üçün baş verməsi hər kəsə məlumdur. Belə ki, müxtəlif şəxslərdən istədiyi qədər vəsaiti alan direktor gedəcəyini bildiyi üçün son günlərdə belə addımlar ataraq külli miqdarda pul əldə edir. Bundan başqa F.Abdullayev heç bir tibbi təhsili olmayan və xəstəxanada ona yaxın şəxs kimi tanınan əvvəllər onun köməkçisi olmuş, sonra isə F.Abdullayev tərəfindən Xəstə Xidmətləri şöbəsinə müdir təyin edilmiş Aynurə Əliyevanın ikinci ali təhsil alması üçün vəzifə səlahiyyətlərindən istifadə edərək Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərova məktub ünvanlanıb. Faiq Abdullayev heç bir tibbi biliyi olmayan şəxsi yüzlərlə əməkdaşın arasından guya yüksək dəyərlərə sahib və nizam intizamlı işçi kimi qələmə verərək onun akademiyada menecmentlik ixtisası üzrə qiyabi təhsil alması üçün rəsmi müraciət imzalayıb".
Xəstəxana əməkdaşları bildiriblər ki, baş verənlər işlədikləri kollektivdə çox acınacaqlı vəziyyət yaradıb və qarşıdurma abhavası mövcuddur.