"Şirvan xəstəxanasındakı dərəbəylikdir"
Şirvan Mərkəzi Xəstəxanasında dərəbəylik hökm sürür.
Tibbi personalın Azadlıq" qəzetinə göndərdiyi şikayətdə belə deyilir.
Bildirilir ki, xəstəxanadakı vəziyyəti təsvir etmək belə ağır və dözülməzdir.
Şikayətçilər xəstəxanda yaşananları belə konkretləşdiriblər:
"Xəstəxanadakı vəziyyəti yığcam şəkildə sizə təsvir edəcəyik, adını siz qoyarsınız ki, bu özbaşınalıqdır, qoçuluqdur, dərəbəylikdir ya nə?! Xəstəxanada vəziyyət belədir ki, vaxtı-vaxtında əməkhaqqımızı ala bilmirik. Hər ay fərqli-fərqli əməkhaqqı alırıq. Bunu dəfələrlə mühasibatlığa şikayət etsək də, hər dəfə bəhanələr gətirib, yola verirlər. Sigorta səviyyəsi, demək olar ki, yoxdur. Xəstələrə başqa xəstəxanaya göndəriş almaq üçün mütləq Sığorta İşinin Təşkili və İnnovasiya şöbəsinin müdiri Zamin Fərzəliyevə şirinlik verməlisən".
"Xəstəxanaya yeni işçi götürmək əvvəl iki-üç min manat "hörmətə” başa gəlirdisə, Kadırlar şöbəsinin müdri Təbriz Əkbərov onu 4-5 minə qaldırıb. Xəstəxana kənardan mafiya oyununa bənzəyir, hərənin arxasında day-dayı durub. "Xəstə xidmətlər” şöbəsi bərbad gündədir. Gələn əhali zülm-zillət çəkir. Bura rəhbərliyi Təranə Cəlilova edir. Onun da arxasında Şirinxanım Səmədova dayanır", - deyə şikayətçilər qeyd ediblər.
Onların sözlərinə görə, xəstəxananın poliklinika şöbəsi korrupsiya yuvasıdır: "Kimə gəldi bülleten verilir. İnsafən, məzənnə təvəzökardır: 1 günü 5 manata! Bu işin də başında dayanan poliklinika şöbə müdri Səadət Quliyevadır. Bəzi şöbə müdirlərindən aylıq yığılır. Xəstəxanaya müraciət edən vətəndaşları qeydiyyatdan hansı həkimdən xoşları gəlirsə və pul verirsə, onun yanına yönləndirilir. Həkimlərə verilən bonuslar düzgün işlənilmir, gecikdirilir bəzən verilmir. Bunlarında başında duran əvvəl Kamil Əhmədov idisə, indi Pərviz Rüstəmbəyovdur".
Şikayətçilər yazırlar ki, tibbi gigiyenik normaların tam ziddinə bir kabinetdə 3-4 həkimin birgə işləməsi faktları da var: "Xahiş edirik, xəstəxana maliyyə yoxlaması gəlsin. Korrupsiya yoxlaması gəlsin! Əmək müfəttişliyi gəlsin! Gəlib yoxlasınlar. Burda işçilər istismar edilir. Qorxumuzdan narazlıqları dilə gətirə bilmirik, belə təşəbbüs göstərənlər dərhal qaralanıb işdən çıxarılır".
"Bütün Şirvan xəbərdardır ki, Pərviz Rüstəmbəyov tək "Ginekologiya şöbəsi”ndən yüz mindən çox pul yığıb. Axı belə olmaz?! Aydın deyilmi ki bu pullar nəhayətində zavallı xəstələrin cibindən-canından çıxır? Korrupsiya idarəsi rəhbərliyi cənab Kamran Əliyevi bu şeylər narahat etməlidir axı. Şirvan xəstəxanasının ciddi müalicəyə ehtiyacı var. Xəstəxana komaya düşmədən lüftən ona müdaxilə edilsin, yoxsa. Hamı üçün gec olacaq".
Yazıdakı iddialar kifayət qədər ciddi olduğundan "Arqument.az" Şirvan Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb, lakin rəsmi münasibət ala bilməyib.