Gənc jurnalist Şəfiqə Nazimqızı ağır xəstəlikdən əziyyət çəkir.
Xəbər verilir ki, bu barədə o özü sosial şəbəkə hesabında paylaşım edib. Ötən gündən bəri sözügedən status xeyli sayda insan tərəfindən paylaşılıb.
Təcili köməyə ehtiyacı olduğunu bildirən jurnalist 14 gün vaxtı qaldığını da qeyd edib:
“Həyatımın ən gözəl çağında, 5 illik həsrətdən sonra dünyaya gələcək övladımı qucağıma alacağım günlərin tam sonunda kəskin leykoz xəstəsi olduğum aşkarlanıb. Yüksək həyati risklə övladım doğulub, onu xəstəxanada ailə üzvlərimizə tapşırıb yoldaşımla Türkiyəyə müalicəyə getmişəm. Tam sağalmağım üçün ilik nəqli lazımdı. Xoşbəxtlikdən qardaşım donor kimi uyğun gəlib və oktyabrın 4-10 arasında transplantasiya həyata keçirilməlidir. Onun üçün maddi imkanımız yoxdur və təxminən 50 min dollardan çox pul lazımdır. Qızımı özüm böyütmək istəyirəm”.
Şəfiqə Nazimqızının həyat yoldaşı Samir İsayev saytımıza açıqlamasında bildirib ki, bir gün ərzində artıq lazım olan məbləğin 10 min manatı toplanıb.
Yenicə ana olan gənc jurnalistə dəstək olmaq istəyən şəxslər 4127 2141 2198 9898 kart nömrəsinə uyğun bildikləri məbləği göndərə bilərlər.