Ani və ölümcül bir xəstəlik olan infarkt, hələ də dünyada və ölkəmizdə ən çox görülən ölüm səbəbi olaraq bilinir. Ölüm səbəbləri arasında yer alan infarkt qadınlarda sürətlə daha çox rast gəlinir. Üstəlik, infarktların kişi və qadınlarda fərqli siqnallar verdiyi bilinmədiyi üçün bir çox insan bu siqnalları səhv şərh edərək həyatını itirə bilər. Ancaq ilk 2 saat ərzində müalicəyə başlayan xəstələrdə ürək əzələlərinin zədələnməsi və ölüm nisbətlərinin daha az olduğunu vurğulayan Acıbadem Dr. Şinasi Can (Kadıköy) Xəstəxanası Kardiyoloji Mütəxəssisi Dos. Dr. Refik Erdim, “Kişilərdə və qadınlarda infarkt əlamətləri oxşar olsa da, bəzi mühüm fərqlər var. Ancaq qadınlarda infarktın ilkin şikayətləri daha qeyri-müəyyən olduğundan infarkt diaqnozu gec qoyulur və ölüm nisbəti daha yüksək olur. Bu səbəbdən də qadınlarda infarkt siqnallarını dəqiq bilmək və bu əlamətlər baş verdikdə çox tez xəstəxanaya müraciət etmək çox vacibdir”. deyir.
Kardiologiya şöbəsinin müdiri, Dos. Dr. Refik Erdim AZİNFORM.AZ-a açıqlamasında infarkt haqqında ümumi məlumat verərək; qadın və kişilərdə infarkt siqnallarını açıqlayıb,
Kişilərdə infarktın 4 siqnalı
- Sinə ağrısı həm kişilərdə, həm də qadınlarda infarkt zamanı ən çox görülən simptomdur. Bu ağrı, qabırğanın ortasında geniş nahiyədə sıxıcı ağrıdır, adətən arxa və sol qola yayılır. Əksər xəstələr tərəfindən nəfəs darlığı ilə müşayiət olunan böyük çəki ilə qabırğa qəfəsinin sıxılması kimi təsvir edilir.
- İnfarkt keçirən xəstələrdə hər iki qolda və çiyinlərdə ağrılar, sinə ağrısı olmadan çənə və ya qarın ağrısı müşahidə edilə bilər.
- Sinə ağrısı ilə və ya olmayan təngnəfəslik qadınlarda daha çox görülsə də, ani başlayan nəfəs darlığı da kişilərdə infarktın ilk əlaməti ola bilər.
- Həm kişilərdə, həm də qadınlarda infarkt zamanı sinə ağrısı ilə yanaşı soyuq tərləmə və ölüm qorxusu müşahidə oluna bilər. Bu şikayət infarktın ən mühüm tapıntılarından biridir və təcili xəstəxanaya yerləşdirilməsini tələb edir.
Qadınlarda infarktın 4 siqnalı
- Sinə ağrısı qadınlarda ən çox rast gəlinən əlamət olsa da, kişilərdən fərqli olaraq bu ağrı infarktdan bir neçə gün əvvəl mülayim intensivliklə başlayıb, daha sonra şiddətlənə bilər. Qadınlarda sinə ağrısı sıxıcı ola bilər və ya xəstələr tərəfindən yanma kimi təsvir edilə bilər. Sinə ağrısı ilə birlikdə bel ağrısı şikayətləri qadınlarda kişilərə nisbətən təxminən 3 dəfə çox olur. Yenə kişilərdə ağrı adətən sol qola, qadınlarda isə hər iki qola və ya sol alt çənəyə yayıla bilər.
- Qadınlarda daha çox rast gəlinən başqa bir əlamət sinə ağrısı olmadan ani yorğunluq və zəiflik şikayətləridir. Xüsusilə istirahətdə və ya çox yüngül hərəkətlə baş verən bu şikayət döş qəfəsində ağırlıq hissi ilə müşayiət olunursa, mütləq xəstəxanaya müraciət edilməlidir.
- Xüsusilə qadınlarda infarktın başlanğıcında aşağı təzyiq və nəbz səbəbiylə zəiflik və bayılma hissi daha tez-tez müşahidə edilir.
- Hər iki cinsdə müşahidə olunsa da, mədə ağrısı, mədədə yanma, qaz və şişkinlik kimi şikayətlər qadınlarda kişilərə nisbətən iki dəfə çox, xüsusən də ürəyin alt divarını təsir edən infarktlarda müşahidə edilir. Bu şikayətlər mədə şikayətləri ilə qarışdırıla və müalicənin gecikməsinə səbəb ola bilər. Bu səbəblə xüsusilə ürək risk faktoru olan xəstələrdə qaz, şişkinlik və mədə ağrısı varsa infarkt ehtimalı düşünülməlidir.