"COVİD-19 trombozların riskini artırır" - Nazirlik rəsmisi
"Xarici müəlliflərin fikrincə, ürək-damar sisteminin zədələnməsi COVID-19-un şiddətindən və ya sağalma müddətindən asılı deyil. Rusiyalı kardioloqların məlumatına görə, kardiologiya şöbəsinə yerləşdirilən hər üç nəfərdə koronavirusdan sonra ürək problemi aşkarlanıb. Bu vəziyyətdə simptomlar sağaldıqdan bir neçə ay sonra görünür".
DİA.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yusif Nağıyev bildirib. Onun sözlərinə görə, COVİD-19 həm qanyaradıcı, həm də ürək-damar sisteminə təsir göstərir:
"Nəticədə ürək çatışmazlığı inkişaf edir. Miokardit tez-tez ritm pozğunluqları, xüsusən də atrial fibrilasiya ilə müşayiət olunur. Nadir hallarda xəstənin ölümünə səbəb ola biləcək həyati təhlükəsi olan mədəcik taxikardiyasının inkişafına zəmin yarada bilər".
Həkim qeyd edib ki, kəskin miokard infarktı aterotromboz nəticəsində baş verir:
"Bu, aterosklerotik piləyin yırtılması ilə əlaqədardır. Trombogen xəstəliyi kimi, COVİD-19 trombozların riskini artırır və məlumdur ki, bu xəstəliyin letallığı məhz onunla bağlıdır.
Amma tədqiqatlar göstərib ki, yaşdan asılı olmayaraq inkişaf edən başqa bir mümkün fəsad meydana gələ bilər, yəni damarların daxili səthində aterosklerotik piləyin qeyri stabilləşməsi və yırtılması. Bu, miokard və ya beyin infarktının inkişafına səbəb ola bilər.
Digər ağır fəsad - ağciyər emboliyasıdır. Onun mənbəyi aşağı ətrafların damarlarında köhnə tromblardan qopmuş bir hissə və ya birbaşa ağciyər arteriyasında yeni yaranan tromb ola bilər.
Klinik təzahürlərdən asılı olmayaraq, xəstəliyin kəskin mərhələsində bir çox insanlar SARS-Cov-2 infeksiyasının ən azı iki ay davam edən və başqa diaqnozla izah olunmayan ilk simptomlarının başlanmasından təxminən 3 ay sonra patoloji simptomlar yaşayırlar.
Post-COVID zamanı ən çox görülən simptomlar yorğunluq, halsızlıq və öskürəkdir. Çox vaxt fiziki aktivlik zamanı gücün tükənməsi, yorğunluq müşahidə olunur. Post-COVID sindromunun epidemiologiyası kifayət qədər öyrənilməyib, hazırda bu istiqamətdə araşdırmalar davam edir. Məlumdur ki, sindromun təzahürləri geniş yayılıb.
Araşdırmaların nəticəsinə görə, koronavirus infeksiyasından sağalmış insanların 20-65 faizi 3-4 ay və ya daha çox müddətdə post-COVID sindromundan şikayətlənirlər. Simptomların müddəti 1-2 aydan bir ilə qədərdir".