azia.az
azia.az

Yoluxma azalır, hamı gözləyir, deputatlar tənqid edir... - Operativ Qərargah isə israrla susur

13-04-2022, 10:27

Yoluxma azalır, hamı gözləyir, deputatlar tənqid edir... - Operativ Qərargah isə israrla susur
Dünyada koronavirusun yayılmasının qarşısının alınması məqsədilə bir sıra məhdudiyyətlər tətbiq edilmişdi.

İlkin mərhələdə insanların biri-biri ilə təmasının azalmasını təmin etmək üçün ölkələr sərhədlərini qapatmışdı. Lakin kütləvi immunitetin yaranması və vaksinləşmə sayəsində epidemioloji vəziyyət stabilləşib. Bu səbəblə də ölkələr məhdudiyyətləri aradan qaldırıb. Bəzi ölkələr “COVID-19 pasportu” və tibbi maskadan istifadə tələbi ilə həm hava, həm də quru sərhədlərini açaraq ölkəyə giriş-çıxışı bərpa edib. Azərbaycan da məhdudiyyətləri qismən aradan qaldıran ölkələr siyahısındadır. Lakin hələ də qapalı məkanlarda tibbi maskadan istifadə məcburidir. “COVID -19 pasportu” tələbi və quru sərhədlərin qapalı qalması da pandemiya qadağalarındandır. Bununla yanaşı, hava yoluyla ölkəyə gələn vətəndaşlardan PCR testi tələb olunur.

Qeyd edək ki, qonşu Türkiyədə “COVID-19 pasportu” olanlardan PCR testi tələb olunmur. Ötən il 1 iyun tarixində Türk Hava Yollarının açıqladığı yeni qaydalara görə, ölkəyə gəlmək istəyən, “COVID-19 pasportu” olanların əlavə xərc çəkib PCR testi vermələrinə ehtiyac yoxdur. Belə ki, onların ölkəyə girişi üçün peyvənd olunduqlarına və ya son 6 ayda koronavirus xəstəliyini keçirdiklərinə dair rəsmi qurumlar tərəfindən verilmiş sənədi təqdim etmələri kifayətdir. PCR test tələbi həmçinin 6 yaşdan kiçik sərnişinlər və ticarət donanmasının dənizçilərinə də aid deyil.

Gürcüstana səyahətə gəlincə, “COVID-19 pasportu” olanlara da bu ölkəyə girişdə güzəşt edilir. Belə ki, pasportu olanların PCR test arayışı təqdim etmələrinə ehtiyac yoxdur. Gürcüstana səfər qaydalarına görə, istənilən ölkədən bu ölkəyə daxil olan şəxslər sərhəd-buraxılış məntəqələrində istənilən COVID-19 peyvəndinin vurulmasını təsdiqləyən sənəd təqdim etdikləri təqdirdə daxil ola bilərlər. Lakin koronavirus əleyhinə peyvənd sertifikatı ingilis dilində olmalıdır. Peyvənd olunmamış əcnəbilər isə Gürcüstana səfərdən 72 saat əvvəl keçirilmiş PCR testinin arayışını sərhəd buraxılış məntəqəsində təqdim etməlidirlər. PCR testinin arayışı ingilis dilində olmalıdır. 10 yaşdan aşağı olan sərnişinlər PCR testi olmadan Gürcüstana daxil ola bilərlər.

Nümunələrdən göründüyü kimi, hazırda tam peyvəndlənmiş, buster doza almış Azərbaycan vətəndaşları peyvənd olunduğuna dair sənədlə yuxarıda adıçəkilən ölkələrə PCR testi vermədən giriş edə bilirlər. Ölkəyə qayıtdıqda isə “COVID-19 pasportu” olmasına rəğmən ondan PCR testi tələb olunur. Başqa sözlə, ölkə özünün verdiyi pasportu özü qəbul etmir. Bu qaydalar insanların həm narahatlığına, həm də haqlı narazılığına səbəb olur. Hazırda ölkəmizdə də yoluxma sayı kəskin azalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın 11 aprel 2022-ci il məlumatına görə, koronavirusa 16 nəfər yoluxub. Ölüm faktı isə qeydə alınmayıb. Belə olduqda tətbiq edilən qadağaların məntiqi izahı qalmır. Məlumat üçün bildirək ki, bu yaxınlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov quru sərhədlərin açılması ilə bağlı hökumətə təklif verildiklərini açıqlamışdı.

Bundan başqa, millət vəkilləri Razi Nurullayev, Musa Quliyev, Fazil Mustafa, Elman Nəsirov, Aqil Abbas quru sərhədlər mövzusunda Cebhe.info-ya açıqlamalarında sərhədlərin qapalı qalmasının bir sıra sahələrə mənfi təsir göstərdiyini bildiriblər.

Parlamentin dünənki plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev yenidən sərhəddə PCR testinin tələbi və quru sərhədlər mövzusuna toxunaraq bunları deyib:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın şərtlərinə görə, “Azərbaycan Hava Yolları” (AZAL) ilə səyahət edənlər uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin mənfi nəticəsi haqqında arayış təqdim etməlidir. Vaxt var idi ki, bütün dünya bunu tətbiq etmişdi. İndi isə bu tələb aradan qaldırılmalıdır. Əsəb, gərginlik, stres, öz vətəninə qayıda bilməmə qorxusu, xərcə düşmə riski və s".

Milli Məclisin üzvü gerçəkliyin bu qərarın dəyişilməsini tələb etdiyini bildirib:

“Hər kəs üç dəfə peyvənd olunub, pasportu var, qızdırması, asqırması və öskürməsi də yoxdur. Bir kağız parçasını bu qədər qiymətə, qanuna, ciddiliyə mindirib, vətəndaşları incitmək yolverilməzdir. Biri gecikir, PCR ala bilmir, biri ucuz yer gəzir, o biri təcili uçur və ya gəlir. Dəyərmi buna? O qədər qanunlarımız, o qədər ənənələrimiz, o qədər öhdəliklərimiz var ki, bir qəpik qiymət qoyulmur. O qədər vəzifəli şəxslər var ki, vətəndaşları incidə-incidə, dövlət büdcəsini talayıb, manatı qiymətdən salıb, bank sistemini yerlə-yeksan edib, xalqın verdiyi vergidən formalaşan büdcə ilə özünə biznes imperiyası yaradıb, hələ də davam edir. Onlara qarşı sərt olaq. PCR test tələbi ləğv edilsin, antigen və ya birdəfəlik test üsulu lazımdırsa tətbiq edilsin, quru sərhədləri açılsın və gözü yollarda qalan hotellər də işlək vəziyyətə gəlib 5-10 nəfər kasıba çörək qazandırsın. Bu, mənim dəyişməz mövqeyimdir”.

Göründüyü kimi, məsələ dəfələrlə müzakirə olunsa, təkliflər verilsə, müraciətlər olunsa da, Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı hər hansı qərar qəbul etmir. Millət vəkillərinin hökumətə ünvanladığı müraciətə baxılıbmı? Cəmiyyətdə ən çox müzakirələrə səbəb olan quru sərhədlərin açılması planlaşdırılırmı? Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqə saxlayıb, suallara cavab axtarsaq da istəyimiz reallaşmayıb. Qurumdan zənglərə cavab verilməyib. Beləliklə, koronavirusa yoluxanların sayı azalsa da, infeksiyanın gətirdiyi qadağaların həyatımıza müdaxiləsi bitmək bilmir.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi