azia.az
azia.az

Azərbaycanda geniş yayılmış bəla: çarəsindən necə gələk? - məşhur həkim yazır

15-02-2022, 13:04

Azərbaycanda geniş yayılmış bəla: çarəsindən necə gələk? - məşhur həkim yazır
Yuxu pozuntuları indi bəlkə də hər birimizin üzləşdiyimiz problemlərdən biridir. Belə pozuntulara bütün yaşlarda rast gəlinsə də, yuxu pozuntuları və yuxusuzluq yaşlılarda daha çox olur.

Yuxunun pozulması insan həyatının keyfiyyətinə, əhvalına, səhhətinə, daxili orqanlarının fəaliyyətinə təsir edir. Bəzən isə ciddi xəstəliklərə səbəb olur.

Yuxu pozuntuları iki növdür: ilkin və sonrakı.

Yuxunun ilkin pozuntusu hansısa orqanın xəstəliyi ilə bağlı deyil.

Sonrakı pozuntu isə müxtəlif patologiyaların fonunda yaranır.

Yuxu pozuntusu çarpayıda olarkən vurnuxmaq, gecə tez-tez ayılmaq, narahat yuxu, tez və ya tam əksinə, gec yuxuya getməklə müşayiət olunur. Belə yuxudan sonra insan özünü yorğun, pərişan hiss edir, diqqəti azalır, yaddaşı pisləşir, nevroz durum yaranır. Yuxusuzluqdan əziyyət çəkən insanlarda ürək-damar və endokrin sistemi xəstəlikləri riski artır.

Pis yuxu piylənmə, vitamin çatışmazlığı, bədəndə maddələr mübadiləsi pozuntusuna və digər ciddi patologiyalara səbəb ola bilər.



Səbəblər

Yuxunun pozulmasının əsas səbəblərinə nəzər salaq:

psixi xəstəliklər (psixopatiya, autizm, epilepsiya, amneziya, müxtəlif fobiyalar, psixozlar, nevroxlar, depressiya və stresslər, psixikanın sərhəd vəziyyəti və s.)

Uzun müddət yuxu dərmanlarının və sedativ preparatlarının qəbul olunması

xoruldayan insanlarda obstruktiv apnoe sindromu (yuxu zamanı tənəffüs pozuntusuna səbəb olur)

müxtəlif səbəbli ağrılar

ürək-ağciyər çatışmazlığı zamanı hipoksiya

narahat ayaqlar sindromu. Damarların varikoz genişlənməsi zamanı ayaqlarda qan dövranı pozulur, bu da aşağı ətraflarda reflektor hərəkətə səbəb olur. Belə anlaqsız hərəkətlər insanı yuxudan oyanmağa vadar edir

enurez

hormonal fonun dəyişməsi. Belə yuxusuzluq qadınlarda hamiləlik və ya menopauza zamanı peyda olur

zərərli vərdişlər (siqaret, spirtli içkilər)

yetərli fiziki hərəkətlərin olmaması

düzgün olmayan qidalanma (yatmazdan əvvəl yüksək kalorili qida yeyilməsi, qəhvə və ya tünd çay içilməsi)

yuxu üçün komfort olmayan şərait (səs, işıq, isti və ya soyuq, yad məkan)

yatmazdan əvvəl elektron qurğulardan (mobil telefon, kompüter, planşet, televizor) istifadə



Diaqnostika üsulları

MRT. Yuxu pozuntularının ən effektiv və əlçatan diaqnostika üsulu 3D həcmdə məlumat əldə etməyə imkan verən araşdırma, yəni maqnit-rezonans tomoqrafiyasıdır (MRT). MRT pasiyentin onurğasında, oynaqlarında və başqa strukturlarında nə baş verdiyini göstərir.

Rentgenoloji tədqiqat. Obyektdən keçən rentgen şüalandırması vasitəsilə görüntü əldə etməyən və bununla da daxili orqanların vəziyyətini dəyərləndirməyə imkan verən vasitə. Sürətli, ucuz və informativ.

Ultrasəs diaqnostikası. Ultrasəs dalğaları vasitəsilə orqanizmin tədqiqatı orqanları hərəkətdə dəyərləndirməyə imkan verir. Müxtəlif sıxlıqlı strukturlardan keçən ultrasəs onlardan əks-səda verir, tədqiqat zamanı ümumi mənzərəni anlamağa yardım edir.

Biokimyəvi analiz. Bu, qan analizidir. Pasiyentin orqanizmindəki bütün biokimyəvi proseslər barədə məlumat əldə etmək üçün ən sürətli və dəqiq vasitədir.

Elektrokardioqramma (EKQ). Elektrokardioqrafiya ürəyin elektrik fəallığının tədqiqatıdır. Ölçmə üçün xüsusi elektrodlardan istifadə olunur, kardioqraf ürəyin fəaliyyətindəki dəyişilikləri qeydə alır və onları kardioqramma kimi göstərir.



Diaqnostika

Yuxu pozuntuları problemi ilə bir qayda olaraq somnoloq məşğul olur. Tibbi müəssisədə belə mütəxəssis yoxdursa, terapevtə, psixoterapevtə və ya nevroloqa müraciət edin. Yuxu tsiklinin pozuntularının diaqnostikası üçün xüsusi metodika olan polisomnoqrafiyadan istifadə olunur. Xüsusi laboratoriyada keçirilən bu prosedur zamanı pasiyent gecə orada qalır, onun bədəninə müxtəlif ölçmə cihazları qoşulur. Həmin cihazların ölçmə nəticələri əsasında isə həkim yuxu pozuntusunun əsl səbəbini tapır.

Digər üsul isə yuxunun orta latentliyinin (YOL) araşdırılmasıdır. Bu metoddan daim yuxulu vəziyyətin araşdırılması üçün istifadə olunur.

Müalicə

Yuxu pozuntusunun müalicəsi səbəblərdən asılıdır. Əgər problem somatik amillərlə bağlıdırsa, onda müalicə əsas xəstəliyin aradan qaldırılmasına yönələcək. Yuxu tsiklinin bərpası üçünsə həkim yuxu dərmanları, antidepressantlar, ağır hallarda isə sedativ effektili neyroleptiklər təyin edir.



Və sonda...

Əgər ürək-damar xəstəliklərindən əziyyət çəkmirsinizsə, mütləq sol böyrü üstə yatın. Bu, bütün orqanizmin durumuna müsbət təsir edir, çünki limfatik sistemin, yoğun bağırsağın işinə yaxşı təsir edir, həzm prosesini yaxşılaşdırır, mədə yanğısını aradan qaldırır, bel ağrılarını azaldır, venaların varikoz genişlənməsinə mane olur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi