Azərbaycanda gənclər niyə qəfildən ölür? - Reanimatoloq həkimdən SƏBƏBLƏR
Azərbaycanda gənclər niyə qəfildən ölür? - Reanimatoloq həkimdən SƏBƏBLƏR
Son zamanlar evdə və iş yerində 30-40 yaş arası gənclərin qəfildən ölməsi barədə xəbərlər hər gün eşidilməkdədir. Hətta dövlət qurumlarında çalışan və kifayət qədər sağlam görünən gənc insanların iş yerində ölməsi barədə məlumat vermişdik.
Eləcə də bir çox idmançıların gecə yatdığı yerdə ölməsi faktları var.
Azərbaycanda gənclərin pandemiya dönəmində daha çox qəfil ölümə yaxalanmaları da narahateidici məqamdır.
Bəs xəstəxanada olmayan, həkimə müraciət etməyən, normal şəkildə gündəlik həyatına davam edən insanın qəfildən yıxılıb, hətta təcili yardım gələnə qədər ölməsinin səbəbləri nədir, tibbi baxımdan bu necə izah olunur?
Medicina.az-a açıqlamasında həkim reanimatoloq Gündüz Qasımov gənc və orta yaşlarda qəfil ölümlərin son zamanlar artmasının 5 əsas səbəbini açıqlayıb.
“Qəfil ölüm faktları həmişə olub. Sadəcə son zamanlar gənclər arasında çoxalıb.
Son illər belə qəfləti ölümlərin səbəbləri əsasən tromboemboliyalardır, hansı ki, bəzi insanlarda infeksion xəstəliklər və koviddən sonra baş verə bilir.
Orta və yuxarı yaşlarda kəskin miokard infarktı, beyin qanaması, kardiogen şokdan xəstələr keçinir.
Sürətli damar partlaması, trombun qopması, damarı tutması, beyin damarları və aorta cırılması zamanı da ani olaraq xəstə itirilir.
Orta yaş və gənclərdə böyük bir səbəb epilepsiya xəstəliyinin xüsusi bir növüdür ki, insan ömrü boyu bir dəfə tutur, həmin vaxt da ölür.
Bu da irsi olur, xalq arasında belə bir deyim də var ki, filan nəsildə 10-20 yaş arası cavanlarda qəflətən ölüm olur. Bu səbəb həmin epilepsiyadır. Əksəriyyəti də oğlan uşaqlarıdır.
Onlar ömür boyu epilepsiya xəstəsi olduğunu bilmir, tutma bir dəfə olur, o da qəfləti ölümlə nəticələnir”.
Bəs gənclərdə qan qatılaşması, trombemboliyaya gətirib çıxaran tromb yaranmasının səbəbləri nədir?
“Tromblar bir müddət əvvəldən, aylar, illər öncə damarlarda formalaşır və hansısa arteriyada yerləşir. Onlar varikoz genəlmə, anevrizmalar, hər hansı cərrahi əməliyyatdan sonra ola bilər. Tromboemboliyanın yaranma səbəblərindən biri qanın qatılaşmasının pozulmasıdır. Gənclərdə zərərli vərdişlər, uzun müddət siqaret, spirtli içkilər qəbul etmək, son zamanlar geniş yayılmış narkotik maddələr qanı qatılaşdırır, nəticədə tromb yaranır. Yəni tromb xeyli əvvəldən yaranır, lakin bir gün anidən qopur.
Gizli ağır infeksiyalar qanda laxtalanmanı pozur, septiki şok yaradır.
Qəfləti ölümlərin belə deyək, 90%- tromboemboliyalardır. Gənclər qanın qatılaşması və damarların vəziyyətini mütəmadi yoxlatmalı, zərərli vərdişlərdən uzaq durmalı, tromba qarşı yoxlanmalıdırlar ki, qəfildən emboliya riskini azaltsınlar”.