TƏBİB də TƏSDİQLƏDİ: “2 doza “Sinovac” koronavirusdan qorumur
COVID -19 virusuna qarşı iki doza “Sinovac” peyvəndi vurduran insanların koronavirusdan qorunmadığı iddiaları ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksionisti Süleyman Kamilov sualları cavablandırıb.
Həkim deyib ki, hazırda koronavirusun birmənalı olaraq tam təsdiqini tapmış müalicəsi yoxdur:
“Qorunmanın iki yolu var. Biri gigiyena qaydaları - sosial məsafə saxlamaq, fərdi qoruyucu vasitələrdən istifadə, əllərin tez-tez yuyulması, maskadan düzgün istifadə etməkdir. Digər əsas məsələ isə vaksinasiya prosesində aktiv iştirakdır. Əvvəl peyvəndlənmədə iki doza məsləhət görürdük, amma sonra araşdırmalara görə məlum oldu ki, birinci dozadan təxminən 14-20 gün sonra orqanizmdə immun cavab yaranır. Birinci doza xəstəlikdən tam şəkildə qorumur, bəzən ilk dozadan bir neçə gün sonra koronavirusa yoluxanlar deyir ki, vaksindən oldu. Amma bu vaksinlə əlaqəli deyil”.
İnfeksionist qeyd edib ki, ikinci dozadan sonrakı qoruyuculuq müddəti 4-6 ay arasındadır:
“Uzunmüddətli və ya ömürlük qoruyuculuq yoxdur, çünki virus mutasiyaya uğrayır və bəzən bu vaksinin də qoruyuculuğuna təsir edir. Üçüncü doza vaksin vurulmasını, həm də bu dozanın iki doza peyvənddən fərqli olmasını tövsiyə edirəm. Çünki bu zaman qoruyuculuq daha çox olur. Vaksin olunan şəxslərin reanimasiya düşmə halı demək olar ki, yoxdur. Həmin şəxslər xəstəliyi yüngül formada keçirirlər. Amma vaksinasiyadan keçib bütün qaydaları unutmaq da olmaz, vaksin yoluxmaqdan qorumur. O zaman fərdi qoruyucu vasitələrin istifadəsini ləğv edə, pandemiyanı sonlandıra bilərik ki, kütləvi şəkildə vaksinasiyadan keçmişik. Vaksin olunan şəxslər mütləq şəkildə qaydalara əməl etməlidir, çünki o xəstəliyə yoluxduqda digər peyvənd olunmayan birini yoluxdura və həmin şəxsin xəstəliyi ağır keçirməsinə səbəb ola bilər”.
Nigar ADİL