Peyvənd buna görə önəmlidir – Rəşad Mahmudov
Peyvəndlənmə yoluxmanın qarşısını alan amil deyil. Peyvənd xəstəliyə yoluxduğun zaman ətrafdakıları yoluxdurma ehtimalını azaldan vasitədir. Peyvəndi yarana biləcək ağırlaşmalar qarşısında bir miqdar immun güc qazanmaq üçün edirik.
Azia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.
“İnsanlar bilməlidirlər ki, hər kəs qorunaqlı deyil. Peyvənd olunub ağırlaşan insanlar var. Hazırda reanimasiyalarda yatan xəstələrin içərisində 100 nəfər süni tənəffüs aparatına bağlanmış xəstə varsa, bunun 95 nəfəri birmənalı olaraq peyvəndlənməmiş insanlardır. Aparata bağlansa belə, sağalanlar və həyatını itirənlər arasında da 99%-ə yaxın fərq var. Xəstələnsək belə, 6 ay içərisində bədənimizdə əmələ gələn antitellər öz təsirlərini itirirlər. Bu, həm xəstələnən, həm də peyvənd olunmuşlar üçün keçərlidir. Buna görə yeni peyvəndlərin önəmi ortaya çıxır. Bu gün bir dalğanın ortasındayıq. Son 1 ay içərisində peyvəndlənmiş insanın bu dalğada qoruyuculuğu yoxdur. Bu, artıq sübut olunub. 2-ci dozanı vurdurmalarından 2 həftə keçməyibsə, həmin insanların peyvəndlənməmiş insanlardan fərqi yoxdur. Buna görə də konkret bir hadisə üzərindən fikir yürüdərək əks təbliğat aparmaq düzgün deyil”, - millət vəkili qeyd edib.