azia.az
azia.az

Göyçay sakini: Baş həkim məni DTX-da işləyən kürəkəni ilə hədələyib FOTO

29-05-2020, 12:10

Göyçay sakini: Baş həkim məni DTX-da işləyən kürəkəni ilə hədələyib FOTO
Göyçay sakini: Baş həkim məni DTX-da işləyən kürəkəni ilə hədələyib FOTO
“Hətta anam getdi, başından yaylığını açıb, onun ayağının altına atdı”
Göyçay rayonu, Çərəcə kənd sakini Aynurə Səmədova təzyiqlərə məruz qalaraq işdən çıxarıldığını deyir. Yeddi ildir Göyçay Rayon Mərkəzi Xəstəxanasında kompüter üzrə operator işlədiyini bildirən şikayətçi bu ilin əvvəlində işini itirib. O, hadisəni təfsilatı ilə Meydan TV-yə danışır:
“Mən 2013-cü ildə xəstəxananın keçmiş baş həkimi Famil Zeynalovun dövründə işə götürülmüşdüm. Əvvəllər qeydiyyat şöbəsində analıq məzuniyyətinə çıxan bir işçinin yerində çalışmışam. İşə başlayanda 103 manat əməkhaqqı alırdım. Bu illər ərzində artım olmuşdu, son əməkhaqqım 272 manat idi. Rəsmi olaraq işə 2015-ci ildən götürülmüşəm. Yəni bu illər ərzində ancaq analıq məzuniyyəti olanların yerinə işləmişəm. Heç bir il deyildi, daimi iş vaxtı rejiminə keçmişdim ki, işimi itirdim”.
Dediyinə görə, bu ilin əvvəlində xəstəxana icbari tibbi sığorta sisteminə keçəndən sonra qarışıqlıq yaranıb. Həmin ərəfədə də ona qarşı təzyiqlər olub:
“Yevlax rayonundan bizə Tünzalə adlı bir xanım gəlmişdi. İşçiləri tibbi sığorta ilə bağlı məlumatlandırırdı. Həmin ərəfədə otaqlarda dəyişiklik baş verdi, qarışıqlıq oldu. Otaq dəyişikliyi zamanı bizə asılqan və bəzi əşyalar verilməmişdi. İşə gəlirdik, paltolarımızı çıxarıb, stulların başına keçirirdik. Məndən başqa bir neçə xanım da paltosunu stulun başına keçirirdi. Yevlaxlı xanım otaqda yalnız mənə dedi ki, paltonu stulun başından götür. Mən də cavabında dedim ki, bizə palto asmağa hələ yer verməyiblər.
Bu xanım növbəti dəfə gəldi ki, burada stəkanlarınızı qoymayın, yığışdırın. Onu da deyim ki, mən indiyədək işə stəkan aparıb, çay içməmişdim. Dözmədim, dedim ki, mən bura palto, fincan daşımağa gəlməmişəm. Bundan sonra həmin bu xanım, baş həkimin müavini Ləman Hacıyevanın yanına gedərək, məndən şikayət edib. Ona deyib ki, Aynurə çox tərbiyəsizdir, əxlaqsızdır. Sözümə baxmadı, işçilərin yanında mənə qarşı hörmətsizlik etdi”.

Aynurə Səmədova deyir ki, rəhbərliyə şikayət olunması xəbərini ona qeydiyyat rəhbəri vəzifəsində çalışan Səidə Rəhimova danışıb:
“Mən Səidədən Tünzalənin nömrəsini istədim, vermədi. Telefonunu uzatdı ki, al, məndən zəng elə danış. Onun telefonundan Tünzaləyə zəng edib, nəyə görə haqqımda Ləman doktora xoşagəlməz sözlər deməyinin səbəbini soruşdum. O da qayıtdı ki, sən mənə qarşı tərbiyəsizlik etdin, çox tərbiyəsiz qadınsan. Mən də yumdum gözümü, açdım ağzımı. Ona ağzıma gələni dedim. Sən demə, Səidənin telefonunda səsyazan proqram varmış. Bunlar sonradan mənim səsimi baş həkim Elçin Bilalova göndəriblər. Hara gəldi, səsimi yayıblar. Bundan sonra iclas keçirdilər. Mənə dedilər ki, sənin yerini dəyişirik. Mən də dedim ki, mənim yerim dəyişilməyəcək, burada oyuncaq deyiləm. Siz məni yeddi ildir burdan-ora fırlayırsınız. Ləman doktor bilərəkdən məni o həddə çatdırdı ki, 2020-ci il yanvarın 8-də ərizəmi yazıb, işdən çıxdım. Bu nə idisə, mənim üçün quraşdırılma bir iş oldu. Təsəvvür edin, yanvarın 8-də ərizə yazdım, əmr kağızım yanvarın 10-da gəldi. Halbuki, mənə 10 gün, bir ay möhlət verilməlidir. Yanvarın 12-də Elçin doktora peşmanlıq ərizəsi yazdım, mənə cavab vermədi”.
Haqsızlıqla üzləşdiyini söyləyən Aynurə Səmədova işə bərpa olunması ilə bağlı Göyçay Rayon Məhkəməsinə müraciət edib:
“Mənə vəkil Mətanət Həsənovanı tövsiyə etdilər. Onunla danışıb, razılaşdıq. Lakin məhkəməyə bir gün qalmış bu xanım mənim hüquqlarımı qorumaqdan imtina etdi. Fikrini də bununla əsaslandırdı ki, sənin vəkilə ehtiyacın yoxdur. Əlavə etdi ki, işdən özün ərizə yazıb çıxmısan, səni işə bərpa edəcəklər. Məni əmin etdi: “Hesab et ki, səksən faiz işə qayıtmısan”. Növbəti gün məhkəmə zalında gördüm ki, Mətanət xanım da oradadır. Soruşdum ki, niyə gəlmisiz? Cavabında dedi ki, mən Elçin doktorun vəkiliyəm. Yəni bu qadın məni aldatdı. Halbuki, lap əvvəldən demişdi ki, arxayın olun, mən bu işi udacağam. Məhkəmə qərarı mənim xeyrimə olmadı. Ona görə də aprelin 21-də Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verdim”.

İddiaçı deyir ki, dəfələrlə baş həkim Elçin Bilalova işə bərpası ilə bağlı müraciət edib, lakin qarşı tərəfin sərt reaksiyasıyla qarşılaşıb:
“Hətta anam getdi, başından yaylığını açıb, onun ayağının altına atdı. Dedi ki, yetimim var, qızımı işinə qaytar. Axırda dözmədim, neft götürdüm getdim onun otağının qarşısında özümü yandırmaq istədim. Dedim ki, mən aclıq içində yaşamaqdansa, özümü öldürməyə hazıram. Elçin doktor cavabında dedi ki, özünü öldürmürsən, neynirsən elə. Səni bura işə qaytarmayacağam. Sonuncu dəfə xəstəxanadan bizi içəri buraxmadı. Mən başa düşmürəm, ora dövlət müəssəsidir, ya Elçin doktorun şəxsi mülkiyyətidir? Harada görünüb ki, söyüşə görə adam işinə bərpa olunmasın? Elçin doktor məni DTX-da işləyən kürəkəni ilə qorxudur. Deyir ki, səni kürəkənimin cənginə verəcəyəm. Anlaya bilmirəm, mən cinayət törətmişəm? Yanına mənim üçün xahişə gedənlərə deyir ki, o qız bura qayıtsa, mən işdən çıxacağam. Göyçayda adam qalmayıb ki, mənim telefon səsimi ona qulaq asdırmasın”.
Maddi sıxıntıları olduğunu bildirən şikayətçinin sözlərinə görə, hazırda yaşamağa yeri yoxdur:
“Həyat yoldaşım 2017-ci ildə rəhmətə gedib. On bir yaşında bir qızım var. İşlədiyim müddətdə kirayə qalırdım, indi pulum yoxdur. Qardaşım xəstədir. Valideynlərim də işləmir. Dörd aydır ki, banka olan kreditimi ödəyə bilmirəm. Dörd min manat pula görə bank hər gün mənə zəng edir. Nə bank kreditimi, nə də xırda-para borclarımı ödəyə bilmirəm. Nə də evim var ki, içində yaşayım. Üç gün bir, beş gün digər qohumun evində yaşayıram. Hazırda qızıma verilən səksən manat “yetimpulu” ilə dolanrıq. Vəziyyətim çox acınacaqlıdır”.
Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Ləman Hacıyeva Meydan TV-yə şikayətçiyə qarşı hər hansı bir təzyiq göstərmədiyini bildirib:
“Həmin adam qeydiyyat şöbəsində işləyib, yəni tabeliyimdə deyil. Ona necə təsir göstərə bilərəm? Mənim işə götürmək və ya çıxarmaq səlahiyyətim yoxdur”.


Xəstəxanada qeydiyyat rəhbəri vəzifəsində çalışan Səidə Rəhimova iddiaların həqiqəti əks etdirmədiyini söyləyib:
“O xanım mənim telefonumla heç kəslə danışmayıb. Özü ərizəsini yazıb, işdən çıxmış adamdır. Təkrar işə qayıtmaq istədi. Mən də ona dedim ki, baş həkim, ya da şöbə direktoru deyiləm, adi qeydiyyat rəhbəriyəm. Ümumiyyətlə, mən həmin xanımın kiminlə dalaşması və ya söyməsi barədə heç nə eşitməmişəm”.
Vəkil Mətanət Həsənova da qarşı tərəfin iddiasını əsassız adlandırıb:
“Aynurə Səmədova məni vəkil tutmayıb, yalan deyir. Mən ümumiyyətlə, heç birinin vəkili olmamışam. Sadəcə, həmin vaxt zalda olmuşam. Aynurə Səmədovanın məhkəməsindən əvvəl və sonra mənim proseslərim olub deyə zalda oturmuşdum. Müraciət edib, mən onun işini götürməmişəm ki, perspektivini görmürəm, alınan iş deyil. Sizi aldada bilmərəm ki, təmsil edəcəyim iş xeyrinizə olacaq. Həmin xanımın mənimlə heç bir müqaviləsi yoxdur”.
Xəstəxananın baş həkimi Elçin Bilalov zənglərə cavab verməyib. Tünzalə adlı işçinin kimliyi haqda xəstəxanadan məlumat əldə etmək mümkün olmayıb.
Göyçay sakini: Baş həkim məni DTX-da işləyən kürəkəni ilə hədələyib FOTO
Göyçay sakini: Baş həkim məni DTX-da işləyən kürəkəni ilə hədələyib FOTO
Göyçay sakini: Baş həkim məni DTX-da işləyən kürəkəni ilə hədələyib FOTO
Göyçay sakini: Baş həkim məni DTX-da işləyən kürəkəni ilə hədələyib FOTO
Göyçay sakini: Baş həkim məni DTX-da işləyən kürəkəni ilə hədələyib FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi