Bakıda 12 min sakini olan qəsəbənin İCRA HAKİMİYYƏTİNDƏN MƏSULİYYƏTSİZLİK - FOTOLAR
Bakının Xətai rayonunda, "Ukrayna dairəsi" adlanan ərazidəki yerüstü piyada keçidində lift 5 aydır ki, işləmir.
Bu barədə Titul.az-a sakinlərdən daxil olan şikayətdə bildirilib.
Qeyd edilir ki, keçid dördzolaqlı avtomobil yolunun üzərində tikilsə də, liftin işləməməsi səbəbindən həyatlarını riskə atıb hər gün maşınların intensiv şütüdüyü bu yolları keçmək məcburiyyətindədirlər:
"Liftin artıq uzun müddətdir işləməməsi xüsusilə yaşlılar, əlilliyi olan şəxslər və uşaq arabası ilə hərəkət edən valideynlər üçün ciddi çətinlik yaradır. Nəzərə alan yoxdur ki, keçidin qarşı tərəfində park, "ASAN xidmət" mərkəzi və poliklinikalar yerləşir. Bu da ərazidə piyadaların intensiv hərəkət etməsi deməkdir. Lift işləmədiyi üçün insanlar birbaşa hərəkət zolağından yolu keçməli olurlar ki, bu da həm piyadaların, həm də sürücülərin həyatını riskə atır".
Vətəndaşlar bildiriblər ki, davam edən bu problemlə bağlı istər icra hakimiyyətinə, istərsə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciətlər etsələr də, onların halına yanan tapılmır.
Qeyd edək ki, Əhmədli sakinlərinin böyük əksəriyyəti həmin ərazidə yerləşən parkda istirahət etməyə üstünlük verirlər. Sözügedən qəsəbədə təxminən 12 min əhali yaşayır.