Bu bölgədə dəhşətli müharibə SİQNALI - Türkiyəyə qarşı hərbi ANLAŞMA
"Azia.az" politoloq Qabil Hüseynlinin teleqraf.com-a müsahibəsini təqdim edir.
- Yunanıstandan Türkiyəyə təhdidlər artır. Üstəgəl, Afina ABŞ-la imzalanmış qarşılıqlı müdafiə haqda sazişi təsdiqləyib və Yunanıstandakı Amerika hərbi bazalarının sayı 9-a çatdırılıb. Yunanıstan Türkiyəyə savaş aça biləcək gücdədirmi, ümumiyyətlə, proses bu istiqamətə yönələ bilərmi?
- Prosesin Türkiyə-Yunanıstan müharibəsinə çevriləcəyini düşünmürəm. İlk növbədə, Yunanıstan Türkiyəyə savaş açmaq gücündə deyil. Yunanıstanın hərbi potensialı və ya gücü 3.5 dəfə Türkiyədən aşağı səviyyədədir. Canlı qüvvə, hərbi dəniz donanması baxımından da Türkiyənin rəqibi üstündə əzici üstünlüyü var. Hələ Türkiyənin iqtisadi və digər resurslarını demirəm. Yunanıstan borc bataqlığında çabalayan və iqtisadiyyatı çökməkdə olan bir ölkədir. Üstəgəl, hər iki ölkənin NATO üzvü olması da, müharibə ehtimalını mümkünsüz edir.
Sadəcə olaraq, Egey dənizi və Kipr ətrafındakı qaz yataqları uğrunda mübarizə gedir. Vəziyyət bu səbəbdən gərgindir. Amma bu durumun müharibəyə gəlib çıxacağına qətiyyən inanmıram.
- Bəs ABŞ niyə tərəflər arasında qızışdırıcı mövqedə dayanır?
- Amerika Yunanıstanla gərginlikdən istifadə edərək, Türkiyəni köşəyə sıxışdırmağa çalışır. ABŞ Türkiyənin müstəqil siyasət yürütməsini, regional və qlobal aktor olmasını həzm edə bilmir. ABŞ çalışır ki, Türkiyə üzərində təzyiqi saxlamaqla onu itaət etdirə biləcək. Amma bu mümkün deyil. Türkiyə Amerikanın təsir dairəsindən çoxdan uzaqlaşıb və artıq qarşısında ona tabe olan bir türk dövləti yoxdur. Üstəgəl, Türkiyə regional gücə çevrilib, öz bölgəsində söz sahibidir. Buna görə də, ABŞ-ın bu yöndəki addımlarının da boşa çıxacağını düşünürəm.
- Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatları keçirəcəyi də gündəmdədir. Türkiyə ABŞ və regionun bir sıra ölkələrinin narazılığı fonunda öz təhlükəsizliyi üçün vacib olan bu addımı atacaqmı?
- Türkiyə belə etirazlara baxan deyil və istədiyini də edəcək və alacaq. Bu, həddindən artıq ciddi məsələdir. Türkiyə ABŞ-la üz-üzə qalsa da, bu addımı atacaq. Çünki Suriyanın şimalından Türkiyəyə ciddi təhdid və təhlükələr var, silahlı basqınlar da olur. Suriyanın şimalında PKK, PYD və YPG terror təşkilatlarının silahlı dəstələri fəaliyyət göstərir. Həmin silahlı dəstələr ABŞ və bəzi Qərb dövlətləri tərəfindən silahlandırılır. Bu baxımdan, Suriyanın içərisinə doğru 30 kilometrlik təhlükəsizlik zolağının yaradılması artıq gündəmdədir. Amma bunun üçün yeni antiterror əməliyyatlarının nə vaxt başlayacağını söyləmək çətindir. Zənnimcə, o qədər də uzaq olmayan tarixdə hərbi əməliyyatlar başlaya bilər və başlamalıdır.
- Rusiya Ukraynadakı müharibəyə görə Suriyadakı qüvvələrinin mütləq əksəriyyəyini geri çəkib. Bəs rusların oradan çıxması gedişata necə təsir göstərə bilər?
- Türkiyə iki il əvvəl də Suriyada "Zeytun Budağı" və "Sülh Çeşməsi" adlı antiterror əməliyyatları keçirib. O dönəmdə Türkiyəyə Suriyada mane olan əsas tərəf Rusiya idi. Rusiya çox mərdiməzar rol oynadı. Amma indi Rusiya Suriyadakı qüvvələrinin müəyyən hissəsini geri çəkib və bəzi əraziləri İrana təhvil verib. Bəzi ərazilər isə Bəşər Əsəd rejiminin nəzarəti altındadır. Strateji baxımdan Türkiyənin yeni hərbi əməliyyatlara başlaması üçün daha əlverişli şərait yaranıb.
- Finlandiya və İsveçin NATO-ya üzvlüyü prosesi haqda nə fikirləşirsiniz? Türkiyənin vetosu və Rusiyanın açıq təhdidləri qarşısında qalan Skandinaviya ölkələrini nə gözləyir?
- Artıq Finlandiya və İsveç qərar verib, üzvlük üçün rəsmən NATO-ya müraciət ediblər. Müraciət ölkələrin parlamentlərində də təsdiqlənib. Rusiya əvvəllər bu prosesə etirazını bildirsə də, hədələsə də sonradan bunun onun üçün heç bir təhdid yaratmadığını dedi. Görünən budur ki, Rusiya prosesin qarşısını ala bilmir və geri çəkilmək məcburiyyətində qalıb. Rusiyanın Ukraynada üzləşdiyi durum da göz önündədir. Yəni Rusiya eyni anda bir neçə istiqamətdə döyüşmək iqtidarında deyil. Buna görə də, hədələrinin sözdən o tərəfə keçə biləcəyini düşünmürəm.
Finlandiya və İsveç üçün əsas məsələ Türkiyə ilə razılaşmaqdır. Hər iki ölkə, xüsusən də İsveç PKK/YPG terror təşkilatına dəstək verir. Türkiyənin əsas şərtlərindən biri də budur ki, onunla müttəfiq olmaq istəyən bu ölkələr terrorçuları himayə etməsinlər. Əlbəttə, Türkiyənin digər şərtləri də var. Zənnimcə, Türkiyə istədiyini alacaq və bu iki ölkənin NATO-ya daxil olmasına razılıq verəcək.
- Ukraynadakı müharibənin hazırkı gedişatı haqda proqnozunuz necədir? Rusiyanın hücumu, Ukraynanın müqaviməti davam edir, yəni müharibənin sonu görünmür. Sizcə, proses hansı nəticələrlə yekunlaşa bilər?
- Həmişə dediyim kimi, müharibə Rusiyanın məğlubiyyəti ilə bitəcək. Faktiki olaraq, Rusiya ordusunun Ukraynada keçirdiyi bütün strateji əməliyyatları uğursuzluqla başa çatıb. Rusiya indiyədək Ukraynada heç bir məqsədinə nail ola bilməyib, əvəzində ciddi itkiləri var. Bütün Ukraynanı iki günə işğal edəcəyini iddia edən Rusiya indi özünün yaratdığı "bataqlığa" batıb qalıb.
Hadisələrin bu gedişatında uyğun olaraq, Ukrayna Donetsk və Luqanskla yanaşı, Krımda da üstünlüyü əldə edəcək. Amma vaxt uzana bilər. Müharibə mütləq Ukraynanın qələbəsi ilə başa çatacaq.