“Mən falabaxan deyiləm…” – Araz Əlizadəni hansı sual özündən çıxardı? + MÜSAHİBƏ
Gündəm.az-ın suallarını Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə cavablandırıb.
Müsahibəni təqdim edirik.
– Araz müəllim, bildirmişdiniz ki, Rusiya Ukraynada qələbə qazanacaq. Bu gün müharibənin 84-cü günüdür. Amma Rusiya nəinki Ukraynanı kapitulyasiya aktı imzalamağa məcbur edə bilib, hətta özü bəzi mövqelərindən geri çəkilməli olub.
– Rusiya heç vaxt qarşısına Ukraynanı tam işğal etmək kimi bir vəzifə qoymayıb. Onların əsas məqsədi Ukraynanın denasifikasiya və demilitarizasiyası, həmçinin Donbasa nəzarəti təmin etmək idi. Donbasa tam nəzarət təmin edilib. Qarşıdakı vaxtlarda denasifikasiya və demilitarizasiya məsələsi də öz həllini tapacaq. Buna heç kimin şübhəsi olmasın. Görünən odur ki, bu müharibə hələ uzun çəkəcək. Çünki ABŞ və bəzi Qərb dövlətləri Ukrayna prezidentinə imkan vermirlər ki, Rusiya ilə atəşkəs sazişi imzalasın. Onları Ukrayna dövlətinin və xalqının taleyi maraqlandırmır.
– Ukraynaya hərbi yardımlar getdikcə artırılır. Bu gün artıq Ukrayna ordusu Rusiyanın ərazilərini vurur. Hərbi ekspertlər də bəyan edirlər ki, Ukrayna ordusu getdikcə üstünlüyü ələ alır. Siz necə düşünürsünüz?
– Ukrayna ordusu çox gücsüzdür. Onlar Qərbin silahlarından hələ istifadə edə bilmirlər. Döyüş təcrübələri yoxdur. Rusiya ordusu Ukrayna ordusundan dəfələrlə güclüdür. Ona görə də mən hesab edirəm ki, Rusiya qalib gələcək. Ukraynanın müqavimət göstərmək imkanları getdikcə azalır. Milyonlarla insan Ukraynanı tərk edib. Ölkə dağılıb. Onlar Rusiya kimi güclü ordusu olan bir dövlətə nə edə bilərlər?
– Bu arada İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsi gündəmə gəlib. Bu iki ölkənin NATO-ya üzv olması Rusiyaya nə vəd edir?
– Rusiya prezidenti Vladimir Putin bununla bağlı bildirdi ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün heç bir təhlükə yaratmır. Bununla belə, Rusiya da bu iki ölkənin ABŞ-ın hərbi ittifaqına üzv olmalarını cavabsız qoymayacaq. Rusiyanın hansı addım atacağını zaman göstərəcək.
– Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına qarşı çıxıb. Necə düşünürsünüz, Türkiyənin bu addımını həm də Rusiyaya jest kimi qiymətləndirmək olarmı?
– Türkiyə ilk növbədə öz maraqlarını güdür. Türkiyə rəsmiləri bəyan ediblər ki, İsveç və Finlandiya PKK terror təşkilatına dəstək verdikləri üçün onların NATO-ya üzv olmasına imkan verməyəcəklər. Amma düşünürəm ki, əgər ABŞ İsveç və Finlandiyanın NATO üzvü olmalarını istəyirsə, deməli bu baş verəcək. Düşünürəm ki, ABŞ Türkiyəni yola gətirəcək. NATO-da əsas söz sahibi ABŞ-dır.
– İsveç və Finlandiyanın NATO-ya üzvlüyü Rusiyaya nə vəd edir?
– Əgər NATO öz strukturlarını İsveç və Finlandiyaya yerləşdirməsə, bu ölkələrin alyansa qoşulması boş şey olacaq. Yox, əgər NATO öz strukturlarını bu iki ölkəyə yerləşdirsə, bu Rusiya üçün təhlükə deməkdir.
– O halda Rusiya İsveç və Finlandiyaya hücum edəcəkmi?
– Mən falabaxan deyiləm.
– Amma Rusiya NATO-ya qoşulmaq istəyən Ukraynaya hücum etdi və siz də bunu müdafiə etmişdiniz…
– Ukrayna başqadır. NATO-ya üzv olmasa belə, Ukraynada hərbi təlimlər keçirilirdi və Rusiya da məcbur qalıb bu ölkəyə girdi. Rusiyanın başqa əlacı qalmamışdı.