Nazilə Səfərli valideynləri təhqir etdi: “XƏSTƏSƏN Ə?"
Ajans.az xəbər verir ki, Nazilə Səfərlinin "Razində, Hövsanda, Bülbülədə yaşayıb uşağını Badamdara oxumağa qoyursan, xəstəsən əəə?" ifadələrinə toxunan Tural Müseyibov bu yanaşmanın yolverilməz olduğunu bildirib.
"Nazilə xanım deyir ki, Hövsanda, Bülbülədə, Razində yaşayan adamlar uşaqlarını Bakı şəhərinin mərkəzinə məktəbə gətirdiklərinə görə tıxac yaranır və onlara "xəstəsiniz əəə?" deyərək müraciət edir. Nazilə xanım, bu danışıq, bu leksikon heç xoşuma gəlmədi. Mən bir jurnalist kimi buna münasibət bildirmək məcburiyyətində qaldım. Siz valideynləri "xəstə" adlandıra bilməzsiniz. Vətəndaşın uşağını yaxşı məktəbdə oxutmaq hüququnu onun əlindən ala bilməzsiniz" - o, bildirib.
Jurnalist şəhərdəki tıxacların səbəbinin valideynlərin uşaqlarını məktəbə aparması ilə əlaqələndirilməsinin yanlış təhlil olduğunu vurğulayıb. O bildirib ki, tıxacların yaranmasına səbəb plansız tikilən binalar, ərazi üzrə əhali sıxlığının düzgün hesablanmaması, metro tikintiləri və yol təmir işləridir:
"Sizin məsələlərdən xəbərdar olmamağınızın göstəricisidir ki, uşaqların dərsə getməsini tıxacın yaranması ilə əlaqələndirirsiniz. Tıxacın yaranma səbəbləri bəllidir: metro bağlanıb tikinti gedir, "Formula 1"lə bağlı yollar bağlanıb, bir çox yollar təmir olunur. Düzgün analiz edə bilmirsinizsə, vətəndaşı xəstə adlandıra bilməzsiniz".
Tural Müseyibov həmçinin xatırladıb ki, sosial şəbəkələrdə insanları təhqir etmək hüquqi məsuliyyət yaradır:
"Qanun var, sosial şəbəkədə səsləndirdiyiniz fikrə, yazdığınız şərhə görə məsuliyyət daşıyırsınız. Adını çəkdiyiniz ərazilərdən 5-10 nəfər məhkəməyə müraciət etsə, məsuliyyətə cəlb oluna bilərsiniz. Nəyəsə münasibət bildirmək istəyirsinizsə, bunu bir qədər incələmək lazımdır. Siz vətəndaşı təhqir edib "xəstə" adlandıra bilməzsiniz".