Ermənistan qurduğu “Qaragöl tələsi”nə özü düşdü
Qabil Hüseynli: “Rusiya və Türkiyə əleyhinə çevrilmiş oyun pozuldu”
Ermənistanın Qaragöl ətrafında yaratdığı “fırtına”da əsas hədəfi 44 günlük müharibədə Bakıya qarşı nail ola bilmədiyi beynəlxalq təzyiqləri təmin etmək idi. Azərbaycanla sərhəd münaqişəsi vəziyyəti yaradıb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) və Rusiyanı prosesə cəlb etməyə çalışırdılar.
Bakıya bəzi diqqətçəkən bəyanatlar, zənglər oldu. Elə son olaraq, mayın 19-da Azərbaycan Prezidenti Rusiya prezidenti ilə bu barədə danışıb. Amma Ermənistan umduğunu yenə ala bilmədi, xüsusilə KTMT-ni bu oyuna salmaq cəhdi alınmadı. Rusiya kifayət qədər ehtiyatlı mövqe sərgilədi. Ermənilərin əsas hədəflərindən biri də bu idi: Bakı ilə Moskvanı üz-üzə qoysun. ABŞ və Avropa Birliyi də Fransa kimi “ermənicə” danışmadı ki, bu da erməniləri məyus etdi. Ermənistan sərhəd olayından yenə uduzmuş kimi çıxdı. Üstəlik, bu fakt Paşinyan əleyhdarlarının ona qarşı kütləvi aksiyalar hazırlamasına səbəb oldu. İrəvanın küçələrində etiraz aksiyaları keçirildi. Ermənilər Paşinyanı “torpaq güzəştində” suçlayır.
Azərbaycana qarşı sərhəd təxribatı Ermənistan hakimiyyətini həm daxildə, həm xaricdə sıxıntıya soxub.
Bu barədə şərhində politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, ermənilər öz xislətlərinə uyğun olaraq stəkanda fırtına qoparmağa, Azərbaycana qarşı Rusiyanın, KTMT-nin addımlar atmasına nail olmağa çalışırdılar: “Bunun üçün müraciət etmədikləri ünvanlar qalmadı. KTMT-nin baş katibi general Zasa, Rusiya prezidenti Valdimir Putinə müraciət etdilər. Hər iki ünvandan istədiklərini ala bilmədikdən sonra ermənilər Fransanın parabeyin prezidenti Emmanuel Makrona müraciət etdilər. Makron həddini o dərəcədə aşdı ki, erməni dilində Azərbaycana ”qoşunlarını Ermənistan ərazisindən çıxar" kimi səfeh müraciət etdi. Ermənilər ABŞ-a da müraciət etdilər. Dövlət Departamenti bəyanat yaydı və vətəndaşlarına Azərbaycan-Ermənistan sərhədlərinə səfər etməmək çağırışı etdi. Baş verənlərə Rusiya, KTMT daha düzgün, ədalətli yanaşma sərgilədi. Fransa isə çalışdı ki, öz məqsədlərini həyata keçirmək üçün vəziyyətdən yararlansın. Qaragöl hay-küyü bir oyun idi. Bu oyunun baş rejissoru Nikol Paşinyan və onun komandasıdır. Amma oyunun kənar iştirakçıları Fransa və ABŞ-dakı erməni lobbisi idi. Aranı qarışdırıb yeni müharibə vəziyyəti yaratmaq istəyirdilər. Məqsədləri həm Rusiyanın strateji maraqlarına, həm də Türkiyənin maraqlarına zidd idi. Bu, ən çox Rusiya və Türkiyə əleyhinə çevrilmiş oyun idi. Fransa nəzarəti ələ almaq istəyirdi. Bu da baş tutmadı. Bu hadisə bundan sonra Rusiyanı da, Türkiyəni də daha ayıq olmağa vadar edəcək".
Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ - Modern.Az Azərbaycan və dünya xəbərləri
Qabil Hüseynli
Politoloq vurğuladı ki, Azərbaycanın qətiyyətli mövqeyi öz sözünü dedi və qurulan oyun pozuldu: “Təkcə pozulmaqla yetmədi, oyun Ermənistan hakimiyyətini əlavə problemlərlə üz-üzə qoydu. Moskva Paşinyanın bu oyununa görə ona qəzəblənib. Fransa bölgəyə öz sülhməramlılarını göndərmək istəyinə düşüb. Buna da Ermənistan hakimiyyətinin maraqlı olduğu görünür. Bu isə təbii ki, Rusiyanın xoş qarşılamadığı məsələdir. Böyük bir siyasi maskarad oynanıldı. Bu maskaradda əsas meydan sulayan Makron idi. İrəvan Rusiyanı bu oyuna cəlb etməyə çox çalışdı. Ancaq əksi baş verdi - Rusiya bu oyuna qatılmadı və Ermənistan iqtidarını belə bir oyunu qurduğu üçün cəzalandıra bilər. Rusiya istəsəydi, əl altdan qızışdırıcı hərəkətlər edə bilərdi. Amma təmkinli davrandı. Hətta Sergey Lavrovun özü də hadisələrlə bağlı erməniləri sevindirməyəcək mövqe ortaya qoydu, dedi ki, xəritələr var, peyk sistemi vasitəsilə müasir avadanlıqlar var ki, sərhədləri dəqiqləşdirmək mümkündür, bu məsələ ətrafında hay-küy salmağa ehtiyac yoxdur.
Rusiya indi Azərbaycanla Ermənistan arasında sərhədlə bağlı münaqişənin, müharibənin olmasını istəmir. Çünki belə bir qarşıdurma Rusiyanın strateji maraqlarına uyğun deyil. Fransanın bölgəyə sülhməramlı qüvvə göndərmək istəməsi, ABŞ-ın burada möhkəmlənmək istəyi bu halda güclənə bilər ki, bunu da qətiyyən Moskva istəmir. Rusiya gördü ki, böyük bir oyun qurulub və bu oyun onun xeyrinə deyil".
Q.Hüseynli qeyd etdi ki, sərhədlərin müəyyənləşməsi məsələsi üçtərəfli bəyanatda əksini tapıb. Ermənistan Vladimir Putinin imzası olan bu bəyanatın həmin bəndini də pozur: “Özü də Paşinyan bunu Fransa və Amerikadakı müəyyən dairələrin istəyinə uyğun olaraq edir. Putinin imzasının keçərsiz olduğu təəssüratını yaratmağa çalışırlar. Bunu da yəqin ki, Kreml sahibi müşahidə edir. Odur ki, Ermənistan hökumətinin qurduğu oyun onun özünü ciddi sıxıntılarla üz-üzə qoya bilər. Putin onun imzasına etimadsızlıq mühiti yaradanı bağışlamaz. Böyük ehtimalla mayın 19-da Putin Paşinyanla telefon danışığında ona xəbərdarlığını edib. Bir sözlə, Paşinyan qurduğu ”Qaragöl oyununda" özü boğula bilər".
Etibar SEYİDAĞA,