azia.az
azia.az

Əli Hüseynli: Ermənistanın KTMT-də üzvlüyü dayandırılacaq...

6-10-2018, 08:20

AZia.az : Bir neçə ay əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yanında müşahidəçi və tərəfdaş statusu ilə nümayəndəlik təsis edilmişdi. Eyni zamanda ekspert dairələrində blokun tamhüquqlu iştirakçısı kimi Azərbaycanın və ya onun nümayəndəliyinin KTMT-də müşahidəçi statusu haqda məsələ aktuallaşmışdı.

Haqqin.az və virtualaz.org portalları Azərbaycanın KTMT-yə daxil olmasını əsaslandırmaq üçün ictimai müzakirələrə təşəbbüs göstərmişdi. Müzakirə iştirakçılarının açıq çıxışları o qədər böyük rezonans doğurdu ki, bu, Ermənistanın siyasi rəhbərliyinin də diqqətini cəlb etdi. Yerevanın mövqeyini erməni hökumətinin başçısı Nikol Paşinyanın özü səsləndirdi və qəti bəyan etdi ki, "Azərbaycan heç vaxt KTMT-yə daxil olmayacaq".

Virtualaz.org müzakirələrin davamında şərh almaq üçün Ermənistan rəhbərliyinin belə açıq və kəskin mövqe sərgiləməsinə səbəb olmuş Azərbaycanın KTMT-yə daxil olması təklifinin təşəbbüskarlarından biri olan Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynliyə müraciət edib.

Ə.Hüseynli təsdiqləyib ki, KTMT ilə Azərbaycanın əməkdaşlığı haqda ideya bizim ekspert dairələrimizdə geniş müzakirə edilirdi: “Lehinə ya əleyhinə olan arqumentlərdən asılı olmayaraq, bu çox konstruktiv müzakirələr idi və öz-özlüyündə Azərbaycan ictimaiyyətinin siyasi mədəniyyətinin yüksək səviyyəsini göstərir. Bununla birlikdə Ermənistanı idarə edən dairələrdə Azərbaycanda başlanmış proseslə bağlı ciddi narahatlıq müşahidə olunmağa başladı. Və məncə, bu həmin dövlətin işğalçı mahiyyətini bir daha təsdiq edir.

Eyni zamanda, KTMT-nin Nizamnaməsinin 4-cü maddəsinə əsasən üzv olmayan başqa dövlətlərlə dostluq münasibətlərinin qurulması və inkişafı təşkilatın təqib etdiyi prioritet məsələlərdən biri kimi müəyyən edilib. Bundan başqa, kollektiv təhlükəsizlik haqqında 10 dekabr 2010-cu il tarixli müqavilənin, KTMT-nin beynəlxalq hüquq bazasından bəhs edən 1-ci bəndinə əsasən, "iştirakçı dövlətlər dövlətlərarası münasibətlərə müdaxiləyə və gücdən istifadə etməməyə sadiqliklərini” bir daha təsdiq etdilər. Odur ki, Azərbaycana qarşı güc tətbiq etmiş təcavüzkar ölkə və KTMT-nin üzvü kimi Ermənistan artıq öz öhdəliklərini kobud şəkildə pozub”.

Bəs Azərbaycan başlanğıc üçün yenə də KTMT ilə əməkdaşlıq etmək arzusunu bildirərsə, Ermənistanın bu prosesə mane ola bilmək ehtimalı nə qədər realdır?

Ə.Hüseynli xatırladıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bir Ermənistandan ibarət deyil: “Onun tamhüquqlu üzvü olan ölkələr-Rusiya Federasiyası, Qazaxıstan, Belarus, Tacikistan, və Qırğızıstan arasında dost və əməkdaşlıq münasibətləri mövcuddur. Təşkilata daxil olan dövlətlər Azərbaycanı etibarlı və dost ölkə-tərəfdaş kimi görərək KTMT ilə onun arasında əməkdaşlığın inkişafında maraqlıdırlar. Əgər Ermənistan Azərbaycanın KTMT ilə əlaqələrinin qaydaya salınmasına mane olmağa çalışacaqsa, tamamilə ola bilər ki, orada Ermənistanın özünün üzvlüyü dayandırılsın.

Nəzərə almaq lazımdır ki, Ermənistanın indiki hökuməti KTMT-nin və onun üzv dövlətlərinin diskreditasiyası siyasətini yeridir. Baxmayaraq ki, Ermənistan üzv ölkədir, görünür onun rəhbərliyi, kollektiv təhlükəsizlik haqqında 7 oktyabr 2002-ci il qəbul edilmiş müqavilənin Nizamnaməsi ilə yaxşı tanış deyil. Çünki həmin sənədin 20-ci maddəsinə müvafiq olaraq, əgər üzv dövlət öz öhdəliklərini yerinə yetirmirsə, onda onun üzvlüyü dayandırıla bilər. Başqa sözlə, KTMT Şurası ölkənin təşkilatdan çıxarılması barədə qərar qəbul edə bilər. Və bu halda həmin ölkənin səsi nəzərə alınmayacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi