azia.az
azia.az

Sarkisyanın Putindən Azərbaycan tələbi

9-03-2016, 13:31

Sarkisyanın Putindən Azərbaycan tələbi Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır.

Ermənistan prezidenti Serj Sarkisyan sabah Moskvaya işgüzar səfərə gedəcək. Bu barədə “Kommersant” qəzetinə Rusiyanın diplomatik mənbələrindən xəbər verilib. Mənbə Moskvanın Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu artan silahlı toqquşmalardan ciddi narahat olduğunu bildirib.
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isə mətbuata açıqlamasında rəsmi Moskvanın Azərbaycana silah satmasından narazı olduqlarını deyib. “Rusiya bizimlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) əməkdaşlıq edir. Həmçinin ən yaxın müttəfiqimizdir. Biz məmnun deyilik ki, müttəfiqimiz Rusiya Azərbaycana silah satır. Azərbaycan isə az qala hər gün bizi yeni müharibə ilə hədələyir”-deyə Nalbadyan bildirib.
Nalbadyan həmçinin Azərbaycanın hərbi büdcəsinin artmasından və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətindən narazılıq ifadə edib.
Ermənistan rəsmilərinin bu açıqlamaları və Sarkisyanın səfəri Rusiya, İran və Azərbaycan yaxınlaşması, Ermənistana 200 milyon dollar kreditin ayrılması, İlham Əliyevin İran səfəri və Rusiya – Türkiyə gərginliyini fonunda baş verir. Həmçinin son bir neçə gün ərazində cəbhədə də vəziyyət gərginləşib.
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirdi ki, cəbhədə baş verən gərginliklər fonunda Sarkisyanın Moskva səfərinin əsas məqsədlərindən biri Rusiyadan yeni silahların alınmasını sürətləndirməkdir.
“Düzdür Rusiya Ermənistana silahları göndərir. Amma yəqin ki, Sarkisyan Putindən yeni silahların verilməsini xahiş edəcək. Həmçinin rəsmi İrəvan Rusiyanın Azərbaycana silah satmasından narahat olduğunu deyir. Sarkisyan Putindən Azərbaycana silah satışının dayandırılmasını tələb edə bilər. Rusiyanın bu tələbi yerinə yetirməsi real görünmür. Rəsmi Moskva hər iki tərəfə hərbi - texnika satmaqla balans yaratmaq istəyir”,-deyə politoloq bildirdi.
Qabil Hüseynli qeyd etdi ki, Azərbaycanın regiondakı son siyasi gedişləri də Ermənistan rəhbərliyini ciddi narahat edir. “Ona görə də səfər zamanı İran qazının Ermənistan ərazisindən ixracında rəsmi Tehranın mövqeyi də müzakirə oluna bilər. Çünki İlham Əliyevin İran səfəri və Azərbaycanın Gürcüstanla bağladığı yeni qaz müqaviləsi Ermənistanın enerji dəhlizinə çevrilmə planları pozulur. Bu isə Ermənistanın blokada vəziyyətini dərinləşdirir. Ola bilsin ki, Ermənistan Türkiyəni bəhanə edərək öz strateji mövqeyindən alver vasitəsi kimi istifadə edəcək. Yəqin ki, Putin və Sarkisyan görüşündə bu problemlərdən çıxış yolları axtarılacaq”,-deyə Qabil Hüseynli bildirdi.
Sarkisyan sonuncu dəfə işgüzar səfərlə Moskvaya sentyabr ayında gedib. Rusiya prezidenti Vladimir Putin Sarkisyanı Moskva yaxınlığındakı Novo-Oqaryovo iqamətgahında qəbul etmişdi. Həmin səfər zamanı qazın qiymətində endirimlərin edilməsi, Azərbaycan və Ermənistan cəbhə xəttində atəşkəsin pozulması, Ermənistana 200 milyon kreditinin verilməsi, Ermənistanda atom stansiyasının modernləşdirilməsi məsələləri Sarkisyan və Putin arasında əsas müzakirə mövzusu olmuşdu.
Sarkisyanın son səfəri səfəri Türkiyə - Rusiya gərginliyindən və İran - ABŞ dostlaşmasından əvvəlki dövrə təsadüf edirdi. Ona görə də həmin vaxt müzakirə mövzuları fərqli idi. İndi Ermənistan regiondakı siyasi proseslərdən öz xeyrinə istifadə etmək istəyir. Amma rəsmi İrəvanın bu siyasətinin dalana dirəndiyi görünür. Çünki Azərbaycan Gürcüstan və İranla həm nəqliyyat, həm də enerji sahəsində razılıq əldə edib. Bununla da Ermənistan enerji və nəqliyyat dəhlizinə çevrilmə şanslarını itirir. Həmçinin Azərbaycanın Rusiya ilə hərbi – texniki əməkdaşlığı davam edir. Sarkisyan istəsə də Putin Azərbaycana silah satmaqdan imtna etməz. Çünki Rusiya hərbi sənayedən neftin yaratdığı maliyyə boşluğunu doldurmağa çalışır. Yəqin ki, Sarkisyan bu səfərindən əliboş qaydacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi