azia.az
azia.az

Hikmət Oğuz: “ İstərəm ki, yüzilliklər keçdikdən sonra belə, insanların yaddaşlarında nümünəvi yaradıcı şəxs olaraq anılım”...

Bu gün, 07:26


      Müsahibim, çoxlarının tanıdığı istedadlı müğənni, eyni zamanda musiqi müəllimi olaraq çalışan və sənətkar ailəsində doğulub, seçdiyi incə sənətin incilərini aşılayan Hikmət Oğuzdur.

  1. Özünüzü oxucularımıza təqdim edərdiniz.
  2. Şablon olsa da, ilk öncə yaradıclığımın ta uşaqlıq illərinə təsadüf etdiyini ürəklə qeyd edə bilərəm. Hələ 4 yaşımda idim (gülür), İbrahim Tatlısəsin “Haydı söylə” məşhur mahnısını bağçada mənə şirni mükafatı müqabilində ifa etdirdilər. Birinci sinifdən başlayan musiqili çıxışlarım on birinci sinifə qədər davam etdi. Rayon tədbirlərində, müsabiqələrdə, rayon konsert proqramlarında aktiv iştirak etməyə başladım; on birinci sinfi bitirəndə, musiqi məktəbində saz üzrə ifaçılıq bölümünü bitirdim.  2004- cü ilin sentyabr ayında Şəki musiqi kollecinə daxil olmuşam (o zaman texnikum idi). 2005- ci ildən 2006- cı ilə qədər davam edən əsgəri hərbi xidmətimdən sonra, musiqi kollecimi davam etdirmişəm və sözügedən kolleci 2009- cu ildə bitirmişəm. 2012- ci ildən musiqi məktəbində müəllim vəzifəsində çalışıram; 13 illik pedaqoji fəliyyətimdə tələbələrim müxtəlif respublika müsabiqələrində qalib adına layiq görülüblər. 
  3. Bildiyimiz təqdirdə, valideyniniz Mirhəmməd Malıyev  də ifaçıdır. Musiqi karyeranızda sizə dəstək olubmu? 
  4. Atam mənə toy idarəçiliyinin sirrlərini aşılamaqda yaxından dəstək olub. 2008- ci ilə qədər mən toyların idarəsini atamla birgə həyata keçirirdim, lakin, sonradan öz şəxsi ansamblımı yaratdım və artıq fərdi fəaliyyətimlə el şənliklərində ifalarımı davam etdirdim. 
  5. Ümümiyyətlə toylarda daha çox yer alan mahnılar hansılardı?
  6. İstəkdən asılı olaraq və zövgə görə ifalar da müxtəlif olur; ziyafətlərimizdə klassik- retro stilindən tutmuş estrada janrına qədər fərqli- fərqli musiqilər siariş olunur. 
  7. Hansı müğənnilərin ifaları sizdən daha çox istənilir? 
  8. Rəhmətlik Məmmədbağır Bağırzadənin ifasından tutmuş, Niyaməddin Musayevin ifalarına qədər, eləcə də, Qədir Qızılsəsin və digər populyar müğənnilərin ifaları istənilir. Lakin, bölgələrə görə zövqlər dəyişilir. İstənilən halda, təbəqənin də təsiri böyükdür. 
  9. Bu sahənin çətinliklərindən bezdiyiniz anlar olubmu?
  10. Qətiyyən olmayıb. Hara getdiyimdən asılı olmayaraq, daima hörmətlə qarşılanmışam. 
  11. Bir çox kanallarda tərəfinizdən ifa olunan “Qadın” mahnısı çox populyardır. Bu əsərin ərsəyə gəlməsindən danışardınız.
  12. Açığı, bu mahnını acığa düşüb yazdım (gülür). Çox qəribə bir halla üzləşdim; özüm- özümə qəzəbləndim ki, sən necə musiqiçisən ki, 37 yaşına qədər bir mahnı da bəstələməmisən?

         Tik- tok platformasından mənimlə tanışlıq yaradan bir şair dostum var; Elşad Əsəd, onun yazdığı sözlər əsasında gecənin bir aləmi gözəl musiqi gəldi beynimə və mən dərhal melodiyanı qeyd etdim. “Qadın” mahnısı həqiqətən də çox sevildi, Mingəçevir rayonunda çəkdiyimiz ailə- dram üslübünda klipimiz isə tamaşaçılar tərəfindən biganə qarşılanmadı. 

   Bir maraqlı faktı da sizlər üçün qeyd edim; “Qadın” mahnısının bəstəsindən sonra, mənə sanki stimul gəldi və mən, nə az nə çox, ard- arda düz 15 mahnı bəstələdim. 

    Ümumiyyətlə, lirik janrda mahnılar ifa etməyi çox sevirəm. Sözügedən mahnı da lirik üslubdadır və cəmi yarım saata ərsəyə gəldi ki, qısa müddətdə 435 mindən çox baxış, mindən çox rəy aldı; müxtəlif telekanallarda “Qadın” mahnısı ifa olunsa da, radiolar bu mahnını hələ ki, təqdim etmir. Yutubda isə 32 min baxış əldə etdik; halbuki, mahnı ilə bağlı heç bir reklam olunmamışdı. 

  1. Hikmət müəllim hansı yerli və xarici ifaçıları bəyənir?
  2. Rəhmətlik Məmmədbağır Bağırzadənin sənətinə böyük ehtiramım var; Türkiyə estradasından isə Sibel Can və Mahsun Kırmızıgülü bəyənirəm. 
  3. Müasir Azərbaycan estradasında kifayət qədər sevilən müğənnilər var. Hansı ifaçılara daha çox önəm verirsiniz?
  4. Estradamızda yaxşı oxuyanlar çoxdur; amma (gülür), onların hamısının fonoqrammaları daha yaxşıdır; səs barədə ümumiyyətlə danışıq gedə bilməz. Təbii ki, hamısı oxuyur, öz üzərilərində çalışırlar; amma sırf səsini dinləyib feyziyab olduğum müasir ifaçı yoxdur.
  5. Sizin Könül Xasiyevanın Heydər Əliyev sarayında verdiyi könsertdə çıxış etdiyiniz barədə məlumatlıyıq; bu karyeranıza yazılan tarixi addım barədə danışardınız; necə baş verdi ki, siz birdən birdə bu cür böyük korifeylə eyni səhnəni çiyin- çiyinə paylaşdınız?
  6. Könül xanım böyük sənətkardır və ilk olaraq, mənim valideynimin sənətinə dəyər vermişdi. Daha sonra, mənim ifalarımı bəyənən Könül xanım, konsertində ifa etməyimi istədi. Əlbətdə ki, bu cür korifey ifaçının istəyi mənim üçün fəxr olunacaq bir addım idi. Sözügedən konsert xatirimdə xoş və silinməz izlər buraxdı.
  7. Xatirələr barədə qeyd etdiniz; toy abu- havasında baş verən ən yadda qalan hadisə sizin üçün hansı hesab edilir? 
  8. Mənim üçün ən yadda qalan hadisə idarə etdiyim toyların birində həyat yoldaşım Şəms xanımla qarşılaşmağım idi. Məsələnin maraqlı tərəfi bundan ibarətdir ki, nə həyat yoldaşım, nə də mən- sözügedən toya getməyi düşünmürdük, amma məni də, onu da zorla toya gətirdilər və biz həmin toyda tanış olaraq, sonradan ailə qurduq. Bu mənim həyatımda toy sistemi ilə bağlı əsas və sevincli dönəmlərdən biri idi (gülür).
  9. Övladlarınızdan musiqi karyerası arxasınca gedənləri var mı?
  10. Oğlum Vüsal -13 yaşındadır və qarmon üzrə musiqi məktəbinə gedir, 9 yaşlı Pəri qızım isə skripka üzrə musiqi məktəbinin tələbəsidir. Uşaqlarımın əsas marağı dəqiq fənlərə olduğundan, onların peşəkar musiqiçi olmaqlarını düşünmürəm. Oğlum informatika olimpiadasında respublika üzrə finala vəsiqə almış uşaqdır ki, bu istiqamətdə gələcəyinə çox ümidliyəm.
  11.   Sizin ən böyük arzunuz nədir?
  12. Mən fərqli düşüncəli, yaradıcı şəxs olaraq, daima mahnılarımda, kliplərimdə nümunəvi obrazlar canlandırmağa çalışmışam. Çox istəyirəm ki, yüzillilər sonra belə, mənim adım yaradıcı, nümunəvi şəxslər arasında böyük ehtiramla anılsın. Biz insanlar bu dünyadan gəlib keçirik və yalnız yaxşılığımız və daxili dəyərlərimiz bizi yaddaqalan edir. 

  Əsas missiyam- doğma yurdum Oğuzu layiqincə tanıtdırmaqdır. Məhz ona görə də, Oğuz adını özümə ləqəb götürmüşəm.  

  1. Kliplərinizin bir çoxlarında ailə- dram məsələləri rol alır. Amma bir sual çoxları üçün də maraqlı olar: minlərcə baxışla izlənilən “Səni sevirəm” mahnısına çəkilən klipdə yaraşıqlı tərəf müqabili olan xanım da yer alır. Bu cür hallar ailənizdə qısqanclıqla qarşılanmır ki?
  2. Qətiyyən. Həttda, inandırım sizi ki, bu mahnıya klipin ssenarisini məhz yoldaşımla bərabər yazmışdıq ki, rejissor tərəfindən də çox bəyənildi. Üstəgəl, tərəf müqabilim həm də ifaçı sənət yoldaşım, illərlə tanıdığım istedalı müğənni- aktrisa Aida xanım Ziyadxanlıdır ki, burada da özümə və ailəmə qarşı hansısa nöqsan yarada biləcək bir hal görmürəm. Ümumiyyətlə, bir həqiqəti vurğulayım ki, insan üçün zərərli nə varsa, mən və ailəm o cür vərdişlərdən uzaq olmağa çalışırıq. Mən hesab edirəm ki, əsl insan- xoş əməlləri və layiqli rəfdarı ilə hörmət qazana bilər. Başqa cür bu mümkün deyil!

    Sizə bir faktı açıqlayacam; sosial şəbəkələrdən tanıdığım fanatım var; Firuzə müəllimə. O, təqaüddə olan yaşlı bir qadındır və mənim sənətimə hədsiz böyük dəyər verir. “Qadın” mahnısını dinlədikdən sonra, Firuzə müəllimə, özü kimi yaradıcılığıma qiymət verən 60 xanımı toplayaraq, ard- arda Mədəniyyət nazirliyinə məktublar ünvanlayıb. 

  Məktubda mənim istedadlı olmağımı qeyd edən dinləyicilərim, daha da populyar və tanınmış olmağım üçün, nazirlik nümayəndələrindən dəstək istəyiblər. Əlbəttə ki, bu fakt məni çox qəhərləndirdi. Tamaşaçı sevgisi və tamaşaçı izdihamını heç bir pul, heç bir var- dövlətlə əldə etmək mümkün deyil. Məni düşünən və mənim yüksəlişim üçün əlindən gələni əsirgəməyən fanatlarıma dərin təşəkkürümü bildirir: “yaxşı ki, varsınız”,- deyirəm!  

 

Aynur Nurlu       


 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi