MEK-də akademik Mustafa bəy Topçubaşovun 130 illiyinə həsr olunmuş sərgi
MEK-in ictimaiyyətlə əlaqələr şöbəsindən Azia.az-a verilən məlumata görə, Prezidenti İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi keçirilib. Sərgi Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanasının və Mərkəzi Elmi Kitabxananın birgə təşkilatçılığı ilə baş tutub.
Burada hər iki kitabxananın fondlarından M.Topçubaşovun kitabları, topluları, elmi məqalələri, ona həsr olunmuş nəşrlər, biblioqrafik vəsaitlər, eləcə də Azərbaycan Təbabəti Muzeyində saxlanılan orden və medalları, vəsiqə və diplomları, şəxsi portreti nümayiş etdirilib.
Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov çıxışında qeyd edib ki, ötən günlərdə AMEA Rəyasət Heyətində akademik Mustafa bəy Topçubaşovun xatirəsinə həsr olunmuş yubiley tədbiri keçirilib. Onun sözlərinə görə, bu sərgi həmin tədbirin davamıdır. Direktor qeyd edib ki, sərgidə nümayiş etdirilən və MEK fondlarında mövcud olmayan nəşrlər yaxın zamanda elektronlaşdırılaraq oxucuların istifadəsinə veriləcək.
Respublika Dövlət Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva Mərkəzi Elmi Kitabxanada belə bir tədbirin keçirilməsindən məmnunluğunu ifadə edərək, birgə layihənin gerçəkləşdirilməsində əməyi olan hər kəsə, xüsusən də MEK rəhbərliyinə təşəkkürünü bildirib. O, çıxışında akademikin son biblioqrafik göstəricisinin hazırlanmasında MEK-in elektron resurslarından geniş yararlandıqlarını vurğulayıb və kitabxanalararası əməkdaşlığın oxuculara və tədqiqatçılara təqdim olunan imkanları daha da genişləndirdiyini qeyd edib.
Azərbaycan Təbabəti Muzeyinin direktoru Sevinc Maniyeva isə çıxışında M.Topçubaşovun Azərbaycan tibb elminin və maarifçiliyinin inkişafındakı xidmətlərindən, dünya tibb elminə gətirdiyi yeniliklərdən danışaraq onun adının və fəaliyyətinin yeni nəsillər üçün əsl örnək olduğunu bildirib.
Çıxışlardan sonra qonaqlar və oxucular sərgiyə baxış keçiriblər. Daha sonra kitabxana ilə yaxından tanış olan qonaqlara MEK-in oxucu kartları təqdim olunub.