Uşaq evində böyüyən, heç vaxt ailə qurmayan, tələbələrinin evində yaşayan Teymur Əmrah
Azia.az Kulis.az-a istinadən müğənni, Əməkdar artis Teymur Əmrah haqqında maraqlı faktları təqdim edir.
Teymur Həşim oğlu Əmrahov 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə Şəhər Uşaq yaradıcılıq Evində dərs alıb. Sənətə böyük həvəsinin, gözəl səsinin olduğunu görən müəllimləri ona dəstək olub, təhsilini davam etdirməsinə yardım ediblər.
***
İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Əmirov olub.
1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən teatr və kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb.
***
Teymur Əmrah Gəncədəki uşaq evlərinin birində böyüyüb. Onun uşaq evinə düşməyinin faciəvi səbəbləri olsa da, bu barədə ona sual verilən zaman bu sözləri deyib:
"Bu barədə danışan kəsi, yazan jurnalisti qətlə yetirib həbsxanaya düşə bilərəm. Mənim faciəmdə utanılası bir şey yoxdur, amma böyük faciə baş vermişdi. Bu barədə nəinki danışmaq, heç xatırlamaq belə istəmirəm..."
Müğənni heç vaxt ailə qurmayıb. Ətrafında xanımlar olsa da, onun ailə qurmaması bu günə qədər hər kəsdə maraq oyadır. Həmkarı Elza Seyidcahan müsahibələrinin birində Teymurun onun bacısına aşiq olduğunu qeyd edir:
"Bacım o zaman Azər Zeynalov, Azərin, Teymur Əmrah, Fuad Dadaşovla bir qrupda oxuyub. Teymur Əmrah Rasiməni çox sevirdi. Çox istəyirdi Rasimə ilə evlənmək, o, bəyənmədi".
***
Teymurun digər həmkarı Gülyaz Məmmədova da müğənninin onunla ailə qurmaq istədiyini qeyd edir:
"O vaxt mənə demişdi ki, Gülü gəl evlənək. Sonra birdən dedi ki, o nədir? Qırmızıbaş kimdir? Dedim ki, oğlum. Məni subay bilirdi. Mənimlə evlənmək istəyirdi. Amma mənim də ailə qurmaq fikrim yox idi".
Teymur Əmrah tez-tez həmkarları ilə qalmaqal yaşayan müğənnilər siyahısında olub. Onun Flora Kərimova, Baloğlan Əşrəfovla mübahisələri uzun zaman gündəmdən düşməyib. Müğənni Baloğlan Əşrəfovun musiqilərini zövqsüz hesab etdiyini deyəndən sonra Baloğlan Əşrəfov onun haqqında belə deyib:
"Teymurdu da danışır. Əgər xalqın 70 faizi məni dəstəkləyirsə, deməli, sevilirəm. Bu, Allahın qismətidir, Baloğlana verilən nemətdir. 70 faizin özü böyük şeydi. Prezident seçkilərində də qalib 70 faiz səs toplayır. Azərbaycan dinləyicilərinin 70 faizi mənə aiddirsə, burada pis nə var. Allah Teymur Əmraha heç olmasa, 20 faiz dinləyici qismət eləsin. Qoy, Allah onu da sevdirsin. Zövqsüzlük ittihamlara gəlincə, Teymur Əmrah zərrə qədər məni maraqlandırmır. Nə deyir, özü bilər. Ona xatırladıram ki, bir vaxtlar mənə nəyə görə yalvarıb, məndən nə istəyib, nə alıb ona vermişəm. Onları onun yadına salsam, ona baha başa gələr".
Müğənni "Sən yadıma düşəndə", "Gecələr bulaq başı", "Əlvida", "Nərdivan", "Ötəri dünya", "Gəl, barışaq", "Çiçək yağışı" kimi mahnıları özünə məxsus şəkildə ifa edib.
***
Pedaqoji fəaliyyətlə məşğul olan xanəndə Samir Cəfərov, Samir Piriyev, Ayaz Qasımov, Elton Hüseynəliyev və Pərvin Lətifov kimi məşhur müğənnilərin müəllimi olub. Uzun zaman evi olmayan müğənni müxtəlif vaxtlarda günlərlə tələbələrinin evində qaldığını, onların ona maddi baxımdan dəstək olduğunu etiraf edib.
Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs demişdir. 20 il Azərbaycan Dövlət Mahnı Teatrında Solist kimi fəaliyyət göstərmişdir.
***
2020-ci ildə Heydər Əliyev adına Sarayda "Bu dünya bir nərdivandı" adlı solo konserti keçirilən Teymur Əmrah hazırda Azərbaycan Televiziyası və Radiosunun solistidir. O, 2012-ci ildə Əməkdar artist adına layiq görülüb.